Tələbə köçürülməsi ilə bağlı apellyasiya nəticələrinin açıqlanacağı tarix məlum olub Cəmiyyət

Tələbə köçürülməsi ilə bağlı apellyasiya nəticələrinin açıqlanacağı tarix məlum olub

Tələbə köçürülməsi ilə bağlı Apellyasiyaya müraciətlərinin nəticələri avqust ayının sonunadək elan olunacaq.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, xaricdə təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən kütləvi imtinalar gəldikdən sonra tələbələr Apellyasiyaya müraciət ediblər.

Xatırladaq ki, apellyasiyaya müraciətdən öncə sosial şəbəkələrdə xaricdə təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsinə süni əngəllər yaradıldığına dair iddialar paylaşılıb. Tələbələr iddia edib ki, ya onlara kredit sayı bəhanəsi ilə, ya da YÖS imtahanı ilə bağlı müxtəlif arqumentlər səbəb göstərilir və köçürülmə prosesi həyata keçirilmir. Belə ki, tələbələrin sözlərinə görə, onların böyük hissəsi 2023-cü ildə Türkiyə dövlət universitetlərinin keçirdiyi YÖS imtahanı ilə ali məktəblərə qəbul olunub, lakin agentlik onlara yalnız TR-YÖS nəticələri etibarlı olduğunu deyir. Hətta bəzi tələbələr Təhsildə Keyfiyyət Təminatı Agentliyinə köçürülmə ilə bağlı rəsmi şəkildə 250 manat dövlət rüsumunun ödədiyini və köçürülmə üçün şəhadətnamə də aldığını iddia edib.