“İsgəndər-M” məsələsi Rusiyanı da pis vəziyyətə salıb Layihə

“İsgəndər-M” məsələsi Rusiyanı da pis vəziyyətə salıb

“Faktiki olaraq Moskva ya özü 44 günlük müharibə zamanı Azərbaycana qarşı “İsgəndər-M” raketlərindən istifadə edib, ya da Ermənistana müharibədə tətbiq etməsi üçün razılıq verib. Hər iki halda bunun məsuliyyətini Rusiya daşıyır”.
Bu sözləri politoloq Turab Rzayev deyib.
Politoloqun sözlərinə görə, ANAMA-nın Şuşa şəhərində “İsgəndər-M” raketinin qalıqlarının aşkarlanması çox ciddi faktdır: “Azərbaycan təbii ki, Şuşada tapılan “İsgəndər-M” raketlərinin qalıqlarını dəlillər və sübutlarla birlikdə açıq-aşkar dünya ictimaiyyətinə təqdim etdi. İndiki halda rəsmi Bakı Moskvadan cavab gözləyir.
Düşünürəm, Rusiya Bakının suallarına cavab verə bilməyəcək. Rusiyanın özünü təmizə çıxarmaq cəhdlərindən də biz bunu görə bilirik. Moskva fərqli ssenarilər ortaya atdı. İddia edildi ki, müharibədə “İsgəndər”dən istifadə edilməyib. ANAMA-nın ortaya qoyduğu faktdan sonra isə raketlərin erməni oliqarxlar tərəfindən Rusiyanın Cənub Hərbi Dairəsindən qeyri-leqal yollarla əldə edilərək, Ermənistana ötürüldüyü ehtimalı dövriyyəyə buraxılıb.
Əlbəttə ki, bunların heç biri real deyil. Rusiya kimi bir ölkə hərbi arsenalında nüvə bombasından sonra ən böyük silahına sahib çıxa bilmirsə, bu, birbaşa Kremlin nüfuzuna böyük zərbə deməkdir.
Ötən gün Rusiya gömrük əməkdaşlarının Ermənistana hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş RP-5 relesi olan 37 stabilizator hissələrinin göndərilməsi cəhdinin qarşısını alması kimi bir xəbərin yayılmasının əsas məqsədi də günahı erməni lobbisinin üzərinə yıxmaqdır. Bildiyiniz kimi, Qərbdə erməni lobbisi həm maliyyə, həm də siyasi baxımdan güclüdür. Rəsmi Moskva belə xəbərlər tirajlayaraq əslində göstərmək istəyir ki, erməni lobbisi “İsgəndər-M” raketlərini Ermənistana göndərə bilər. Yəni biz Ermənistana hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş RP-5 relesi olan 37 stabilizator hissələrinin göndərilməsi cəhdinin qarşısını aldıq. Ola bilər ki, “İsgəndər-M”lər də bu yolla Ermənistana göndərilir.
Ancaq bu, bəsit oyunlardır və bununla kimsəni inandırmaq olmaz”.
Ekspert Asif Nərimanlı isə bildirib ki, Şuşaya atılan “İsgəndər – M” raketi ilə bağlı cavabsız qalan suallar fonunda Rusiya gömrük əməkdaşlarının Ermənistana hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş RP-5 relesi olan 37 stabilizator hissələrinin göndərilməsi cəhdinin qarşısını alması haqda yayılan məlumat Dostoyevskinin “Cinayət və cəza”sının məşhur qəhrəmanı Roskolnikovun sözlərini xatırlatdı.
Rusiya “İsgəndər – M” faktı qarşısında niyə susur, yaxud niyə özünü Dostoyevskinin qəhrəmanı kimi aparır?!
Ortada cinayət var, özü də müharibə cinayəti, amma “Cinayət və Cəza”dan fərqli olaraq, cəzanı hələ də görmürük, əvəzində havadan asılı qalan suallar ətrafı bürüyüb.
1. Şuşaya atılan “İsgəndər – M” raketi Ermənistana necə verilib?
2. Ermənistana “İsgəndər – E” yox, “İsgəndər – M” verilibsə, Rusiya 300 kilometrdən çox uçan ballistik raketlərlə bağlı öhdəliyi niyə pozub?
3. Xeyr, Ermənistana “İsgəndər – E” raketi verilibsə, o zaman, “İsgəndər – M” raketi Şuşaya doğru haradan uçub?
4. “İsgəndər – M”lər Ermənistandakı Rusiya hərbi bazasındadırsa, raket oradanmı atılıb?
5. “İsgəndər” raketi ilə təchiz olunan Rusiya Cənub Hərbi Dairəsi bu işin harasında yer alır?
6. Əmri kim verib: ruslarmı?
7. Rusiyanın hərbi-siyasi rəhbərliyinin belə bir əmrdən xəbəri olubmu?
8. “İsgəndər – M” Ermənistana qaçaq yolla aparılıbsa, Rusiyanın nüvə başlığı daşımaq qabiliyyətinə malik raketlərinə nəzarət imkanı bu qədərmi zəifdir?
9. Rusiya gömrük və sərhəd məntəqələrinə nəzarət edə bilmirmi, yaxud kiçik həcmli stabilizatoru tapanlar necə olur ballistik raketləri gözdən qaçırıb?
10. Və ən əsası Rusiya bu suallar qarşısında niyə susur?
Cavabsız qalan suallar martın 15-də ANAMA-nın Şuşada “İsgəndər” raketinin qalıqlarını tapması ilə ortaya çıxdı. Raket qalıqları üzərində tədqiqat təxminən iki həftə vaxt apardı. Bakı “İsgəndər” raketinin atılmasından bəhs edərkən, Moskva bunu inkar edirdi, lakin araşdırmanın yekununda raketin “İsgəndər – M” olduğu ortaya çıxdı. Kod: 9M723... Kremlin sözçüsü Dmitri Peskov bildirdi ki, “bu, yeni məlumatdır və məsələ ilə hərbi rəhbərlik məşğul olmalıdır”.
Hərbi strukturlardan cavab varmı? Xeyr.
- Rusiya Müdafiə Nazirliyi susur;
- Rusiya Xarici İşlər Nazirliyi susur;
- Rusiya Baş Prokurorluğu və Federal Təhlükəsizlik Xidməti “İsgəndər – M” Şuşaya necə atılıb, Ermənistanın əlinə necə keçib məsələsi ilə bağlı heç bir araşdırma aparmır;
- Nə Gümrüdəki 102-ci bazada, nə də “İsgəndər”lərlə təchiz olunan Cənub Hərbi Dairəsində yoxlamaların başlandığı haqda heç bir məlumat yoxdur;
Rusiya “danışır Moskva” modelindən “susur Moskva” modelinə keçib: susur və susduqca yeni ehtimallara, müxtəlif versiyalara zəmin yaradır.
Birinci versiya: Rusiya Ermənistana “İsgəndər – E” yox, “İsgəndər – M” raketləri verib;
İkinci versiya: “İsgəndər – M”lər iddia edildiyi kimi, Cənub Hərbi Dairənin anbarlarından oğurlanaraq, Ermənistana qeyri-leqal yollarla ötürülüb və fakt ortaya çıxanda Rusiyanın hərbi-siyasi rəhbərliyi, yaxud bu ölkədəki yüksək dairələr məsələni ört-basdır etməyə çalışır;
Üçüncü versiya: Şuşaya raket ya Gümrüdəki bazadan, ya da Cənub Hərbi Dairəsinin nəzarət bölgəsindən atılıb;
Moskvanın susqunluğu Azərbaycan cəmiyyətinin diqqətini məhz sonuncu versiyanın üzərində cəmləşdirir.
Və budur, cavab gözləyən sualları bir kənara qoyan Rusiya Ermənistana qaçaq yolla aparılan stabilizatorların qarşısını aldıqları xəbərini dövriyyəyə buraxırlar. Bunun “qaçaqmalçılıqla mübarizə aparırıq” görüntüsü yaratmaq məqsədi daşıdığı aydındır. O da aydındır ki, bu, nə “İsgəndər – M” raketləri ilə bağlı suallara cavabdır, nə də Bakı hansısa stabilizatorların daşınmasının qarşısının alınması ilə qane olur.
Rusiyanın Bakının haqlı sualları və təqdim etdiyi faktlar qarşısında susqunluğu yeni deyil. Hələ Vətən Müharibəsindən öncə və müharibənin gedişatında Rusiyadan Ermənistana tonlarla silah daşınırdı. Azərbaycan ən yüksək səviyyədə bu məsələ ilə bağlı Moskvadan cavab istəsə də, səssizlik pozulmadı. Necə olur, tonlarla silahın daşınmasına göz yumanlar “İsgəndər – M”lə bağlı fakt ortaya çıxanda, qəfil qaçaq stabilizatorlar tapdılar?!
Cəfəngiyyat cavab deyil, Moskva əsas suallar qarşısında susur və bu susmaq heç də qızıla bənzəmir, xüsusilə Azərbaycan-Rusiya münasibətləri fonunda...
Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızının fikrincə isə bir neçə gün öncə də qeyri-rəsmi mənbələr “İsgəndər-M” kompleksinin Rusiyanın Cənub Hərb Dairəsi tərəfindən qeyri-leqal şəkildə Ermənistana ötürüldüyü haqda mediaya “daha əsaslandırılmış” – qaimələr, gizli köçürmələr və s. ilə bağlı məlumat ötürmüşdü:
“Bu informasiyanın dövriyyəyə buraxılması Rusiyanın Azərbaycandakı imicini sanki qorumaq cəhdi idi. Bu qeyri-rəsmi informasiyanın ardınca “stabilizator daşınmasının” qarşısının alınması ilə bağlı məlumat informasiya manipulyasiyasında “ardıcıllığın” qorunmasına xidmət edir. Bu baxımdan sabah hansısa erməni şəbəkənin silah alveri üstündə saxlanıldığı haqda məlumat da yayıla bilər. Məqsəd bəllidir: Rusiyanın bəlli dairələri bu informasiyalarla ANAMA-nın Şuşada tapdığı və bütün dünyaya təqdim etdiyi “İsgəndər-M” raketlərinin qalıqlarının ora necə düşməsinə dolayı yolla “cavab verməyə” çalışır”.
Politoloq qeyd edib ki, əslində “stabilizator” ifşası Rusiyanın əleyhinədir:
“Əgər Rusiya gömrük orqanları hərbi məqsədlər üçün istifadəsi mümkün olan hansısa “stabilizatorun detalını” çamadanların içindən tapıb çıxara və bunun qarşısını ala bilirsə, onda İsgəndər-M kompleksinin və bu kompelksə aid raketlərin Ermənistana gizli ötürülməsinuin tamamilə mümkün olmadığı anlamına gəlir. Yəni necə ola bilər ki, erməni diaspor nümayəndələri stabilizatorun hissəsini gömrükdən keçirə bilmir, ancaq İsgəndər-M kompleksi və raketlərinin Ermənistana ötürülməsinə nail ola bilirlər”.
Aynur Camalqızının sözlərinə görə, müharibə zamanı Rusiyadan Ermənistana 500 ton hərbi yük daşınması barədə məlumat artıq sübut olunub:
“Çünki hərbi yük daşıyan təyyarələrin marşrutu elan edilmişdi və bunu Prezident İlham Əliyev də gündəmə gətirdi. Xatırlayırsınızsa, həmin yüklərin daşınması üçün Gürcüstan hava məkanından istifadəyə icazə verməmişdi və o təyyarələr İran üzərindən keçməyə məcbur oldu. Bu, hələ təsdiq olunan hərbi yükdür. Amma bu rəqəm də kifayət qədər ciddidir. Nəzərə alın ki, “İsgəndər-M”in Şuşada tapılan raketi 9M723-ün ümumi çəkisi 3.8 ton, başlığı isə 480 kq-dır. Kim zəmanət verə bilər ki, həmin təyyarələrlə məhz “İsgəndər” və yaxud Azərbaycanın mülki əhalisinə qarşı istifadə edilən Toçka-U, “Smerç” raketləri daşınmayıb. Bunu ona görə xatırladıram ki, “İsgəndər”in məhz “M” modifikasiyası üçün nəzərdə tutulan raketin müharibə zamanı Ermənistana verildiyi ehtimalı həddən artıq çoxdur”.
Ermənistanın Baş Qərargah rəisi Movses Akopyanın 19 noyabr 2020-ci ildə Azərbaycana qarşı “İsgəndər” raketindən istifadə edildiyini rəsmən bildirməsi, keçmiş prezident Serj Sərkisyanın isə 2021-ci ilin fevralında verdiyi müsahibədə onda müharibənin sonlarında “İsgəndər”dən Şuşa istiqamətində istiqafə edilməsi barədə təkzibedilməz sübutlar olduğunu açıqlamasına diqqət çəkən Aynur Camalqızı qeyd edib ki, Rusiya bu açıqlamaların demək olar ki, heç birinə ciddi reaksiya vermədi:
“Yalnız Baş nazir Nikol Paşinyan “İsgəndər”lərin tətbiq edildiyini, ancaq 90 faizinin partlamadığını deyəndən sonra Rusiyanın inanılmaz aqressiyası ilə total reaksiyasını müşahidə etdik. Yüksək çinli məmurlardan tutmuş deputatlara, generallara qədər, Paşinyana qarşı ağır ifadələr işlətdilər və onu təkzib verməyə məcbur etdilər. Maraqlıdır, niyə “İsgəndər”in tətbiq edildiyi haqda informasiyalar Rusiya tərəfdən bu qədər aqressiv qarşılanmamışdı?
Rusiyanın beynəlxalq öhdəliyi var və bu öhdəliyə görə, mənzili 300 km-dan çox olan kompleks və raketlərin satışı qadağandır. Yəni Rusiyanın Ermənistana “İsgəndər-M” verdiyi təsdiqlənəcəyi halda beynəlxalq öhdəliyi pozduğu, beynəlxalq qanunlara uymadığı üzə çıxacaq. “İsgəndər” haqda Paşinanın dediyi sözlər isə Rusiyanın silah ticarətinə ağır zərbə sayılırdı. Belə çıxır ki, Rusiya beynəlxalq imici və öhdəliyi haqda düşünmür də, əsas məsələ hərbi texnikasının qüdrətinə toz qondurmamaqdır. Əgər ANAMA da “İsgəndər” raketinin deyilən səviyyədə effektiv olmadığı, hədəfi dəqiq vurmadığı, dəmir-dümür yığını olduğu haqda nəsə bir açıqlama versə, yalnız onda Rusiya rəsmi cavab verəcək?”

Cavid