Cənubi Azərbaycan folklorunun qüdrəti Güney Azərbaycan

Cənubi Azərbaycan folklorunun qüdrəti

1-ci yazı

"Cənubi Azərbaycan folkloru" anlayışı əslində elmi prinsip və məlum ərazi mühiti, region hüdudu mənasında, hamımıza məlum olan tarixi faciəmizdən miras qalan bir ədalətsiz torpaq "bölgüsünün" məcburiyyəti ilə şərtlənən süni differensasiyadır. Əslində isə Cənubi Azərbaycan bədii təfəkkürü ilə Şimali Azərbaycan el-obasının zəngin bədii-estetik təfəkkürü eyni bir xalq ruhunun iki çaları kimi qəbul edilməlidir. Axı bu da böyük həqiqətdir ki, yadelli işğalçılar bu torpağı iki yerə bölə bilər, millətin övladlarını pərən-pərən sala bilər, amma onun dilini kəsə bilməz, fikrini, təfəkkürünün bütövlüyünü kəsib-doğraya bilməz, sözünü yarımçıq qoya bilməz. Bu, tarixin sınaqlarından çıxmış bir təkzibedilməz faktdır.
Orta əsrlərdə Yaponiyada imperator saray qulluqçularına, xüsusən də elmə, ədəbiyyata bələd olan adamlarına tapşırıq verirdi ki, xalq təfəkkürünün insan mənəviyyatı ilə, cəmiyyətin təbiətlə bağlı yaratdığı bütün bədii məhsulları toplasınlar, çünki xalqın cəmiyyətə, dövlətə, quruluşa, dinə və ümumiyyətlə, hər cür maddi və mədəni təsisata güclü reaksiyası, razılığı, narazılığı, təbiətlə bağlı fəlsəfəsi, hökmdarlara münasibəti, xalqın sevinci, kədəri, vətənə məhəbbəti, düşmən nifrəti daha çox bədii təfəkkürdə öz əksini tapır. Bu mənada xalq yaradıcılığı nümunələri bizə imkan verir ki, öz nöqsanlarımızı başa düşək.
Bu mənada bizim xalqımız da istisna deyil. Azərbaycan xalqı, o taylı-bu taylı müdriklərimiz yaratdığı məsəllərdə, atalar sözlərində, nağıl və əfsanələrdə, dastanlarda öz ruhunu, mübarizə əzmini, el müdrikliyini, fəlsəfəsini, estetik zövqünü, əxlaqi düşüncələrini, nifrət və məhəbbətini məhz belə söz inciləri ilə ifa edə bilib. Mən heç vaxt nağıl və əfsanələri, hətta fantastik və sehrli nağıllarımızı uydurma hesab etməmişəm. Çünki insan heç vaxt gözlə görmədiyinin obrazını hətta fantastik şəkildə də yarada bilməz. Bədii sənət əsəri yalnız təxəyyülə əsaslanmır, əksinə, təxəyyülün rasional toxumu elə gerçəkliyin özündədir. Amma xalq müəyyən, "qorxu" təsiri ilə öz fikri və münasibətlərinə əfsanə, nağıl duvağı çəkib və bir növ özünü cəzalardan qoruyub. İkinci tərəfdən folklor nümunələri sözü heç vaxt çılpaq şəkildə ifadə etməyib, onu gözəllik libası ilə bəzəməyi sevib. Çünki söz quru ifadə və inikas yolunu sevmir. Bu mənada bədii ədəbiyyat, xüsusən folklor tarixlə tamamilə şərikdir və əslində bədii formaya bükülmüş tarixi həqiqətdir.
Cənubi Azərbaycan xalqının tarixi faciələri də onun bədii təfəkkürünün əsas məzmununu təşkil edir. Məsələ elə təkcə bununla bitmir, xalq öz güclü təfəkkürü ilə həyatın, təbiətin fəlsəfəsini, onun dialektikasını son dərəcə sərrast, dəqiq ifadə edə bilir.
Biz Cənubi Azərbaycan folklorunun qüdrətini də bu faktorlarla bağlamağı düzgün hesab edirik. Onu da deyim ki, Cənubi Azərbaycan folklorunun ciddi, səliqəli, səriştəli şəkildə, konkret elmi prinsiplərə uyğun şəkildə toplanmasının özü Folklor İnstitutunun böyük uğurudur və təbii ki, bu uğur institut əməkdaşlarının, toplayıcılarının, tərtibçilərinin elmi və filoloji diapazonunu, estetik fəhmini, səriştəsini konkret şəkildə ifadə edir. Bu mənada bu folklor nümunələrini böyük səbrlə toplayan alimlərin misilsiz fədakarlığını xüsusilə qeyd etmək lazımdır. Bu çoxcildlik kitablarda toplanmış folklor nümunələri əlbəttə, pərakəndə şəkildə səpələnməyib, konkret, müəyyən elmi sistemə salınmışdır ki, bu da oxucular üçün hər mənada rahat imkan yaradıb. Təbii ki, Cənubi Azərbaycan və Şimali Azərbaycan folklor nümunələrinin dünyagörüşü, fəlsəfi baxışları etik-estetik münasibətləri baxımından yaxınlığı dərhal seçilir. İstisnalıq və fərq isə yalnız bir xalqın müxtəlif dialekt xüsusiyyətlərindədir, yəni bu kitablarda şivə-ləhcə xüsusiyyətlərinin qorunub-saxlanması xalq deyimlərinin, ifadə tərzinin sənətkarlıq zənginliyinin ümumi mənzərəsini əks etdirir. I cildə ön sözü yazan mərhum professor İsrafil Abbaslı xüsusi elmi səriştə və güclü elmi təəssüratla toplanan nümunələrə münasibətini aşağıdakı şəkildə, çox dürüst izahla toplunun mündəricəsini belə ifadə edir.
"AFA seriyasının nəşrində öncədən elan olunmuş aşağıdakı prinsiplərə əməl olunub: hər bir bölgənin (regionun) tarixi keçmişi və folklor örnəklərinin səciyyəvi özəllikləri barədə ön söz, örnəklərin (ərazinin danışıq tərzi, dialekt və şivə-ləhcə xüsusiyyətləri qorunmaqla) növ və janrlar üzrə təsnifatın aparılması, söyləyicilər – informatorlar və toplayıcılar haqqında məlumatlar, ayrı-ayrılıqda hər bir cilddə nümunələrin yaşatdığı mifoloji və folklor obrazları, əşya, predmet, insan, heyvan, kənd, qaya, çay, müqəddəs daşlar, məişət alətləri və özgə bu kimi adlar göstəricisi qismən nəzərə alınıb (I cild, ön sözü. səh.4). Müəllif görülən bu böyük işin qayə və məqsədini çox dürüst ifadə edib. Axı hamımıza məlumdur ki, istər yazılı, istərsə də hər cür şifahi xalq nümunələrinin ümumi və xüsusi koloritlərini qoruyub saxlamaq son dərəcə vacib şərtdir. Bu şərt isə yalnız zahiri, formal cəhətləri yox, həm də daxili etik-estetik funksiyanı əhatə edir. Forma və məzmunun çalar zənginliyini, əlvanlığını, bədii fikir zənginliyini sübut edən faktorlardır. Bu kitabda toplanan folklor nümunələrinin yaranma coğrafiyası, şəraiti də xüsusi səciyyəvi cəhətləri ilə seçilən və böyük bir həqiqəti sübut edir: Azərbaycan xalqı dünyanın hansı ərazisində məskunlaşır – məskunlaşsın, hansı mühitə düşür-düşsün, hansı siyasi təzyiqə məruz qalırsa-qalsın, bu xalq heç vaxt öz milli simasını, ənənələrini, adətlərini, mədəniyyət tarixini unutmur, onu daim inkişaf etdirir və ümumdünya mədəniyyətinə orijinal şəkildə inteqrasiya edə bilir: bu xalq dünyaya baxışı, sözünün naxışı, ülfəti, nifrəti, alqışı-qarğışı, hətta dərdi, sevinci və düşüncə tərzi ilə başqalarından seçilir, özü də yaxşı mənada seçilir.
Xalq öz milli xarakterini, koloritini qoruyub saxlamaqla yalnız kortəbii, formal xüsusiyyətlərini yaşatmır, həm də özünün əbədi əxlaq kredosunu sübut edir. əni bu xalqın çox az nümayəndələri akkulturalizm təsirinə düşə bilər. Belə bir fakt da bizim qəlbimizdə qürur hissi yaradır ki, Dərbənd, Borçalı, Zəngəzur, Ağbaba, Göyçə, Qaraqoyunlu, Dərələyəz, Təbriz, Həmədan və s. bölgələrdən toplanmış folklor nümunələri bizi yalnız estetik, etik cəhətdən qürurlandırmır, həm də bizim xalqımızın ruhunu, milli psixologiyasını, dünyagörüşünün spesifik cəhətlərini, sözə münasibətini, xalqın lüğət tərkibinin zənginliyini, ayrıca sözün estetik tutumunu çox dürüst və sərrast ifadə edir.
Bu zənginlik yalnız təkcə xalq təfəkkürünün davamlı inkişafını sübut etmir, həm də onu sübut edir ki, folklorun yaranma prosesi statik xarakter daşımır, o daim inkişaf edir. Xalq təfəkkürünün dialektik xarakter daşıdığını sübut edir. Daha doğrusu, bu kitablar sübut edir ki, folkloru təkcə keçmiş hesab etmək, onu bu günün məzmunundan təcrid etmək sadəlövhlük olardı. Çünki bu günün özü də bir vaxt keçmişə dönəcək və o da xüsusi tədqiqatlara möhtac olacaq.
Buna görə də düşünmək lazımdır ki, elə indinin özündə də folklor yaradıcılığı davam edir: müdrik, ibrətamiz sözlər, ibarələr, məsəllər, hətta rəvayətlər belə yaranır və gələcək nəsil bunları maraqla oxuyacaqlar. Məsələn, bir çox rayonlarımızda indinin özündə də bayatılar yaranır və dildən-dilə düşür. Məsələn, Zaqatala rayonunda adi təsərrüfatçı, sağıcı, fəhlə elə bayatı yaradır ki, onlar da elə folklor nümunələri hesab olunmalıdır. Axı folklor sözünün mənası "xalq yaradıcılığı" deməkdir. Bir çox müasir bayatılar məzəli əhvalatlar, mahnılar, qanadlı sözlər indinin özündə də yaranır, özü də şifahi şəkildə, müəllifləri də bilinmir. Maraqlıdır ki, indinin özündə yaranan elə şeir nümunələri var ki, onlar çox variantlıdır, heç dəqiq müəllifi də bilinmir.
Cənubi Azərbaycan folklorunun toplanmasında bir müsbət cəhəti də qeyd etmək vacibdir. Xalq yaradıcılığı nümunələri bir külçə şəklində, bəzən tam "istehsal" olunmamış şəkildə tədqim edildikdə fədakar folklor alimlərimiz bu "qızıl" külçəsinin ümumi forma və məzmununa toxunmadan bu külçəni gərəksiz, ona uyuşmayan, qum-torpaq örtüyünü ondan təmizləməklə fitrətən yaranmış şifahi ədəbi irsi öz təbii donunda saxlamağa çalışır və onu zorla, müasirləşdirmədən qoruyurlar. Cənubi Azərbaycan folkloru haqqında, xüsusən bu xəzinənin toplanılması haqqında danışarkən bir məsələni də unutmaq olmaz. Məlumdur ki, Cənubi Azərbaycanlı qardaş-bacılarımız öz milli simasını, dilini, koloritini qoruyub saxlasalar da, hansı səbəbdənsə bəzən fikrin ifadə tərzinə az da olsa fars dilinin, fars mühakimə tərzinin təsiri özünü göstərir. Bu da çox təbiidir. Əlbəttə, tədqiqatçılarımız heç vaxt orijinallara necə deyərlər, qondarma etiket bağlaya bilməz. Amma dildə yox, dini etiqaddakı bəzi təqlid xüsusiyyətləri oxucularda bir qədər yanlış təsəvvür yarada bilər. Məsələn, Aleksandr Xodzkonun "Koroğlu" eposu haqqında tədqiqi və dastanın tərcüməsi bu faktı sübut edir. "Koroğlu" dastanının bizdə, yəni Şimali Azərbaycanda toplanmış və nəşr olunmuş nüsxələrində Koroğlu, onun səfərləri, qəhrəmanlıq epizodları daha təbii görünür. Amma A.Xodzonun tərcüməsində fars dili təsəvvür təsiri təbiiliyi pozur, Koroğlu bəzi məqamlarda bir obraz, bir qəhrəman kimi öz təbii naturasından süni şəkildə təcrid olunur: A.Xodzkonun tərcüməsində Koroğlu həqiqi milli qəhrəmandan çox macəra qəhrəmanlarını, orta əsr ərəb, məqamə janrının qəhrəmanlarını xatırladır, bəzən də o, misgin, hətta bir qədər qorxaq cəngavər obrazını xatırladır. Həmin tərcümədə Koroğlu az qala anti Koroğlu kimi qələmə verilir. Bəzən Koroğlu bədbin mistikaya uyur, pietizm-xalis möminlik səviyyəsinə enir, Kəbəni ziyarət etmək arzusu ilə, xalis doqmatik dini ehkamların təsirinə düşür. Onun işlətdiyi ifadələr onu Koroğlu kimi səciyyələndirmir. Bu tərcümədə Koroğlu bir hərəmxana sahibi kimi təqdim olunur. Axı Koroğlu ömrünün axırında etiraf edir ki, o, Nigardan başqa heç bir könül sirdaşı tanımamışdı. Amma bütün bu təhriflərə baxmayaraq A.Xodzkonun böyük xidmətini, Koroğlunu Avropaya tanıtmaqda onun rolunu qətiyyən kiçiltmək niyyətində deyiləm. Çünki həmin tərcüməni oxuyan hər bir tədqiqatçı, hətta adi oxucu belə oxuduqda açıq-aydın başa düşür ki, bu alimin özü də materialı fars təsirinə düşən informatordan alıb.

Səbuhi Bədəlov