Yazıb yaratmaq rizası ilə yaşayan Əli Rza Xələfli... Cəmiyyət

Yazıb yaratmaq rizası ilə yaşayan Əli Rza Xələfli...

Mehriban, qonaqpərvər, əyləncəli, simpatik, düşüncəli və cəlbedicidir. Xarakter baxımından cazibədar və sirli xüsusiyyətlərə malikdir. Ətrafındakı insanlara qarşı diqqətli və anlayışlı davranışı ilə tanınır. İti düşüncəsi və hadisələrə rasional yanaşma tərzi istənilən çətin vəziyyətdə onu doğru qərar verməsinə kömək edir. Dostluq və iş münasibətlərində güclü təsir bağışlayaraq qarşısındakı insanları heyran qoyur. Ünsiyyətdə inam qazanmağı və mürəkkəb məsələləri asanlıqla həll etməyi bacarır...
Bəzi adamlar hər cür MÜQAYİSƏni qüsurlu hesab edirlər. Amma bəşəriyyət hələ ki, oxşar və fərqli cəhətləri, yaxud birinin o birisindən üstünlüyünü müəyyənləşdirmək üçün MÜQAYİSƏdən dəqiq qarşılaşdırma, tutuşdurma tapa bilməyib. Bu dəfə sizə bütün müqayisələrdən alnıaçıq, üzüağ çıxan bir insan haqqında danışmaq istəyirəm. O, 1953-cü ilin dekabr ayının 7-si Cəbrayıl rayonunun Xələfli kəndində dünyaya gəlib. 1975-ci ildə indiki Pedaqoji Universitetin filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirib. Əvvəlcə doğulduğu rayonun Şahvəli, Tatar və Aşağı Xələfli kəndlərində müəllim işləyib. Həmin illərdəki pedaqoji fəaiyyətinə görə "Qabaqcıl maarif xadimi" fəxri adına layiq görülüb. 1980-ci illərin əvvəlindən mətbuatda çalışır. 1980-1993-cü illərdə rayon qəzetində müxtəlif vəzifələrdə işləyib. "Xudafərin", "Qoşa qanad", "Qarabağ" və "Həyat" qəzetlərində xüsusi müxbir, şöbə müxbiri, şöbə müdiri və eləcə də redaktor əvəzi olub. Ədəbi-publisistik yazıları və şeirləri dövrü mətbuatda müntazam çap olunur. 2002-ci ildə "Qızıl qələm" medalı mükafatına, 2003-cü ildə "Məmməd Araz"ali ədəbi mükafatına, 2004-cü ildə AYB Bədii Ədəbiyyatı Təbliğ Bürosunun "Qılınc və qələm" yaddaş mükafatına, 2008-ci ildə Beynəlxalq Rəsul Rza mükafatına, 2010-cu ildə isə Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatına layiq görülüb. Bəli, bu dəfəki söhbətimin qəhrəmanı- şair, yazıçı, jurnalist, 1999-cu ildən “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələflidir...
Tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov onun yaradıcılığını belə xarakterizə edir: “Əlirza Xələflinin poeziyası irfan dünyasından bir əlçim buluddur və bir bülbülün sızlar türküsünə çevrilib söz gülüstanına yağan ağ yağışdır. Onun poetik üslubda metaforikləşmiş dərin məna yarada bilmə funksiyası hər məqamda özünü göstərir. Poetik üslubun assosiativ təzadlar silsiləsi bu adlar silsiləsinin tarixi mahiyyətinin duyumuna, dərkinə xidmət edir. Əli Rza Xələfli ümumi epik təsvirdən aralanaraq öz hiss və həyəcanlarını ifadə edir, müxtəlif yönlərdə mühakimələr yürüdür, həyat, insan, cəmiyyət haqqında düşüncələrini ifadə edir, burada lirizm hərtərəfli görünür. Onun yazdıqlarında bədii mətnin, parçanın məna tutumu çox yüksəkdir. Bir qoşa misrada – məsnəvidə obraza elə səmimi, duyğulu yanaşa bilir ki, kiçik mətndə, az sözlə bütöv bir obrazı, xarakteri təqdim edir. Bu məna tutumu barədə müxtəlif mülahizələr də söyləmək olar. Amma şair sözdə ciddidir, sözü havayı yerə işlətmir. Bu mənada Əli Rzanın ədəbi - fəlsəfi mühakimələri ciddi marağa səbəb olmaya bilmir...”
Həyat eşqi ilə dolu adamdır. Yüksək yumor hissi var, şən və istiqanlıdır. Sevməyi və sevilməyi xoşlayır. Qayğkeş olduğundan əldə etdiklərini imkansızlarla bölüşməyə hazırdır. Onun ən müsbət tərəfləri isə əsasən məntiqli qərar verməsi və düşdüyü mühitdə hörmət qazanmağı bacarmasıdır. Bir az romantik, bir az da emosionaldır. Yaxşı həmsöhbətdir. Məsələlərə ədalətli yanaşmağı xoşlayır. Nəzakətlidir, diplomatikdir. İş həyatına gəldikdə isə çox istedadlıdır. Narahat və stresli mühitlərdə işləməyi sevmir...
Tarix üzrə fəlsəfə doktoru Yusif Mahmudov isə onun haqqında yazır: “Çağdaş Azərbaycan ədəbiyyatşünaslığında, ümumən ədəbi mühitdə və elmi-ictimai
media aləmində “Kredo”su ilə özünə möhkəm yer eləmiş Əli Rza Xələfll dövrümüzün görkəmli nasiri, şairi və jurnalisti kimi çox yaxşı tanınan və sevilən şəxsiyyətdir. Şübhəsiz, Əli Rza müəllimin bir yazar kimi dəsti-xətti lap sonsuzluqdan belə oxucusunu çağırır. Manevrli publisistikası şirinliyi, duzluluğu, fərqliliyi ilə ədəbiyyatımızın içində bütövləşmiş bir heykəl kimidir. Onun yazılarında da, adi danışıq və nitqlərində də cəmiyyət və təbiətin qırılmaz ülvi bağlılığı, vəhdəti apaydın süd kimi görünür. Alovlu çıxışlarını dinlədikcə, sanki sehirli nağıllar aləmində itib-batırsan. Ədəbiyyat tariximizin, o cümlədən folklorumuzun gözəl bilicilərindən olan Əli Rza Xələflinin yazılarında bir elat dünyası yaşayır. O, bu dünyadan ana təbiətin füsunkarlığını seyr edir, onu sözə gətirir, elmi istiqamət verir, ictimailəşdirir. Onun Söz gücü Təbiətin ilahi eşqini ürəklərə daşıyır. Bunu bayatılarında daha aydın hiss etmək olur. Təbiətə sevgi ona qayğıkeş münasibətdən başlayır. Bu cür münasibətin yeniyetmə və gənclər arasında yaradılmasının gələcək nəslin həyati vacib bir məsələ kimi ekoloji mühitin sağlamlaşdırılmasında mühüm əhəmiyyəti vardır. Bədii detllardan məqsədli və elmi şəkildə istifadə səmərə verə bilər...”
Qəlbi həyatın hər anını doya-doya yaşamaq arzusu ilə doludur. Onun üçün yeni təcrübələr və sərgüzəştlər həyatın ən dəyərli hissələridir. O, enerjili, optimist və macəra ruhuna malikdir və onun daim yeni məlumatlar öyrənmək və müxtəlif mədəniyyətlərlə tanış olmaq istəyi heç vaxt tükənmir. Onun bu liberal xarakteri karyerasından tutmuş şəxsi həyatına qədər hər sahədə özünü göstərir. Məhdudiyyətlərdən qaçmağa üstünlük verir və həyatda öz yolunu qurmaqda çox qərarlıdır. Münasibətlərdə isə tərəfdaşı ilə səmimi və dürüstdür. Müstəqillik onun üçün çox vacibdir, lakin o, həm də mənalı və dərin əlaqələr qurmaq arzusundadır. Erkən gəncliyindən həyatda azadlıq, macəra və yeni kəşflər axtarır. Bu, onun optimist və macəraçı xarakterini və həyata dərin sevgi və marağını əks etdirir. Yaxşılıq etməyi çox sevir. Əgər kiməsə pislik edibsə, onu həyatı boyu unutmur və davamlı peşmançılıq hissi keçirir. Hər şeyə müsbət tərəfdən baxmağı bacaran insandır. Bəli, bu baxımdan yaxın ətrafı ona həsəd apara bilər...
Əli Rza müəllimə möhkəm can sağlığı arzulayıram...

Hörmətlə, Elman Eldaroğlu