“Ermənistan müharibədən qorxur” Layihə

“Ermənistan müharibədən qorxur”

Elxan Şahinoğlu: “Ölüm halları Paşinyanın mövqelərini zəiflədəcək”

“2019-cu ildə Dağlıq Qarabağ danışıqlarında irəriləyiş olmadı. Prezident İlham Əliyev 2019-cu ili itirilmiş il kimi qiymətləndirdi. Prezident haqlıdır. Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsini həll etməyə hazır deyil. O münaqişənin həllində güzəştə getməyəcək. Əksinə, Paşinyan “Qarabağ Ermənistandır” deməklə vəziyyəti daha da gərginləşdirib. Əlbəttə, Prezidentlər 2020-ci ildə də müxtəlif platformlarda görüşə bilər. Ancaq bu görüşlərdən nəticə çıxmayacaq. Belə olan halda cəbhə bölgəsində vəziyyət gərginləşəcək, atəşkəs pozulacaq”.
Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu danışıqlar prosesi ilə son dövrlərdə baş verənləri dəyərləndirərkən apararkən deyib. O, əlavə edib ki, buna baxmayaraq, bu il müharibənin başlanacağı ehtimalı azdır: “Ermənistan müharibədən qorxur. Çünki Dağlıq Qarabağda erməni gənclər qulluq edirlər. Onlar arasında ölüm halları Paşinyanın mövqelərini zəiflədəcək. Rəsmi Bakı cəbhə bölgəsində itkilərdən ehtiyat etmir. Ancaq rəsmi Bakı böyük regional layihələr reallaşdırır. Müharibə həmin layihələrə təhlükə yarada bilər. Digər tərəfdən Azərbaycan ordusu torpaqları azad etmək üçün müharibəyə başlayarsa böyük dövlətlər, o cümlədən Kreml Bakıya təzyiq edəcək və bununla iki ölkə arasındakı indiki yaxşı münasibətlərdə problemlər yaranacaq. Rəsmi Bakı isə bunu istəmir.
Bəs rəsmi Bakı 2020-ci ildə hansı taktikaya üstünlük verəcək? Rəsmi Bakı 2020-ci ildə müharibəyə başlamasa da, iki üsuldan istifadə etməkdə davam edəcək.
Birinci vasitə. Rəsmi Bakı Azərbaycan ordusuna yeni hərbi texnika alacaq. Azərbaycan hərbi texnikanı müxtəlif ölkələrdən, o cümlədən Rusiya, Türkiyə və Pakistandan alacaq. Bu Ermənistanı da hərbi texnika almağa vadar edəcək. Ancaq Ermənistanın hərbi texnika almaq üçün pulu yoxdur. Buna baxmayaraq, Ermənistan Azərbaycandan geri qalmamaq üçün hərbi texnika əldə etməyə və ya həmin texnikanı kreditlə almağa çalışacaq. Yəni rəsmi Bakı İrəvanı hərbi texnika almağa vadar edəcək. Belə olan halda Ermənistan iqtisadiyyatında maliyyə çatışmazlığı yaşanacaq. Rəsmi Bakıya elə bu lazımdır.
İkinci vasitə. Azərbaycan ordusu 2016-cı ildə əks-hücuma keçərək bəzi əraziləri azad etdi. Nəticədə Ermənistan ordusunda itkilər oldu. Daha sonra Azərbaycan ordusu Naxçıvan iqtiqamətində və sərhəd – Qazaxda irəlilədi və neytral zonalar üzərində nəzarəti ələ keçirdi. Rəsmi Bakı bu taktikanı bu il də davam etdirəcək”.
Ekspert əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndən bir fikri az qala hər ay təkrarlayır: “Dağlıq Qarabağ münaqişəsinin həlli Dağlıq Qarabağın, Ermənistanın və Azərbaycanın maraqlarına uyğun olmalıdır”. Onun sözlərinə görə, Paşinyan bu açıqlama ilə demək istəyir ki, Ermənistanın keçmiş rəhbərləri Azərbaycanın adını çəkmirdilər, “mən isə deyirəm ki, həll yolu həm də Azərbaycanın maraqlarına uyğun olmalıdır”. Paşinyan bu sözlərlə guya Azərbaycana və beynəlxalq aləmə güzəştə getdiyini göstərmək istəyir: “Məsələ burasındadır ki, Paşinyan cümləsinin əvvəlində deyir ki, münaqişənin həlli Dağlıq Qarabağın maraqlarına uyğun olmalıdır, yəni separatçıların maraqlarına uyğun olmalıdır, “müstəqillik” ideyası tanınmalıdır. İrəvan “müstəqillik” deyir, Azərbaycan isə “geniş muxtariyyət” deyir. İkisi arasında ortaq formul yoxdur.
Paşinyanın açıqlamasına elə öz ölkəsindəki rəqiblərindən də cavab gəlib. Ermənistanın keçmiş baş naziri, vaxtilə müxalifətin əsas fiqurlarından sayılan Vazgen Manukyan Ermənistanın baş nazirinin sözlərində yeni heç nə olmadığını deyib: “Keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçov da Paşinyan kimi deyirdi ki, münaqişənin həlli Dağlıq Qarabağın, Ermənistanın və Azərbaycanın maraqlarına uyğun olmalıdır. Bunlar sadəcə gözəl sözlərdir. Ancaq bu sözlərdə siyasi yük yoxdur”.
Prezident İlham Əliyevin alman faşistlərinin tapşırıqlarını yerinə yetirən, qətliamlar törədən erməni Qaregin Njde mövzusunu gündəmdə saxlaması Paşinyanın problemlərini artırıb. Paşinyan son mətbuat konfranslarından birində rusiyalı jurnalistin Qaregin Njde ilə bağlı sualına belə cavab verib: “Rusiya-Ermənistan münasibətlərində əvvəllər Qaregin Njde mövzusu yox idi. Bu məsələni daima Azərbaycan qaldırır. Ona görə də eyni məsələni Rusiya gündəmə gətirəndə təəccübləndik”. Paşinyan yenə yalan danışaraq dedi ki, guya Njde yalnız türklərə qarşı savaşıb, Ermənistanın müstəqlliyini istəyib.
Belə olan halda rusiyalı jurnalist sualını davam etdirib: “Bəlkə Njdenin keçmişini araşdırmaq üçün ortaq komissiya yaradaq?” Bu sual da Paşinyanın əsəblərinə toxunub və Ermənistanın baş naziri belə cavab verib: “Ermənistanın tarixiylə bağlı niyə ortaq komissiya yaratmalıyıq? Deyirsiniz ki, Njde faşistlərlə əməkdaşlıq edib. Bəlkə də edib. Ancaq SSRİ-nin keçmiş xarici işlər naziri Molotov da almanlarla pakt imzalayıb. Onda gəlin Molotovala bağlı da komissiya yaradaq”.
Paşinyan budəfəki cavabında Njdenin faşistlərlə əməkdaşlığını faktiki etiraf edib. Ancaq cavabında Rusiyanı da ittiham edib. Birincisi, o deyib ki, Rusiya Ermənistanın daxili işinə qarışmasın, ikincisi, Paşinyan sovet diplomatı Molotovu faşistlərlə əməkdaşlıqda ittiham edib.
Molotov həqiqətən Hitler Almaniyası ilə İkinci Dünya Müharibəsi ərəfəsində saziş imzalayıb. O, SSRİ-nin rəhbəri Stalinin təlimatını yerinə yetirib. Bu sazişə görə, Almaniya və SSRİ bir-birlərinə hücum etməməliydilər. Sazişin gizli hissəsi də var idi. Faşist Almaniyası və kommunist SSRİ Polşanı öz aralarında böləcəkdilər. Yəni iki diktator Adolf Hitler və İosif Stalin Avropanı aralarında bölməyə çalışırdılar. Polşanı 1939-cu ildə böldülər. Ancaq Hitler imzasına xələf çıxdı və iki il sonra SSRİ-yə hücum etdi. Bəşəriyyət Stalinin necə diktator olduğunu bilir və Stalinin Hitlerlə imzaladığı sazişə də qiymət verib. Ancaq bəşəriyyət hələ Ermənistanda abidəsi ucaldılan faşistin qəhrəmanlaşdırılmasına qiymət verməyib.
Paşinyan deyir ki, Njde məsələsində Rusiya bizim işimizə qarışmasın. Problem ondadır ki, ermənilər Rusiyada Njdenin xatirə lövhələrini yerləşdirirlər. İkinci Dünya müharibəsindən ən çox əziyyət çəkən və öldürülən məhz ruslar olub. Ona görə də ruslar bir faşistin Rusya ərazisində qəhrəmanlaşdırılmasına seyrçi qalmırlar. Rusiyada Azərbaycan prezidentinin çağırışlarına müsbət reaksiya verənlər az deyil və Njde məsələsini onlar gündəmə gətirirlər”.
Azərbaycanla Ermənistan arasında xalq diplomatiyasını da şərh edən politoloq bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu ilin əvvəlində Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərini görüşdürmüşdü: “Bu görüşdə qərara alınmışdı ki, Azərbaycan və Ermənistan cəmiyyətləri arasında dialoq başlasın. Bundan başqa, jurnalistlərin qarşılıqlı səfərləri də razılaşdırıldı.
Buna baxmayaraq, bir müddət bu razılaşmadan xəbər çıxmadı. Noyabrın sonunda xəbər yayıldı ki, üç azərbaycanlı jurnalist Ermənistan və Dağlıq Qarabağda, üç erməni jurnalist isə Azərbaycanda olublar. Bu səfərlər son günədək gizli saxlanıldı və noyabrın 17-21-də həyata keçirildi. Rəsmi Bakı bu səfər barədə məlumat vermirdi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi də jurnalistlərin suallarına cavab olaraq jurnalistlərin səfəri barədə məlumatı olmadığını bildirmişdi. Ancaq bunun doğru olmadığını şübhəsi var idi. Belə olan halda rəsmi Bakı niyə səfər haqqında geniş məlumat vermirdi?
Jurnalistlərin səfəri Lavrovun təklifidir. Rəsmi Bakı bu cür səfərlərin münaqişənin həllinə təsir etmədiyini bildirir. Azərbaycan cəmiyyətinin böyük hissəsi də belə düşünür. Ancaq bu təklif Moskvanın təklifi olduğu üçün rəsmi Bakı Ermənistana və Dağlıq Qarabağa üç jurnalist göndərmək məcburiyyətində qaldı. Əgər jurnalistlərin səfəri son ana qədər sirr saxlanılırsa, bu cür səfərlər münaqişənin həllinə necə müsbət təsir göstərə bilər?
Azərbaycanlı və erməni jurnalistlər 1990-cı illərdə də belə qarşılıqlı səfərlər ediblər. Müxtəlif ölkələrdə azərbaycanlı və erməni jurnalistlər və ekspertlər görüşüblər, müzakirələr aparıblar. Ancaq bunun münaqişənin həllinə müsbət təsiri olmayıb. Çünki, münaqişənin həllinə siyasətçilər qərar verəcəklər. Sülh sazişi imzalandıqdan sonra qarşılıqlı səfərlər müsbət rol oynayacaq. Hazırki vəziyyətdə isə gizli olan bu səfərlərin nəticəsi olmayacaq.
Buna baxmayaraq, vətəndaş cəmiyyəti nümayəndələrinin və jurnalistlərin səfərləri bundan sonra davam edə bilər. Müharibə risqdir. İki xalq arasında düşmənçilik heç kimin xeyrinə deyil. Ancaq bu düşmənçiliyin ortadan qaldırılması üçün ilk addım atılmalı, Dağlıq Qarabağ ətrafındakı bir neçə rayon boşaldılmalıdır. Yəni Ermənistan hakimiyyəti xoş niyyət ortaya qoyarsa, Azərbaycan da qarşılıqlı addım atacaq. Ancaq bu addımlar atılmayana qədər iki xalq barışa bilməyəcək və bölgədə müharibə risqi yüksək olacaq”.
Əli