Paşinyan sadəcə, ifadələrlə söz oyunu aparır” Layihə

Paşinyan sadəcə, ifadələrlə söz oyunu aparır”

Politoloq: “Əməldə isə devirdiyi və həbs etdirdiyi keçmiş liderlərin işğalçılıq siyasətini var gücüylə davam etdirir”

Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramına üzv ölkələrin onlayn konfransında Ermənistan baş naziri Nikol Paşinyan yenə də təxribata cəhd etdi. Bu, onu göstərir ki, rəsmi İrəvan konstruktiv mövqedən uzaq olması ilə yanaşı, təxribatçı addımlardan da çəkinməyəcək. Onu da əlavə edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, iyunun sonuna qədər münaqişə tərəflərinin onlayn müzakirələr aparacağı istisna deyil. Zaxarova deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri daima təmasdadırlar və onlayn rejimdə müzakirə aparırlar. Onun sözlərinə görə, postkoronavirus dövründə üz-üzə görüşlər həyata keçiriləcək.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politioloq Elxan Şahinoğlu bildirib ki, Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramına üzv ölkələrin onlayn konfransı Ermənistan baş naziri Nikol Paşinyanın növbəti təxribat çəhdi ilə yadda qaldı. Onun sözlərinə görə, Ramil Səfərovun Azərbaycan bayrağını aşağılayan erməni zabitini Macarıstanda cəzalandırması hadisəsi ermənilərin yaddaşına elə həkk olunub ki, bu hadisəni harda gəldi özlərinə uyğun şəkildə səsləndirirlər: “Paşinyan məlum hadisəni bu dəfə də onlayn konfransda xatırladaraq Avropadan dəstək almağa çalışdı. Ancaq yenə alınmadı. Çünki Azərbaycan prezidentinin vaxtilə Parisin Orli hava limanında partlayış törədən və günahsız fransalıların da ölümünə səbəb olan erməni terrorçunun Ermənistana ekstradisiya edilərək qəhrəman kimi qarşılanması olayını xatırlatması məsələyə nöqtə qoydu.
Nikol Paşinyan bu mövzuda üstünlük qazanmayacağını anlayaraq keçdi Qarabağ mövzusuna və özünün illərdir təkrarladığı fikri yenə səsləndirdi: “Dağlıq Qarabağ münaqişəsinin həlli Arsax, Ermənistan və Azərbaycan xalqlarının maraqlarına uyğun olmalıdır”. Paşinyan eyni cümləni bir gün əvvəl, yəni iyunun 17-də parlamentdəki çıxışı zamanı dilə gətirmişdi.
Paşinyan bu cümləni hakimiyyətə gələndən bu yana təkrarlayır. O, düşünür ki, cümləsinə “Azərbaycanın da maraqları nəzərə alınmalıdır” sözlərini əlavə etməklə guya güzəştə gedir və bu cümləsiylə o, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqelərindən fərqlənir. Əlbəttə, Köçəryan və Sərkisyan Paşinyan kimi “münaqişənin həlli Azərbaycan xalqının da maraqlarına cavab verməlidir” fikrini işlətməyiblər. Ancaq problem ondadır ki, işğal məsələsində Paşinyan Köçəryan və Sərkisyandan geri qalmır və bəlkə də onlardan daha irəlidədir.
Paşinyanın işğal altındakı Şuşada “andiçmə” mərasimi təşkil etməsi, işğal altındakı bölgələri məsşkunlaşdırması və Dağlıq Qarabağa işğal altındakı rayonlarımız üzərindən üçüncü yol çəkməsi təxribatların davamlı şəkil almasının bariz nümunəsidir. Bütün bunlar Azərbaycanın əleyhinədir. Ona görə də Paşinyanın “münaqişənin həlli Azərbaycanın maraqlarına cavab verməlidir” sözləri onun əməli ilə tərs mütənasibdir. Paşinyan sadəcə, ifadələrlə söz oyunu aparır, əməldə isə devirdiyi və həbs etdirdiyi keçmiş liderlərin işğalçılıq siyasətini var gücüylə davam etdirir.
Nikol Paşinyan parlamentdəki çıxışı zamanı Azərbaycanda müharibə çağırışlarından narahat olduğunu da vurğulayıb. Görəsən Paşinyan Azərbaycandan ayrı nə gözləyir ki? Azərbaycan işğal altında olan torpaqlarında Paşinyanın separatçılarla birgə təxribatlarına seyrçimi qalmalıdır? Torpaqları işğal altında olan dövlətin müharibə çağırışları təbiidir və bu çağırışları Ermənistandan başqa kimsə anormal qarşılamır”.
Ekspert əlavə etdi ki, Rusiyanın XİN sözçüsü Mariya Zaxarova iyunun sonuna qədər münaqişə tərəflərinin onlayn müzakirələr aparacağını istisna etməyib: “Zaxarovanın “Azərbaycan və Ermənistan xarici işlər nazirləri daima təmasdadırlar və onlayn rejimdə müzakirə aparırlar və postkoronavirus dövründə üz-üzə görüşlər həyata keçiriləcək”, - açıqlamasında yeni heç nə yoxdur. Əgər illərdir üz-üzə görüşlər nəticə verməyibsə, onlayn müzakirələrdən nə gözləmək olar? Danışıqlar keçmiş illərdə nəticə vermədiyi kimi onlayn rejimdə keçirilən müzakirələrdə də irəriləyiş yoxdur. Zaxarova münaqişənin həllinin sürətləndirilməsi vacibliyi barədə bir kəlmə də deməyib. Onun növbətçi sözlərinin isə əhəmiyyəti yoxdur. Digər tərəfdən Paşinyanın onlayn konfransdakı çıxışı göstərir ki, onun xarici işlər naziri də onlayn konfransda yeni heç nə deməyəcək”.
Politoloq əlavə etdi ki, Nikol Paşinyanın daxildə dərdi artır: “Paşinyanı bir tərəfdən koronavirus pandemiyası çökdürür, digər tərəfdən Ermənistanda “istefa” şüarları artır. Ən gülməlisi odur ki, İrəvan bu vəziyyətdə başqa dövlətdəki ermənilərə kömək edəcəyi barədə bayağı açıqlamalar verir. Məsələ burasındadır ki, Yaxın Şərq dövləti olan Livan ağır iqtisadi böhrana yuvarlanıb. Livanda yaşayan ermənilərin də durumu ağırlaşıb. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakyan parlamentdəki çıxışı zamanı deyib ki, Livandakı ermənilərin ağır vəziyyətinə biganə deyillər. Deputatlardan biri nazirə “Ermənistan Livandakı ermənilərə nə kimi kömək göstərə bilər”, sualını ünvanlayıb. Mntasakyan cavabında ümumi sözlərlə kifayətlənib. Ermənistanın nəyi var ki, Livandakı ermənilərə kömək etsin? Bunun əvəzinə erməni nazir deyib ki, guya Livandakı ermənilərin durumunun ağırlaşmasında Türkiyə maraqlıdır. Bu isə, ermənilərin növbəti cəfəngiyyatıdır.
Nikol Paşinyan və onun hökumət üzvləri Livan erməniləri haqqında düşünərkən həbsdən azad olunan eks-prezident Robert Köçəryanla necə başa gələcəklərini düşünməlidirlər. Apellyasiya məhkəməsi Köçəryanı azad etdi. Paşinyan yenə məhkəmə sisteminə qəzəbləndi. Köçəryanı azad edən hakimlər Paşinyanın təzyiqindən çox Rusiyanın təzyiqindən qorxduqları üçün eks-prezidenti azad etdilər. Hakimlər düşünüblər ki, Paşinyan bu gün var, sabah yoxdur, Köçəryanı dəstəkləyən Rusiya isə daima var. Ona görə də hakimlər Rusiya amili ilə hesablaşdı.
Paşinyan ötən dəfə olduğu kimi Köçəryanı yenə həbsə göndərməyə çalışacaq. Bu alınmasa Köçəryan “Qarabağ klanının” başına keçəcək. “Qarabağ klanı” başsız qalıb. Keçmiş prezident və baş nazir Serj Sərkisyan “Qarabağ klanına” rəhbərlik edə bilmir. O, Köçəryandan zəif fiqurdur. Köçəryan Sərkisyandan fərqli olaraq hakimiyyətini küçədən gələn Paşinyana verməzdi. Köçəryan öz klanını gücləndirməyə və ətrafında yeni qüvvələri toplamağa çalışacaq. Arxasında dostu Rusiya prezidenti Vladimir Putinin də dəstəyini alan Köçəryan Paşinyanı eyni yolla devirməyə çalışacaq”.

“Paşinyanın ixtiyarı öz əlində deyil”

Politoloq Zaur Məmmədov diqqətə çatdırdı ki, bu görüşün nəticə verəcəyi inandırıcı deyil: “Xarici işlər nazirlərinin görüşü müxtəlif məsələlər haqqında ortaq məxrəcə gəlmək üçün müsbət addmdır. Lakin Ermənistan tərəfinin tutduğu mövqe onu göstərir ki, danışıqlarla bağlı İrəvanın mövqeyi Azərbaycanın baxış bucağından tamamilə fərqlidir. Nikol Paşinyanın ixtiyarı öz əlində deyil. Ona görə də onun konstruktiv mövqe nümayiş etdirəcəyini gözləmək olmaz. Rusiya isə hər iki tərəfi qane edəcək uzlaşmada maraqlıdır. Son zamanlar regionda və dünyada ciddi hadisələr baş verir. Bu fonda Rusiya Xarici İşlər Nazirıliyi Azərbaycan və Ermənistanın addımlarını bir qədər daraltmaq üçün yaxın zamanlarda Cənubi Qafqazda daha da aktivləşəcək. Lakin Moskvadan bizim gözləntimiz odur ki, Ermənstana ciddi təsir etsin və münqaişə mərhələli şəkildə öz həllini tapsın. Niokol Paşinyan, Ermənistan müxalifəti və xalqı münaqişənin həll olunmasına hazır deyil. Baxmayaraq ki, münaqişənin həll olunmaması Ermənistanın vəziyyətinin illədir daha da pisləşməsinə səbəb olur. Amma görünən odur ki, onlar üçün prioritet “böyük Ermənistan” nağılıdır. Buna görə də onlar Azərbaycan və Gürcüstanın digər ərzilərini də işğal etmək istəyirlər. Düşünürəm ki, bu il münaqişənin nizamlanması üçün son il ola bilər. Hesab edirəm ki, Cənumi Qafqazda tamamilə dəyişən vəziyyətin şahidi olacağıq”.

“Azərbaycanın atacağı addımlar işğalçı ölkə üçün sarsıdıcı ola bilər”

Politoloq Məhəmməd Əsəsdullazadə isə bildirdi ki, Ermənistan rəhbərliyi Qarabağ münaqişəsinin nizamlanmasında manipulyasiya etməyə çalışır: “Bu istiqamətdə manevrləri Minsk qrupunun həmsədrlərinin dəstəyi ilə reallaşdırır. Əlbəttə ki, Azərbaycan bu vəziyyətlə barışmadığını 2016-ci ildə ortaya qoymuşdu. Hesab edirəm ki, yeni müstəvidə danışıqlar aparılmayacaqsa, İrəvan yayınacaqsa müharibə gündəliyə gəlmiş olacaq. Azərbaycanın atacağı addımlar işğalçı ölkə üçün sarsıdıcı ola bilər. Nikol Paşinyan hakmiyyətə gəldikdən bəri demək olar ki, yalnız quru bəyanatlarla kifayətlənməyərək, daha da irəli gedib Minsk qrupunun həmsədrləri ilə birgə hazırlanmış həll variantlarından imtina edir və yeni, özünə məxsus təkliflər irəli sürür. Bu o deməkdir ki, İrəvanın absurd yanaşmaları 20 ildir ki, aparılan danışıqlardan çıxmaq cəhdidir. Hesab edirəm ki, Paşinyanın bu mövqeyini yalnız təzyiq yolu ilə dəyişmək lazımdır. Aprel ayı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin videokonfrans səviyyədə danışıqları odu. Bundan nə gözlənti oldu? Heç bir şey. Rusiya XİN rəhbəri Mariya Zaxarovanın da açıqlamasını irəliyə deyil, geriyə addım kimi dəyərləndirirəm. Ermənistan bu videokonfransda yenidən danışıqlardan yayınmaq kursunu rəhbər tutaraq substantiv mərhələylə razılaşmayacaq. Belə formatlar yalnız atəşkəsin qorunmasına gətirib çıxarır. Hazırkı gedişlə Ermənistan müharibə ehtimalını yaxınlaşdırır. Azərbaycana son sözü demək qalacaq. Bu da cəbhə xəttində olacaq”.

Əli Zülfüqaroğlu