“Təbriz folklor örnəkləri” kitabı çapdan çıxıb Güney Azərbaycan

“Təbriz folklor örnəkləri” kitabı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu Elmi Şurasının qərarı ilə "Təbriz folklor örnəkləri" (I kitab) çap olunub. Nəşrdə Təbriz bölgəsinin zəngin şifahi xalq yaradıcılığı örnəkləri toplanıb.
Layihənin rəhbəri AMEA Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu (İmanov), toplayıcıları Kazım Abbasi ("El bilimi" dərnəyinin üzvü), Əhəd Fərəhməndi, Əli Bərazəndə, Məhəmməd Əlipur Muqəddəm, redaktoru Səkinə Qaybalıyevadır. 444 səhifəlik kitabın girişində "İnstitutdan" başlığı altında təqdim olunan yazıda bildirilir ki, bu gün dünyada ümumi sayı 50 milyonu ötmüş Azərbaycan türklərinin etnik təfəkkürünü canlandıran, dilini, tarixini, mənəvi aləmini qoruyub saxlayan zəngin şifahi söz sənətinin - folklor irsinin toplanması, sistemləşdirilməsi və nəşri vacib məsələlərdəndir. Bu zərurəti nəzərə alan Folklor İnstitutu əksəriyyəti öz doğma ata-baba yurdunda yaşayan soydaşlarımızın qoruyub günümüzədək saxladığı şifahi xalq ədəbiyyatı nümunələrinin ayrı-ayrı seriyalar altında, çoxcildliklər şəklində ardıcıl çap olunmasına böyük əhəmiyyət verir.