“Azərbaycanın qazandığı tarixi-strateji qələbənin miqyası böyükdür” Layihə

“Azərbaycanın qazandığı tarixi-strateji qələbənin miqyası böyükdür”

Hikmət Babaoğlu: “Bunu dərk etmək üçün zamana ehtiyac var”

Azərbaycan tam qələbə qazanaraq Qarabağı işğaldan azad edib. Müharibənin bütün mərhələlərində qardaş Trükiyə daim Azərbaycana dəstək verib. Eyni zamanda, mütəmadi olaraq Rusiya ilə danışıqlar aparılıb. Sülh prosesində də Türkiyə və Rusiya əməkdaşlığı ön palana çıxıb.
Deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Azərbaycanın qazandığı tarixi-strateji qələbənin miqyası o qədər böyükdür ki, bunu dərk etmək üçün zamana ehtiyac var: “Qələbə çoxvektorludur – şaquli dərin və üfüqi coğrafi. İkinci görünən tərəfdir, hamımız bunu vizual olaraq aydın görürük ki, torpaqlarımız işğaldan azad edildi. Birinci isə heç də hamımızın görə bilmədiyi dərin qatlardadır. Zamanla üzə çıxdıqca biz onu dərk edəcəyik”.
O qeyd edib ki, məhz dərin qatlarda baş verən hadisələr mənsub olduğumuz geostrateji rayonun gələcəyini təyin edəcək. Onun sözlərinə görə, bu, elə bir gələcək olacaq ki, Azərbaycan-Türkiyə tandemi yeni dünya nizamında diqtə edən güc mərkəzlərindən birinə çevriləcək: “Düşməni və onun havadarlarını pərişan edən, “İrəvan artıq Türkiyənin vilayətidir” deməyə məcbur olanlar da məhz bu strateji dərinlikdən başı çıxanların qurduğu cümlədir. Beləliklə, xalqımızın Vətən müharibəsinin, istiqlal savaşının sonu bizə qalibiyyət və yeni geostrateji status qazandırdı”.
Hikmət Babaoğlu bu tarixi qələbəyə necə gəldiyimizin qısa siyasi xronologiyasını belə izah edib: “Problemin 70 illik fasilədən sonra yenidən aktiv fazaya keçməsi dövrü. Yəni 1920-ci ildən 1988-ci ilədək davam edən mərhələnin bitməsi. 1990-94-cü illər asimmetrik müharibə dövrü və döyüşlərdə Azərbaycanın uduzdurulması. 1994-97-ci illər fəal sülh axtarışları mərhələsi. 1997-2001-ci illər problemin həllinə yaxınlaşmaq mərhələsi. 2001-ci ildə Ki-Uest fiaskosu. 2001-2003-cü illər danışıqların imitasiyası dövrü. 2003-2016-cı illər strateji sükut, yaxud səssiz müharibə dövrü. 2016-2018-ci illər strateji sükut və ya səssiz müharibə dövründə Azərbaycanın müharibə hazırlığının test edilməsi mərhələsi. Aprel döyüşləri və Günnüt əməliyyatı. 2018-2020 iyul tarixləri arasındakı vaxt nəticələrin təhlil edilməsi, çatışmazlıqların qısa müddətdə aradan qaldırılması və hərbi-siyasi və geostrateji zamanın zərgər dəqiqliyi ilə seçilməsi. 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 9-na qədər davam edən 44 günlük müharibə dövrü və tam qələbə, işğalçı Ermənistanın kapitulyasiya aktına qol çəkməsi”.
Hikmət Babaoğunun sözlərinə görə, ancaq müharibələr tarixi göstərir ki, müharibəyə başlamaq nə qədər çətindirsə, onu bitirmək ondan da çətindir: “Üstəlik yaşadığımız mürəkkəb regionda mövcud olan güc balansları kontekstində bunu etmək daha da çətindir. Ancaq Azərbaycan bunu bacardı və hərbi qələbəsini siyasi-diplomatik qələbəsi ilə də taclandırdı”.
Deputat qeyd edib ki, hazırda çox fəal və sürətli post-müharibə mərhələsinə qədəm qoymuşuq və ən çox müzakirə olunan məsələlərdən bir xalqımızın öz doğma torpaqlarında necə və nə vaxt məskunlaşacağı məsələsidir: “Bəzi kommunikasiya və təhlükəsizlik məsələlərinin aparacağı vaxtı çıxmaq şərtilə dərhal bu proses başlayacaq. Yeddi rayonumuzda əhalinin müharibəyə qədər olan demoqrafik strukturu qeyd-şərtsiz bərpa olunacaq, sonradan süni məskunlaşdırma nəticəsində işğal edilmiş ərazilərimizə gətirilənlər sonuncu nəfərinədək və bəyanatda qeyd olunan müddət ərzində təcili olaraq çıxarılacaq. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti adlandırılan ərazilərdə ordumuzun işğaldan azad etdiyi yerlərə əvvəllər yaşamış ermənilər qaytarılmayacaq.
Onlar sadəcə kompakt yaşadıqları bəzi ərazilərdə Azərbaycan vətəndaşlığını qəbul etdikləri və vətəndaşlıqdan irəli gələn vəzifələri və məsuliyyəti yerinə yetirdikləri halda yaşaya biləcəklər. Əks təqdirdə əsla yaşaya bilməyəcəklər”.
Millət vəkili Anar Məmmədov isə deyib ki, 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini “demokratik inqilab”, hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanı “demokratik lider” kimi təqdim etməsinə baxmayaraq, Ermənistan bu gün kriminal şəxslərin, neofaşistlərin yuvasına çevrilib: “Ona görə də hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ölkədə mövcud olan diktatura rejimi mahiyyət etibarilə dəyişməz qalır". Deputatın sözlərinə görə, populist çıxışları ilə tanınan Nikol Paşinyanın hakimiyyətə gəldikdən sonra “demokratiya” adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi hər kəsə məlumdur: "Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları “asfalta uzatmaqla” hədələyir. Heç kim unutmayıb ki, Paşinyan hakimiyyətinin hələ 7-ci ayında siyasi motivlərlə həbsə atılmış Haynews.am saytının məsul əməkdaşı Mger Yegiazaryan aclıq aksiyası keçirərək həbsxanada vəfat etdi, eyni zamanda, ölkədə dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərini tənqid edən, təkzib edən, şübhə altına alan və ya başqa bir şəkildə dəyərdən salan məlumatların dərc edilməsi və yayımlanması qadağan edildi.
Müharibədəki rəzil məğlubiyyətdən sonra isə Paşinyan iqtidarı ölkə daxilində baş qaldıran narazılıq və xalq qəzəbini söndürmək üçün amansız repressiyalara başlayıb. Bu gün müxalifət partiyalarının hökumətin fəaliyyəti ilə bağlı tənqidləri cəmiyyətə “milli xəyanət” kimi təqdim olunur, baş nazirin istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda 10 müxalifət lideri həbs edilib, eyni zamanda müxalifətçilər hərbi vəziyyət zamanı mitinq təşkil etmək və dövlət sirrini açıqlamaqda təqsirləndirilir. Belə tənqidə görə isə, artıq Ermənistanda 1200 avrodan başlayan cərimələr qanuniləşdirilib. Buna görə də bu gün sosial şəbəkə istifadəçiləri və jurnalistlər açıq şəkildə hakimiyyətin özbaşınalığı və cinayətlərini tənqid edə bilmirlər.
Bütün bunların fonunda isə işğalçı ölkədə yaşananlar indi Azərbaycanda olsaydı, Qərb ölkələrində bu barədə bəyanat verməyən heç bir insan hüquq təşkilatı qalmayacaqdı. Ermənistanda hamının gözü qarşısında müxalifətin əzilməsi və sıradan çıxarılması isə Qərbdə susqunluqla qarşılanır. Nədənsə Qərb bu hadisələri görməzdən gəlir. Konkret olaraq özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib. Halbuki, bu, işğalçı ölkədə cərəyan edən heç də ilk belə hadisə deyil. Bu ikili standartlar nə üçündür və bu ədalətsizlik, selektiv münasibət nə vaxta qədər davam edəcək? Prezident İlham Əliyevə feyk məlumatlar əsasında guya Azərbaycanda bir nəfərin sülh tələb etdiyinə görə həbs edilməsi barədə sual verənlər bu gün Ermənistandakı kütləvi həbsləri, təqibləri görməzdən gəlir, heç nə baş verməmiş kimi davranır, bu barədə Paşinyana heç bir sual ünvanlanmırlar? Siyasi məhbusların ölümünə səbəb olan, siyasi rəqibləri həbslər, fiziki məhvetmə ilə aradan götürən, üstəlik də Bərdə, Gəncə terroru ilə günahsız insanları qətlə yetirən Paşinyanın cinayətlərinə necə göz yummaq, bunun əvəzində isə Azərbaycana və onun liderinə qarşı uydurmalar söyləmək olar? Göründüyü kimi, Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun reaksiya vermir, atılan hər bir addımı demokratiyanın vacib elementi kimi təsdiqləyir, hətta dəstək bəyanatları ilə çıxış edirlər. Belə olan təqdirdə isə dünya dövlətlərinin demokratiya anlayışına “fərqli” yanaşmaları təəccüb doğurmaya bilməz. Görünür, onların demokratiyasının fəlsəfəsi cinayətə göz yumub, ona ortaq olmaq deməkdir".
Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, "Qarabağda sülhməramlı qüvvələrinin yerləşdirilməsi və statusla bağlı Ankara və Moskva arasında fikir ayrılıqları var. Türkiyə təkcə monitorinqlə deyil, sülhməramlı qüvvələrinin yerləşdirilməsində də israrlıdır".
Politoloqun sözlərinə görə, mübarizənin diplomatik müstəvidə davam edəcəyi gözlənilir: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sülhməramlı qüvvələrinin yerləşdirilməsini həyata keçirəcəyini vurğulayıb. Buna Lavrov və onun xətti qarşı çıxır. Amma iki ölkə arasında müqavilə var. Türkiyə sülhməramlı qüvvələrinin Qarabağda Azərbaycanın nəzarətində ərazilərdə yerləşməsi reallaşa bilər. Həmçinin burada Laçın koridoru da daxildir. Türkiyə bu məsələdə israrlı görünür. Türkiyə ermənilərin yaşadığı şəhər və kənd mərkəzində olmaması dəqiqləşdiriləcək.
Qarabağa status məsələsi, buradakı separatçıların yenidən özlərinin qurum kimi fəaliyyəti qəbuledilməzdir. Azərbaycan və Türkiyə Xankəndidə separatçıların olmasını qəbul etməyəcək. Həmçinin burada "müdafiə ordusu" adı altında silahlılar var. Onların ləğvi reallaşmalıdır. Onların Qarabağda olması separatizmin inkişafı deməkdir. Ona görə də belə bir silahlı dəstələr ləğv ediləcək.
Azərbaycan diplomatik danışıqlarda tək deyil. Türkiyə sülhməramlı qüvvələrinin Qarabağda olması, həmçinin diplomatik müstəvidə masada olması, hər hansı bir təzyiqin neytrallaşdırılmasına gətirəcək. Həmçinin, Azərbaycan ordusu da Hadrut, Şuşa və Xocavənd ərazisində olacaq. Bu ordu daha peşəkar və hücum əməliyyatlarını reallaşdıran qüvvələr olacaq. Hətta Türkiyə ilə birgə baza da ola bilər.
Dekabrın 1-nə kimi Ermənistanın üç rayondan çəkilməsi ilə yeni danışıqlar olacaq. Rusiya sülhməramlı qüvvələri prosesə nəzarət etməklə, bu silahlı dəstələri çıxarılmasında məsuliyyət daşıyır. "Təmas xəttinə" gəldikdə isə, burada erməni silahlı dəstələrinin varlığı istisna edilməlidir. Çünki Azərbaycan ərazisində heç bir erməni silahlısı olmamalıdır. Xankəndi və digər üç rayon mərkəzində Azərbaycanın suverenliyi tanınacaq”.

Əli Zülfüqaroğlu