S.C.PİŞƏVƏRİNİN AZƏRBAYCANA DÖNÜŞÜ ƏRƏFƏSİNDƏ… Güney Azərbaycan

S.C.PİŞƏVƏRİNİN AZƏRBAYCANA DÖNÜŞÜ ƏRƏFƏSİNDƏ…

1-ci yazı

Xarici qoşunlar İran ərazisini işğal edərkən ölkənin hər yerində olduğu kimi Azərbaycanda da sosial-iqtisadi vəziyyət ağır idi. Ölkənin bu regionunda yeridilən dövlət siyasəti ideoloji baxımdan buradakı aborigenlərin farsdan dönmə olması tezisinə əsaslanıb bütün sahələrdə: təhsil, elm, mədəniyyət, eləcə də dövlət atributları ilə bağlı bütün təsisatlar və müəssisələrdə farslaşdırma siyasəti geniş planda icra olunurdu. İranın rəsmi dövlət sənədlərindən birində açıqca yazılırdı ki, "...Azərbaycanda iranlılıqdan başqa hər hansı milliyyətdən söz gedə bilməz".
Müttəfiq qoşunları İrana daxil olmamışdan əvvəl Azərbaycan hər cəhətdən Rza şahın amansız müstəmləkəçilik zülmü altında inləyən regionlardan biri idi. Azərbaycanlıların azadlığa və muxtariyyata güclü meyilli olduğunu yaxşı bilən Rza şah buradakı vətənpərvər qüvvələri məhv etdirməklə kifayətlənməyib, Azərbaycanı İranın tərkibində geridə qalmış bir bölgə kimi saxlamışdı. 30-cu illərdə Təbriz və onun ətrafi güclü sellərin zərbəsinə məruz qalarkən, əhalinin şaha və dövlət orqanlarına müraciəti cavabsız qalmışdı. Üstəlik sel dağıntılarını aradan qaldırmaq məqsədilə qismən də olsa Təbriz əhalisi tərəfindən yığılmış pulun böyük hissəsi Təbriz ostandarlığı tərəfindən mənimsənilmişdi.
"1299-cu il 3 Esfənd kudətası (çevriliş) (1920-ci il fevral) və Rza şah hökumətinin bərqərar olmasından qabaq Azərbaycan özünün coğrafi mövqeyi və təbiətinə görə İranın abad və sərvətli əyalətlərindən biri idi. Azərbaycanda ana dilində bir neçə qəzet nəşr edilirdi. Məktəblərdə Azərbaycan dilində teatr
tamaşaları göstərilirdi və Azərbaycanın xarici məmləkətlərlə ticarət və iqtisadi münasibətlər inkişaf edirdi. Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi ilə qara günlər başlandı. Azərbaycanda ana dilindən istifadə etmək, ana dilində oxuyub-yazmaq, hətta məhkəmələrdə belə ana dilində danışmaq qadağan edildi. Azərbaycan xalqı cürbəcür təhqirlərə məruz qaldı. İranın keçmişdə çırağı və gözü hesab olunan Azərbaycanla bir müstəmləkə kimi rəftar etdilər" (Yenə orada). Rza şah dövründə Tehranın Azərbaycana öz müstəmləkəsi kimi baxmasını hökumətin bu əyalətin insanlarını aclıq və qıtlıqla imtahana çəkməsində də görmək olar. "Varlıq" jurnalı həmin dövrdəki olaylardan belə bir faktı misal olaraq gətirir ki, 1940-cı ildə İran bazarında buğdanın hər xalvarı 400-350 riala getdiyi bir vaxtda, Təbrizdəki ostandar (vali) Azərbaycan kəndlisinə qarşı zor işlədib, buğdanın hər xalvarını 140 riala alıb mərkəzə yollayırdı. 1941-ci ilin qışında aclıqla üzləşən Azərbaycan əhalisinə Rza şahın Gürgandakı mülkündə hasil olan buğdanı Astara yolu ilə Təbrizə gətirib, hər xalvarını 600 riala satıblar, Gürgandan gətirilmiş arpa nəmləndiyindən onu Təbriz hərbi dairəsindəki atlar yemədiyini Vali Mostəfiyə xəbər verərkən o cavabında: "Atlar yemirsə, verin təbrizli eşşəklər yeyər" – demişdi.
O zaman "Peykar" qəzeti həmin dövrün siyasi-ideoloji mənzərəsini belə təsvir etmişdi: "İranın əhalisinin qeyri-fars olan geniş regionları, xüsusən Azərbaycan, Kürdüstan, Ərəbistan (Xuzistan) bu gün də hər cür hüquqdan məhrumdurlar. Burada yaşayan uşaqlar qeyri-ana dilində olan məktəblərdə oxumağa məcburdurlar. Həmin rayondan Məclisə seçilmiş nümayəndənin mandatı fars dilini bilmirsə, təsdiq edilmir. Bütün dövlət məmurları farslardan təyin olunurlar və onlar bu rayonların əhalisinə qul kimi baxırlar. Onların ərizə və şikayətləri mütləq fars dilində olmalıydı. Hüquq-mühafizə orqanları fars dilində tərtib olunmayan ərizələri qəbul etmirlər, bu da çox vaxt milliyyətcə fars olmayan şəxslərin qeyri-qanuni surətdə məhkum olunmasına səbəb olur".
Rza şahın hakimiyyəti illərində Azərbaycan dilində kitab, qəzet, jurnal çap etmək rəsmən qadağan edilmişdi. Assimilyasiya tədbirləri qeyri-farsların, o cümlədən azərbaycanlıların milli-mədəni, mənəvi, sosial-iqtisadi həyatının bütün sahələrinə tətbiq edildi. Həmin dövrdə Azərbaycanda bir sıra dövlət məqamlarında işləmiş A.Mostofi (O, əvvəlcə səbt (natariust) idarəsinin rəisi olmuş 1936-cı ilin fevralından 4-cü Ostanın (Qərbi Azərbaycan) 1938-ci ilin avqustundan şərqi, Azərbaycanın (3-cü ostan) valisi (ostandarı) vəzifələrində işləmişdi – Ə.R.) sonralar etiraf edirdi ki, "...O, azərbaycanlılara yas yerində türkcə ağı deməyə belə icazə vermirdi. "Mən onlara başa salırdım ki, siz Daryuşun və Kambizin əsl xələfləri nə üçün Əfrasiyab və Çingizin dilində danışırsınız?" Rza şah hakimiyyətinin ilk illərində Azərbaycanda maarifə başçılıq etmiş R.Möhsünü azərbaycanlı ziyalıları Təbrizə bir toplantıya yığıb azərbaycanca hər cür tamaşanın qoyulmasının və maarif idarələrində və məktəblərdə türkcə danışığın qadağan olduğunu bildirdikdən sonra demişdi: "Məktəblərdə hər kəs türkcə danışsa, eşşəyin noxtasını onun başına salıb, axura bağlayın".
Azərbaycan maarifınə rəhbərlik etməkdə Möhsününü əvəz etmiş Zövqi məktəblərdə türkcə danışanlara əvvəlcə cərimə, sonra isə fıziki cəza verilməsini əmr etmişdi. O, Azərbaycan məktəbində hər fars sözünün mənasını türkcə uşaqlara başa saldığı üçün (nan - çörək, ab - su, xrus - xoruz və s.) kənd müəlimini ciddi cəzalandırmış və ona "nan" deyərkən çörəyi, "ab" deyərkən suyu, "xrus" deyərkən xoruzu göstərməyi "məsləhət" görmüşdü. Təbriz ostandarlığından (qubernatorundan) Rza şah tərəfindən Tehrana daha yüksək vəzifəyə çəkilmiş Abdulla Mostəfi müsahibələrinin birində xalqı təhqir etməkdən çəkinməyib demişdi: "Yonca yeyib məşrutə alan Azərbaycan türkləri ələf yeyib İranı abadlaşdırarlar" (Yenə orada).
Rza şah hakimiyyətə keçən kimi onun ilk tədbirlərdən biri "fars dilini yabançı sözlərdən təmizləmək" adı altında 1926-cı ildə Müdafiə Nazirliyi nəzdində xüsusi komissiya təşkil etmək oldu. Həmin komissiya "Əcnəbi söz" adı altında bütün türk sözlərini hərbi leksikondan çıxartdı. Sonra bu iş genişləndirilib yer, dağ, çay və yaşayış məntəqələri adlarının dəyişdirilməsinə, daha sonra adamların adına və soyadına tətbiq edildi. 1934-cü ilin payızında İran Məclisi "Ölkədə başqa dillərdə məktublaşmaya, şikayət və ərizələrə baxmağa yasaq qoymaq haqda" qanun qəbul etmişdi.
Qeyri-fars regionlara qarşı ayrı-seçkilik Azərbaycanın da mərkəzdən asılılığını gündən-günə artırdı. Həmin dövrə aid ayrılmalarda dövlət büdcəsindən Azərbaycanın bütövlükdə payı İsfahan və ya fars şəhərlərinə ayrılmış paydan az idi.
1946-cı il İran statistikası rəqəmlərinə əsaslansaq, məlum olur ki, 1938-1939-cu ildə ümumölkə üzrə sənayeyə (hərbi və metallurgiya istisna olmaqla) o zamankı pul vahidi ilə 1300 milyon rial xərclənmişdi. Bu vəsaitin isə cəmi 3% Güney Azərbaycana sərf olunmuşdu ki, bu da əsasən yüngül sənayeyə, emalatxana və əl sənayesinə xərclənmişdi. 30-cu illərdə (1932-1940) İran dövlətinin sənayeləşdirmə tədbirləri ilə bağlı aksioner kampaniyalarının sayı 93-dən 1735-ə, onların kapitalı isə 143 milyon rialdan 1863 milyon riala çatdığı halda, Azərbaycanda həmin dövrdə bu rəqəm 32 milyon rialdan yuxarı olmamışdı ki, bu vəsaitin də böyük qismi mərkəzdəki kompaniyaların payına düşürdü. 1940-ci ilə aid olan məlumatlardan bəlli olur ki, İranda mövcud olan o dövr üçün müasir istehsal üsuluna əsaslanan 25 iri toxuculuq müəssisəsindən biri də Azərbaycanda yox idi. Təbrizdəki "Pəşminə", "Zəfər", "Kəlkətəçi" kimi toxuculuq müəssisələri milli kapitalın sərmayəsi ilə yaradılmış və dövlətdən maneçilikdən başqa heç cür yardım görməmişdi. Təbrizdəki kibrit karxanası xoylulara, "Mir" adlı qismən iri sabunbişirmə zavodu təbrizlilərə, toxuculuq karxanaları Təbriz, Xoy, Marağa və Ərdəbilin iş adamlarına məxsus olmuşdu. 30-cu illərin ortalarına aid olan statistikada Təbrizdə fəaliyyət göstərən 60 istehsal müəssisəsindən cəmi 4-də çalışanların sayı 100 nəfərə çatırdı, qalanları isə kustar xarakterli, əl əməyinə əsaslanan (burada əsasən qadın və uşaqlar işləyirdi) müəssisələr olmuşdu. Dövlətin Azərbaycanın sənayeləşdirilməsi tədbirlərini öz fəaliyyətinə cəlb etməməsi bir yana qalsın, milli sərmayə hesabına yaradılmış müəssisələrin normal fəaliyyətinə müxtəlif vasitələrlə mane olurdu və onların üzərindəki vergi yükünü daim artırırdı. İri dövlət sənaye müəssisələrinin, əsasən ölkənin mərkəzində yaradılması ilə yanaşı "ucqarların" milli kapitalının mərkəzə axını da şirnikləndirilirdi. Kapitalın və işçi qüvvəsinin farsdilli mərkəz şəhərlərdə təmərküzləşməsi "ucqarların" hər cəhətdən (siyasi, iqtisadi, mədəni və b.) zəifləməsini gücləndirirdisə, qeyri-farsların mərkəzdə assimlyasiyasını, öz dilini və milli kimliyini itirmə prosesini sürətləndirirdi. Bu isə Rza şah rejimini dövlət siyasətinin mühüm tərkib hissələrindən biri idi. "İdarə işlərinin Tehranda cəmləşdirilməsi siyasəti İran ostanlarının hamısına, xüsusən Azərbaycanın iqtisadi fəaliyyətinə mənfi təsir göstərmişdi. Azərbaycan kapitalistləri, təcrübəli mütəxəssisləri və fəhlələrinin Tehran və digər mərkəzlərə miqrasiyası İranın iqtisadi inkişafinı sürətləndirdi".
Amerikalı müəllif Con Furan yazır ki, 1323-1324-cü büdcə ili (1944-1945) üçün təkcə Tehran şəhərinə ayrılmış vəsaitin miqdan bütövlükdə Azərbaycana ayrılmış vəsaitdən 20 dəfə çox olmuşdu, halbuki, o zaman Güney Azərbaycanın əhalisi Tehrandakılardan 3 dəfə çox idi.
Azərbaycanda sənayeni inkişaf etdirmək üçün kifayət qədər yerli xammal, fiziki qüvvə və şəraitin olmasına baxmayaraq dövlət bu sahələrdə qəsdən maneçilik yaradırdı. Maliyyə vergilərinin artırılması, dövlət məmurlarının özbaşınalığı, çoxsaylı süni maneələrinin ortaya atılması Azərbaycanda yerli milli sənayenin yaradılması və inkişafı yolundakı əngəllər idi. Vaxtilə dövlət hesabına Miandabda tikilmiş şəkər zavodu 1940-1941-ci illərdə ölkədə mövcud olan 8 şəkər zavodundan yeganə nümunə idi. Çox geniş xammal ehtiyatına və ucuz işçi qüvvəsinə malik olmasına baxmayaraq, onun istehsal etdiyi qənd-şəkər Azərbaycandakı tələbatın heç əllidə birini də ödəyə bilmirdi.
İkinci Dünya müharibəsi ərəfəsində Güney Azərbaycanda az-çox gözəgəlimli sənaye obyektləri aşağıdakılardan ibarət olmuşdu. 40-ci illər ərəfəsində Güney Azərbaycanda başlıca sənaye müəssisələr: Müəssisələr, işə salındığı tarix, yerləşdiyi yer: "İran gön zavodu", 1930 Təbriz; "Təbriz un dəyirmanı" 1930, Təbriz; "Rəfii un dəyirmanı" 1930 "-"; "Sitarə pivə zavodu" 1930 "-"; "Xosrovi göndəri zavodu", 1931 "-"; "Bəradərane - Vahabzadə gön zavodu", 1932 "-"; "Ümid" gön zavodu 1932 "-"; Corab fabriki 1932 "-"; "Pəşminə" yun parça fabriki 1936 "-"; Yun təmizləmə fabriki 1937 "-"; "Azərbaycan" (sonra "Kəlkətəçi") toxuculuq fabriki, 1937 "-"; "Təbriz elevotoru" 1939 "-"; "Miandab qənd zavodu", 1939, Miandab. Yuxarıdakı müəssisələrin heç biri (Miandab qənd zavodu və Təbrizdəki elevator istisna olmaqla) dövlət sərmayəsi ilə işə salınmamışdı. Bu müəssisələrin istehsal gücü olduqca aşağı həddə idi. Məsələn, Təbrizdəki kibrit fabriki təkmilləşdirildikdən sonra oradakı işçilərin sayı 65 nəfərdən çox olmamışdı ki, bunun da çoxu 7-14 yaşlı uşaqlardan ibarət idi.

Əkrəm Rəhimli
AMEA Şərqşünaslıq İnstitutunun
"Güney Azərbaycan elmi araşdırmalar"
şöbəsinin müdiri