16:20
700
Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları təsdiqlənib.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərar qəbul edib.
Qaydalar körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş maye və yaxud toz halında olan qida formullarına dair tələbləri müəyyən edir.
Qaydaların tələblərinə cavab verən qida formullarının dövriyyəsinə yol verilir.
Qida formulları yalnız fiziki üsullarla emal edilməli, məhsul və ya onun komponenti ionlaşdırıcı şüalanma ilə emal edilməməlidir.
Qida formulları aşağıdakı 2 növə bölünür:
- Körpələrin ilk 6 ayında qidaya tələbatının ödənilməsi məqsədilə nəzərdə tutulmuş 1 nömrəli qida formulu;
- Altı aylıqdan üç yaşınadək uşaqların qidaya tələbatının ödənilməsi məqsədilə nəzərdə tutulmuş 2 nömrəli qida formulu
1 nömrəli və 2 nömrəli qida formulları pərakəndə satış yerlərinə yalnız qablaşdırılmış formada yerləşdirilə bilər.
Bu Qaydalar tibbi məqsədlər üçün hazırlanan qida formullarına dair tələbləri əhatə etmir.
Qərar 2026-cı il martın 4-dən qüvvəyə minir.