
İran viran olur
18 İyun 23:23
Artıq yay mövsümüdür və zəhərlənmələr digər aylara nisbətən yayda çoxluq təşkil edir. Bu mövsümdə insanlar dənizə, hovuza gedir, günün altında çox qalmış müxtəlif qidalardan istifadə edir və s. Bütün bunların nəticəsində zəhərlənmələr başa verir. Ən pisi isə odur ki, bəzən bu zəhərlənmələrin təsiri çox ağır olur və ölümlə nəticələnir.
Bəs zəhərlənmədən necə qorunmaq lazımdır? İnsanlar əsasən nəyə diqqət etməlidirlər?
Bununla bağlı həkim-mütəxəssislər fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüb.
“Şübhə doğuran yerlərdən heç bir məhsul almayın”
Pediatr-infeksionist Aytən Ziyadova yay aylarında hava istiliyinin artması ilə qida zəhərlənmələrinin və bağırsaq infeksiyalarının halları nəzərəçarpacaq dərəcədə artıdığını vurğulayaraq qeyd edib ki, bu risk, xüsusilə uşaqlar və yaşlılar üçün daha təhlükəlidir: “Valideynlər bu dövrdə daha diqqətli olmalıdırlar. İsti havalarda bakteriyalar və viruslar qidalarda sürətlə çoxalır. Xüsusilə süd məhsulları, yumurta, mayonezli salatlar, ət və balıq məhsulları çox tez xarab olur. Əgər bu qidalar soyuducu şəraitində saxlanmazsa və ya açıq havada uzun müddət qalarsa, onların tərkibində zəhərləyici bakteriyalar yarana bilər. Valideynlərə tövsiyə edirəm ki, yayda uşaqlara küçədən, yarmarkalardan və ya qida gigiyenası şübhə doğuran yerlərdən heç bir məhsul almasınlar. Küçədə satılan dönər, kabab, dondurma, kremli tortlar və qazlı içkilər xüsusi risk daşıyır. Eyni zamanda, meyvə və tərəvəzlər də düzgün yuyulmadıqda təhlükəli ola bilər. Bu məhsullar isti suda yaxşı yuyulmalı, mümkün olduqda qabığı soyulmalıdır”.
“Əl gigiyenası çox vacibdir”
A.Ziyadova diqqətə çatdırıb ki, əl gigiyenası da çox vacibdir: “Uşaqlar çöldən gəldikdən sonra, yeməkdən əvvəl və tualetdən sonra mütləq əllərini sabunla yumalıdırlar. Kiçik yaşlı uşaqlar gigiyena vərdişlərini valideynlərin nümunəsindən öyrənirlər. Buna görə böyüklər özləri də diqqətli olmalıdırlar. Əgər ailə səfərə çıxırsa, yol üçün hazırlanan qidaların saxlanmasına xüsusi diqqət yetirilməlidir. Çox vaxt evdən götürülən kotlet, yumurta, dolma kimi yeməklər bir neçə saatlıq səyahət zamanı otaq temperaturunda qalaraq xarab olur. Belə yeməklər termotorbada və ya buz akkumulyatorlu çantalarda saxlanmalıdır”.
Su mənbələrinə diqqət!
O həmçinin bildirib ki, su mənbələrinə də diqqət yetirmək lazımdır: “Çimərliklərdə və ya kənd yerlərində istifadə olunan içməli su mənbələrinin təmizliyinə əmin olmadan istifadə etmək olmaz. Çirklənmiş su vasitəsilə hepatit A, rotavirus, dizenteriya və digər infeksiyalar yoluxa bilər. Unutmayaq ki, uşaqlar böyüklərə nisbətən daha tez zəhərlənə bilirlər və bəzən bu vəziyyət qısa zamanda xəstəxana şəraitində müalicə tələb edə bilər. Bu səbəbdən valideynlərə tövsiyəm odur ki, hər hansı narahatedici simptom gördükdə – xüsusilə qusma, ishal, yüksək hərarət – dərhal pediatra və ya infeksionistə müraciət etsinlər. İsti yay günlərini sağlam və təhlükəsiz keçirmək üçün sadə, lakin təsirli gigiyena və qida təhlükəsizliyi qaydalarına əməl etmək kifayətdir”.
“Zəhərlənmələr ölümə qədər aparan vəziyyətlərə səbəb ola bilər”
Yoluxucu xəstəliklər üzrə həkim-mütəxəssis Mətanət Məmmədova yay fəslinin gəlişi ilə insanların açıq havada daha çox vaxt keçirməyə başladığını və bunun da açıqda satılan qidaların istehlakının artmasına səbəb olduğunu deyərək əlavə edib ki, temperaturun yüksəlməsi isə uyğun şəraitdə saxlanılmayan, gigiyenik qaydalara riayət olunmadan hazırlanan qidaların üzərində bakteriyaların çoxalmasına şərait yaradır: “Bu bakteriyaların istehsal etdiyi toksinlər isə qida zəhərlənmələrinə səbəb olur. Qida zəhərlənmələri, adətən, yüngül və qısa müddətli keçən xəstəliklər olsa da, zəhərlənməyə səbəb olan mikroorqanizmlərin növü və insanın fərdi xüsusiyyətlərindən asılı olaraq xəstəliyin ağırlaşmasına və hətta ölümə qədər aparan vəziyyətlərə səbəb ola bilər. Qida mənşəli xəstəliklərə xüsusilə körpələr, uşaqlar, hamilə qadınlar, yaşlılar və immun sistemi zəif olan şəxslər daha həssasdır. Zəhərlənməyə səbəb olan amillər arasında həmçinin kimyəvi maddələr, kənd təsərrüfatı dərmanları, yuyucu vasitələr, plastik maddələr, parazitlər və mikroorqanizmlər (bakteriyalar, kif, maya) göstərilə bilər.
Qida zəhərlənməsinin əlamətləri
Həkimin sözlərinə görə, qida zəhərlənməsi əksər hallarda qəflətən başlayır: “Yoluxmuş qidaların qəbulundan sonra əlamətlər 30 dəqiqə ilə 72 saat arasında ortaya çıxa bilər. Bu əlamətlərə ishal, qarın ağrısı, qarında spazm, ürəkbulanma, qusma və bəzən qızdırma daxildir. Eyni yoluxmuş qidanı qəbul edən fərdlərin bəzilərində heç bir əlamət görünmədiyi halda, bəzilərində simptomlar çox ağır ola bilər. Burada fərqə səbəb olan amillər arasında qidanın nə qədər çirkləndiyi, qəbul edilən miqdarı və şəxsin fərdi həssaslığı yer alır”.
Qida zəhərlənmələrinin yayılma yolları
O deyib ki, bakteriyaların qidalara yoluxa bilməsi üçün bir vasitəçi orqanizmə ehtiyacları var: “Bu vasitəçi insanlar, heyvanlar və ya həşəratlar ola bilər. Təmiz bir qidaya, qida olmayan və bakteriya daşıyan vasitələrdən bakteriyaların keçməsi çarpaz yoluxma adlanır. Çarpaz yoluxmaya səbəb olan qida xarici amillərdir (gigiyenasız əllər, bıçaq, taxta lövhələr, mətbəx səthləri, mətbəxdə istifadə olunan dəsmal və süngərlər, paltarlar, öskürək və asqırmadan yaranan damcılar). Bu amillərlə təmas edən təmiz qidalar tezliklə zərərli mikroorqanizmlərlə çirklənə bilər.
1. Salmonella (çiy və ya az bişmiş toyuq, yumurta və pasterizə olunmamış süd məhsulları). Əlamətlər: İshal, qızdırma, ürəkbulanma və qusma.
2. Escherichia coli (E. coli). Az bişmiş qiymə ət, çirkli su və təmiz yuyulmamış çiy tərəvəzlərdə ola bilər. Əlamətlər: Şiddətli qarın ağrısı, qanlı ishal, bəzi hallarda böyrək çatışmazlığı riski.
3. Staphylococcus aureus. Əsasən çirkli əllərlə hazırlanan salatlar, kremli tortlar və süd məhsulları ilə ötürülür. Əlamətlər: Qısa müddətdə başlayan ürəkbulanma, qusma və qarın ağrısı.
4. Clostridium botulinum. Ən təhlükəli toksin istehsal edən bakteriyalardandır. Əsasən ev şəraitində düzgün konservləşdirilməmiş məhsullarda və balda olur.Əlamətlər: Əzələ zəifliyi, nitq və görmə pozğunluğu, tənəffüs çətinliyi. Təxirəsalınmaz tibbi yardım tələb edir.
5. Clostridium perfringens. Xüsusilə uzun müddət otaq temperaturunda saxlanmış bişmiş ət məhsullarında rast gəlinir.Əlamətlər: Qarın ağrısı və ishal.
6. Campylobacter. Çiy və ya tam bişməmiş quş ətlərində tapılır.Əlamətlər: Qızdırma, ishal və ümumi halsızlıq”.
“Qaydalarına ciddi əməl etmək lazımdır”
M.Məmmədova həmçinin qeyd edib ki, qida zəhərlənmələrinin qarşısını almaq üçün gündəlik həyatda gigiyenik və təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etmək lazımdır: “Açıq havada, küçədə və gigiyenik şəraitdə satılmayan qidalar heç bir halda, heç bir fərq qoyulmadan istehlak edilməməli, yeməklərin hazırlanması zamanı gigiyena qaydalarına ciddi riayət olunmalı, əllər yeməkdən əvvəl və sonra mütləq yuyulmalı, xüsusilə toyuq məhsulları ən az 70°C temperaturda tam bişirilməli, dondurucudan çıxarılan məhsullar otaq temperaturunda deyil, soyuducunun aşağı gözündə yavaş-yavaş əridilməli, hər bir yemək yalnız bir dəfə isitilməli və yalnız bir dəfə dondurulmalıdır. Təkrar-təkrar isitmə zəhərlənmə riskini artırır. Son istifadə tarixi keçməmiş olsa belə üzərində hər hansı bir xoşagəlməz qoxu, rəng dəyişimi və ya xarablıq əlaməti olan qida dərhal atılmalıdır. Soyuducuda saxlanılan məhsulların üzərində bakteriya və kif görünərsə, soyuducunun içi mütləq dezinfeksiya edilməlidir. Soyuducunun içi həddən artıq doldurulmamalı, hava dövranı təmin olunmalıdır. Soyuducuda saxlanılan maye və sulu yeməklər ağzı mütləq bağlanaraq qapalı qabda qorunmalıdır. Yumurtalar yuyularaq saxlanmamalıdır. Əksinə, qapalı yumurtalıqda və quru şəkildə saxlanmalıdır. Yuyulması, səthindəki qoruyucu təbəqəni yox edərək bakteriyaların içəri keçməsini asanlaşdırır”.
Qida zəhərlənməsi necə müalicə olunmalıdır?
Həkim qida zəhərlənməsi zamanı ən çox rast gəlinən yanlış davranışlardan birinin əczaxanadan ishal və qusmanı dayandıran dərmanların alınması olduğunu vurğulayıb: “Halbuki bu cür dərmanların istifadəsi tövsiyə edilmir. Çünki ishal və qusma bədənin toksinləri xaric etmə üsuludur və onların qarşısını almaq zərərli nəticələrə səbəb ola bilər. Zəhərlənmə hallarında ən vacib məsələ bədənin itirdiyi maye və elektrolitlərin yerinə qoyulmasıdır. Bu məqsədlə istirahət edilməli, bol su və duz-şəkər məhlulları qəbul olunmalıdır. Ayran, şorba kimi maye qidalar da tövsiyə edilir. İshal olan şəxslər üçün bağırsaqlar tərəfindən asanlıqla həzm olunan və mənimsənilən yeməklər faydalıdır. Bu dövrdə çiy tərəvəzlər, lifli və ağır yeməklər əvəzinə, pişmiş tərəvəzlər,, düyü sıyığı kimi yüngül qidalar üstünlük təşkil etməlidir. Əgər xəstə heç bir qida qəbul edə bilmir, yediyi hər şeyi geri qaytarırsa və bədəndə susuzluq əlamətləri müşahidə olunursa, xəstəxanaya müraciət etmək vacibdir. Belə hallarda damar yolu ilə maye və elektrolit müalicəsi tətbiq olunmalıdır. Unutmaq olmaz ki, sadə görünən qida zəhərlənmələri və yay ishalı ciddi fəsadlara, hətta ölümlə nəticələnə biləcək vəziyyətlərə səbəb ola bilər. Qida zəhərlənmələrinin müalicəsində əsas prinsip – bədənin itirdiyi su və elektrolitlərin yerinə qoyulması, lazım gəldikdə isə xəstəxana şəraitində tibbi dəstəyin göstərilməsidir”.
“Zəhərlənmələr bir neçə səbəbdən arta bilir”
Həkim-pediatr Aytən İsmayılzadə deyib ki, yayın gəlişi ilə bağlı zəhərlənmələr bir neçə səbəbdən arta bilir: “Birincisi, budur ki, isti yay günlərində küçə qidalarının satışı ilə bağlı ərzaqların isti havada qalması, açıq şəkildə satılması, milçəklərin ona toplanması və s. Yəni orada mikrobların çoxalmasına, həmin ərzağın xarab olmasına və qida zəhərlənməsinə gətirib çıxara bilir. Digər məsələ bəzi məhsulların mövsümə aid olsa da, amma bir az daha tez yetişdirilməsi, çox gübrə istifadəsidir. Məsələn, qarpız, qovun və s. Bunlar çox yeyilir və onlara vaxtından əvvəl azot və s. gübrələr verilir. Bu da zəhərlənməyə gətirib çıxarır. Biz bunu uşaqlar arasında daha çox görə bilirik”.
“Mədə-bağırsaq infeksiyalarının şahidi oluruq”
O bildirib ki, yay aylarına bağlı həm də mədə-bağırsaq infeksiyalarının şahidi oluruq: “Dəniz mövsümü, hovuzun açıq olması ilə bağlı olaraq sudan keçən infeksiyalar, uşaqlarda və böyüklərdə qusma, ishal və s. halların olması da zəhərlənmə kimi dəyərləndirilən, amma əslində bağırsaq infeksiyası ilə bağlı olan bir haldır. Məsələn, gəzintilərdə olarkən bulaq sularının içilməsi səyahət ishalına gətirib çıxarır. Çünki təbiətdə olan mikroblar, parazitlər buna öyrəşməmiş orqanizmə düşür və nəticə etibarı ilə ishal, dispepsiya, qarında ağrı, qusma və s. kimi əlamətlərlə özünü göstərir”.
Şəkli dəyişmiş dondurmaları almayın
A.İsmayılzadə əlavə edib ki, zəhərlənmədə digər məsələ isə yay aylarında dondurmaların satışı ilə bağlıdır: “Dondurmalar bildiyimiz kimi zülallı bir məhsul sayılır. Zülallı məhsullar isə isti temperaturda tez xarab olur. Əgər görürüksə dondurma əzilib, deformasiyaya uğrayıb və sonradan bərkiyib, bu o deməkdir ki, bu dondurma saxlanılan soyuducular cərəyandan ayrılıb və təzədən cərəyana qoşulub. Bu halda isti mühitdə orada mikroblar aktivləşir, zülallı qida olduğuna görə sonra təzədən donurlar, amma toksinini buraxmış olur. Ona görə də həmin o deformasiyaya uğramış dondurmalar yeyilərkən onlar qida zəhərlənməsinə gətirib çıxara bilər. Ona görə də tövsiyə budur ki, belə şəkli dəyişmiş dondurmaları insanlar almasınlar”.
Röya İsrafilova