“Güzgü atəşkəsi real nəticə verə bilərmi?”
5 May 20:58

Tural İsmayılov: “Bu torpaqların əksəriyyəti müxtəlif növ kənd təsərrüfatı məhsullarının becərilməsi üçün yararlıdır”
“Ermənistanda hazırda məğlubiyyət eyforiyasının hökm sürdüyü dərin bir ümidsizlik kollapsı yaşanır. İdarəetmədə böyük bir anarxiya mövcuddur. Bu anarxiya özünü bir sıra məsələlərdə xüsusi büruzə verir. Birincisi, ölkədə iqtidar daxilində əks-əlaqə itib, kommunikasiya boşluğu var, siyasi hakimiyyətin ierarxiyası dağılıb. İkinci, Ermənistanda siyasi rəhbərliklə hərbi hakimiyyət arasında da anlaşılmazlıq ictimai rəyə təsir edəcək səviyyədə güclüdür. Müdafiə Nazirliyi və baş qərargah özü böyük bir çaşqınlıq içərisindədir. Komandanlıq proseslərə təsir edə bilmir”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində politoloq Tural İsmayılov səsləndirib. O, həmçinin digər suallarımızı da cavablandırıb.
-Generalitet vahid komandanlıq prizmasından kənara çıxıb. Müxtəlif təşkilatlar arasında açıq hərc-mərclik hökm sürür. Vəziyyət o həddə çatıb ki, hətta kommunal xidmətlər sektorunda belə siyasi bəyanatlar verilir, qarşılıqlı əlaqə prinsipləriu pozulur. Bir tərəfdən ərköyün baş nazir Paşinyanın özbaşınalığı orduda və cəmiyyətdə böhrana səbəb olur, digər tərəfdən prezident Armen Sarkisyan və komandası tərəfindən baş nazirin özbaşınalıqlarına qarşı ciddi narahatlıq hökm sürür. Onik Qaparyanın vəzifədən azad olunmasından sonra pezident Paşinyanın yeni baş qərargah rəisi namizədinə etimad göstərmir. Heç şübhəsiz ki, İrəvanda qırıcıların səmaya qaldırılmağı fonunda da istintaq başlayıb və güman olunur ki, cəmiyyətdən gizli şəkildə müəyyən dairələrə bağlı olan hərbçilər cinayət işinə cəlb olunur. Ümumilikdə, aparılan rəy sorğuları da göstərir ki, cəmiyyət nə qədər naşı və savadsız olsa da, Paşinyanın iqtidardan getməyini istəmir.
İnsanlar anlayırlar ki, Qarabağ erməni klanı uzun illər ölkədə mafioz bir idarəetmə yaradıb və ölkənin sərvətlərini tarimar edib. Bu prizmadan yanaşanda erməni cəmiyyəti Paşinyanın hakimiyyətdən getməyini istəmir. Biabırçı kapitulyasiyadan sonra ölkədə ağır iqtisadi və siyasi vəziyyət hökm sürsə də, xalq ölkənin məhv olan gələcəyinin məsuliyyətini başqa siyasi qruplara vermək istəmir. Ona görə də Ermənistanda nə Manukyan, nə Koçaryan-Sarkisyan xunta tandemi, nə tək adamlıq Artur Vanetsyan və onun uydurma “Vətən” Partiyası hansısa ciddi təsirə malik deyillər. Erməni radikal milliyətçiliyini fəaliyyət kredosu kimi mənimsəyən terrorçu “Sasna Tser” qruplaşması və bu qruplaşmanın avara rəhbəri Jirayr Sefilyanın isə ölkədəki geniş çevrələrə təsir etmək imkanları sıfırın altındadır.
Bu kontekstdə daxili xaos və cəmiyyətdəki böhran hələ uzun müddət davam edəcək və nəticədə qüvvələr arasındakı siyasi anlaşılmazlıq cəmiyyət daxiılində də yenidən vətəndaş müharibəsini alovlandıra biləcək. Ölkədə dövlət borcu rəqəmlərlə ifadə edilməyəcək vəziyyətdədir, ölkənin müstəqilliyi və təhlükəsizliyi başqa ölkələrdən asılı durumdadır, xarici banklardan alınan borclar ölkənin iqtisadi mövcudluğunu sual altına qoyub. Bundan başqa Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Ermənistanın illərdir qanunsuz şəkildə büdcəyə yönəltdiyi sərvətlərdən əldə olunan dividentlərin də itirilməsi ilə nəticələndi. İndi nə Paşinyan və onun yarıtmaz komandası, nə də ona alternativ olduqlarını vurğulayan qüvvələrin ölkənin gələcəyi ilə bağlı hansısa aydın bir siyasi platforması mövcud deyil. Bu baxımdan daxili fikri yayındırmaq üçün Ermənistanda hələ də Azərbaycan və Türkiyə əleyhinə ağılsız revanşizm nümayiş etdirənlər kənardan da qorxaq və miskin görünürlər.
- Qeyd etdiniz ki, Ermənistanda hələ də Azərbaycan və Türkiyə əleyhinə ağılsız revanşizm nümayiş etdirənlər var. Bu revanşist qüvvələrin provakasiyalara cəhdlərinin arxasında nə dayanır?
- Ermənistanda hamı indi məğlubiyyətdən “xal udmaq” yarışına girib. Orduda qeyd etdiyim idarəsizlik problemi diplomatiya və bütün iqtidar komandasında hökm sürür. Ermənistanın xarici işlər naziri Ara Ayvazyan faktiki olaraq baş naziri saymır. Eyni zamanda, ona tabe olan və erməni lobbisinin yetişdirdiyi diplomatlar ölkə rəhərliyini ciddi qəbul etmir. Ermənistanın bütün siyasi qüvvələri ölkədəki milliyətçiliyi aradan qaldırıb regional təşkilatlara inteqrasiya etmək, barış mühiti yaratmaq yerinə yenidən öz xalqını istismar etməklə məşğuldur. Bu, həm də ermənilərin acınacaqlı halını nümayiş etdirir.
Nə iqtidar, nə də müxalifət xalqa hörmət etmir. Ermənistan biabırçı kapitulyasiyaya imza atıb, ölkənin bundan sonra Azərbaycan əleyhinə hansısa addımı birbaşa Rusiya və Türkiyəyə qarşı da yönəlmiş sayılacaq. Bu rakursdan Ermənistanda indi səslənən revanşist meyillər təkcə qeyri-peşəkarlıq nümunəsi deyil, həm də ağılsız siyasi münasibətlər sisteminin göstəricisidir. Ermənistanın Niderlanddakı səfiri Tiqran Balayanın da son məlum bəyanatı ölkə diplomatlarının müəyyən lobbist dairələrin əli ilə agentura şəbəkəsində oyuncağa çevrildiyini göstərir. Revanşizm regional layihələrə qarşı çıxmaq anlamı daşıyır.
Bu isə ilk növbədə Ermənistanın özünün təcridi deməkdir. Onsuz da Ermənistan işğalşılıq siyasətinə görə qlobal təcriddə idi. Lakin təəssüflər olsun ki, Azərbaycanın möhtəşəm qələbəsindən sonra hələ də ağlını başına yığmayanlar var. Ona görə də, cənab Prezident vurğuladı ki, Ermənistanda təxribatlar davam etsə “dəmir yumruq” acısını yenidən yaşayacaqlar. Daxili auditoriyada mövqe möhkəmləndirmək üçün “boğazdan yuxarı” revanşist bəyanatlar verənlərin siyahısına baxanda məlum olur ki, bunlar cəm halında dərrakədən məhrum olunublar. Bir neçə həftə əvvəl Azərbaycanın əleyhinə bəyanatlar səsləndirən Sarkisyan özü də yaxşı bilir ki, Paşinyan sadəcə “piyon” idi, məğlub olan ordu məhz onun və Qarabağ klanının qurduğu ordu idi. O ordu isə nizamnamədən kənar davranışlara, əsgər ölümlərinə görə ilk sıralarda yer alırdı. İndi qeyd etmək lazımdır ki, həm Vətən Müharibəsi ərəfəsində, həm də ondan əvvəl erməni əsgər valideynləri və yaxınları dəfələrlə öz övladlarının Qarabağda xidmətə göndərilməməsi ilə bağlı etirazlar edirdilər. İndiki halda revanşizm nümayiş etdirmək birbaşa erməni xalqının özünə də xəyanət etməkdir.
Əgər bu xəyanətləri dəyərləndirib sülh çağırışları yerinə boğboğazlıq ediılməyə davam ediləcəksə, revanşizm müəllifləri gələcəkdə cəmiyyət tərəfindən ciddi basqılara məruz qala bilər. Mən hesab edirəm ki, bir müddət sonra Ermənistanda hökm sürən bu axmaq ab-hava da yekunlaşacaq. Ermənistan dövlətçiliyini birdəfəlik məhv etməmək üçün revanşizm çağırışlarına da “dur” deyilməlidir.
- Qarabağda bundan sonra əməliyyatlar keçirilmə ehtimalı varmı?
- Ölkə başçısı vurğulayıb ki, bizim üçün Dağlıq Qarabağ münaqişəsi artıq bitib. Cənab Prezident son olaraq ATƏT sədrini qəbul edərkən də bizim bundan sonra yalnız quruculuq və regional iqtisadi əlaqələrə maraqlı olduğumuzu nümayiş etdirdi. Dövlət başçısı bildirib: "Həqiqətən də işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur. Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq. Bu, noyabrın 10-da imzalanmış Bəyanatın bir hissəsidir. Danışıqların müxtəlif səviyyələrdə artıq bir neçə mərhələsi olub. Düşünürəm ki, məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər. Çünki kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq. Bu, bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər.
Mən artıq açıq şəkildə demişəm ki, Azərbaycan buna hazırdır. Biz öz vəzifəmizi tamamlamışıq. Əraziləri azad etmişik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in qərarlarını icra etmişik. Beləliklə, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik".
Əgər Ermənistan 10 noyabr razılaşmasından hansısa formada imtina etsə düşünürəm ki, birinci növbədə yenə də özü günahkar olacaq.
- Azərbaycan ordusunun təlimləri nəyə hesablanıb?
- Ordumuz daim təlim-məşq toplanışları həyata keçirib. Qoşunların 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusu əməliyyat-taktiki təlimlərinə başlayıb ki, bu da yəqin əvvəlcədən hazırlanmış plan üzrə həyata keçirilir. Müdafiə Nazirliyi də qeyd etdi ki, dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib. Bu üzdən ordudadkı təlimlərin hansısa bir yozuma açıq olmadığını düşünürəm.
- İşğaıdan azad edilmiş ərazilərin iqtisadi perspektiv imkanlarını necə dəyərləndirirsiniz? Bu ərazilər xarici investorlar üçün nə qədər cəlbedicidir və Azərbaycan iqtisadiyyatına hansı töhfələr verə bilər?
- İşğaldan azad olunmuş ərazilərimizin böyük iqtisadi əhəmiyyəti var. Əvvəlcə onu bildirim ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının ümumilikdə 1.7 milyon hektar ərazisi işğal olunmuşdu. Bu torpaqların əksəriyyəti müxtəlif növ kənd təsərrüfatı məhsullarının becərilməsi üçün yararlıdır və işğaldan azad olunma nəticəsində bu torpaqlarda yaşam bərpa olunduqca Azərbaycanın kənd təsərrüfatı üçün də yeni imkanlar yaranmış olacaq. Bundan əlavə illərdir Ermənistan öz qəsbkar büdcəsini Qarabağın sərvətləri hesabına zənginləşdirməyə çalışırdı. İşğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s. ) yataqları yerləşir. İndi təsəvvür etmək olar ki, bütün faydalı qazıntı yataqları ölkəmizin iqtisadi gücünə necə təsir göstərəcək.
İşğaldan azad olunan ərazilərin zəngin su ehtiyatları ölkənin sənayesi və kənd təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edir.
Sərsəng su anbarının daxil olduğu Ağdərə rayonunun tam azad olunması respublikanın 6 rayonunda (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin etməyə imkan yaradacaq.
Cəbrayıl və Zəngilan ərazisində yerləşən Xudafərin su anbarının azad olunması 75 min hektar yeni ərazinin suvarılması və mövcud suvarılan ərazilərin suvarılmasının yaxşılaşdırılması deməkdir. Bu su anbarının həcmi bəzi hesablamalara görə 1.6 milyard kubmetrdir.
Düşünürəm ki, Qarabağın işğaldan azad olunmağı ilə regionda böyük iqtisadi layihələr həyata keçiriıləcək. Ona görə, iqtisadi inkişafımız baxımından da Qarabağın müstəsna əhəmiyyəti mövcuddur.
Əli Zülfüqaroğlu