Cənubi Azərbaycan folklorunun qüdrəti Güney Azərbaycan

Cənubi Azərbaycan folklorunun qüdrəti

2-ci yazı

Bir fransız yazıçısı Jorj Sandın Koroğlu haqqında yazdığı əsəri də məhz belə qiymətləndiririk. Azərbaycan dilinin ifadə zənginliyi, təşbeh və metaforlarla, sinonim, omonim bolluğu ilə, atalar sözü və məsəllərlə büründüyünü nəzərə alsaq, onu da etiraf etməliyik ki, Aleksandr Xodzko özü də bu həqiqəti dərk etdiyi üçün "Koroğlu" dastanında da şeirləri – qoşma və gəraylıları "improvizasiya" adı ilə verib, poetik fikri nəsr şəklində izah etməyə məcbur olub.
Bu mənada çoxcildliyin birinci cildinə ön sözü yazmış professor İsrafil Abbaslının aşağıdakı fikirləri maraqlıdır. O, belə yazır: "Əlbəttə, Azərbaycan türkcəsinin, geniş anlamda isə ümumiyyətlə, türk dilinin fars dili ilə müqayisədə daha zəngin çalarlara, söz ehtiyatına malik olduğu haqqında istər ünlü tarixi simalar, istərsə də çağdaş araşdırıcılar onlarla tədqiqatlar yazıb və dəyərli fikirlər söyləyiblər. Əmir Əlişir Nəvainin çağatay dilinin farsca müqayisədə hansı üstünlüklərə, zənginliklərə malik olduğunu müəyyənləşdirən "Mühakimətul-lüğət teyn" əsəri də daxil olmaqla bu problemin öyrənilməsi Güneyli həmkarlarımızın da həmin diqqət mərkəzində olub. Maraqlıdır ki, doktor Cavad Heyyət "Müqayisəli-lüğət" əsərində 1650 türk sözünün fars dilində qarşılığının olmamasını aşkarlayıb və belə bir nəticəyə gəlib ki, farslar bu sözlərin əvəzinə ərəb və türk dillərindən alınan sözlərdən istifadə ediblər. Bu baxımdan Güney folkloru toplusunda təqdim olunan mətnlərin qeyd edilən səbəblər ucbatından farscadan Azərbaycan türkcəsinə tərcüməsi zamanı danışıq dilinin, milli koloritin nə dərəcədə qorunduğunu yəqin etmək mümkündür".
Bu məsələ ilə bağlı başqa bir misal gətirmək istəyirəm. XIX əsrdə rus alimi və şairi, adıyla fəxr etdiyimiz professor Mirzə Cəfərdən Şərq dillərini və ədəbiyyatını öyrənən Pavel Petrov "Aşiq" təxəllüsü ilə şeirlər yazıb və Mirzə Cəfərin şeirlərini rus dilinə tərcümə edib. O, hətta arzu edirdi ki, rus dilində qəzəl də yazsın. Böyük rus tənqidçisi V.Q.Belinski Pavel Petrovun tərcüməsində Mirzə Cəfər Topçubaşovun şeirlərini oxuduqdan sonra belə deyib (1835-ci ildə): "Hörmətli Mirzə Cəfərin şeirləri haqqında bir söz deyə bilmərik, ona görə ki, bu şeirlər Şərq dillərində yazılıb və buna görə də bu şeirlər bizim üçün başa düşülməzdir. Lakin onu da deyim ki, biz əminik ki, bu şeirlər tərcüməsindən müqayisə olunmayacaq dərəcədə yaxşıdır".
Deməli, tənqidçi, Şərq dillərinin, o cümlədən Azərbaycan dilinin zəngin koloritini etiraf etməli olub. Bir vaxt Kazan Universitetinin professoru Lobaşevsi belə deyib: "Təkcə Füzulini oxuya bilmək xatirinə Azərbaycan dilini öyrənməyə dəyər". Bu böyük alimə də doğma dilimizi başqa bir nəhəng təfəkkür sahibi olan Mirzə Kazım bəy öyrədib.
Bu faktlar bir daha onu da sübut edir ki, Cənubi Azərbaycan folklorunu nəşr edib öyrənmək yalnız məhdud bir funksiya – sadəcə olaraq folklorumuzun zənginliyini sübut üçün faydalı deyil. Belə bir vətənpərvər təşəbbüs həm də dilimizin misilsiz zənginliyini, qeyri-adi ifadə qüdrətini, onun güclü poetik çalarlarını, musiqiliyini ifadə etmək üçün, bu xalqın tarixi qəhrəmanlığını, hansı əzablardan keçdiyini, heç bir milli assimliyasiyaya uğramamasını, xalqın adət-ənənələrinin bolluğunu, məişətini, ailə həyatını, yaşamaq eşqini, sevgisini, nifrətini öyrənmək üçün tükənməz xəzinədir. Eduard Sepir adlı bir tədqiqatçı yazır: "Keçmiş yalnız o zaman mədəni maraq doğurur ki, o hələ də indiki zaman kimi özünü göstərir hələ o, gələcək də ola bilər".
Bu fikir birbaşa elə folklorumuzun tədqiqinə, nəşrinə yayılmasına, toplanmasına, qorunmasına da aiddir. Axı biz çox zaman öz tariximizə soyuqqanlıqla yanaşmış, tariximizi özgə qapılarından öyrənməyə cəhd etmişik.
Yuxarıda adını çəkdiyimiz alimin dediyi kimi biz folklor yaradıcılığını sadəcə keçmişin yadigarı kimi yox, həm də günümüzün bir çox problemləri ilə səsləşən yaradıcılıq sferası, yaradıcılıq aktı kimi qiymətləndirməməli, onu yalnız arxiv materialı kimi yox, milli ədəbiyyatımızın, mədəniyyətimizin bir-birindən təcrid olunmayan komponentləri kimi tədqiqata cəlb etməliyik. Bu da faktdır ki, xalqın şüuru ilə onun duyğuları, hissiyatını eyniləşdirmək olmaz. Şüur köhnələ bilər, hiss və duyğu heç vaxt köhnələ bilməz. "Cənubi Azərbaycan folkloru" çoxcildliyinin çap olunması bir çox cəhətdən son dərəcə böyük əhəmiyyətə malikdir. Uzun zaman doğma ana dilinin yasaq edilməsi faktını indiki nəsil başa düşdükdən sonra bu problemin səbəblərini axtarmalı olacaq, onda öz dilinə dərin məhəbbət hissi bir daha dərinləşəcək, özünün böyük xalqın övladı olduğunu dərk edəcək, özünü ümumbəşər varlığının ayrıca fərd olduğunu başa düşəcək, dostla-düşmənini tanıyacaq, öz mədəniyyətinin çox uzun tarixə malik olduğuna görə özünü xoşbəxt hesab etməklə tarixi keçmişimizin və elə bugünümüzün dolanbac yollarının bir daha öyrənilməsinin vacibliyini dərk edəcək.
Bu kitablarda toplanmış rəngarəng xalq yaradıcılığı nümunələri – zəngin janr örnəkləri təbii ki, son dərəcə maraqlı və cəlbedicidir. Bu nümunələri bir məqalədən təhlil etmək, onların bədii, estetik, etik ləyaqətini bir nəfər tədqiqə cəlb etmək əlbəttə mümkün deyil. Bunun üçün xüsusi və ciddi, xalis elmi səviyyədə xüsusi araşdırma tələb olunur. Özü də xüsusi planla janr təsnifatı ilə, xüsusi problemlər fonunda, obyektiv baxışlar prizmasında, xüsusi milli təfəkkür bucaqlarında aşkar etmək niyyəti ilə ciddi işə girişmək çox-çox vacib məsələdir. Bu tədqiqatlar yalnız ədəbi-bədii dominantlığını (üstünlüyünü) göstərmək, yəni xalis ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən öyrənilməməli, həm də bugünki faciələrimizin fonunda ciddi problemlərimizin nə qədər çətin olduğunu yeni nəslə aşılamaq mənasında da həmişə aktualdır.
Bu gün ədəbi-mədəni irsimizə sahib çıxmaq istəyən bədxahlarımızın ağzını yummaq, həqiqəti daha kəskin şəkildə deyə bilmək, tariximizin hansı yollardan keçdiyini əyaniləşdirmək üçün "Cənubi Azərbaycan folkloru"nun nəşri müstəsna əhəmiyyətli hadisədir. Bu folklor nümunələri yalnız ədəbi-bədii sərvət kimi qiymətləndirməməli, həm də, necə deyərlər, tarixi sənəd kimi dolayısı yolla da olsa, bir ittiham sənədləri kimi hesaba alınmalıdır. Bax, biz belə olmuşuq, bizim mədəniyyətimiz, ədəbiyyatımız bu qədər zəngin olub.
Yəni ədəbiyyat tarixi həm də cəmiyyətin tarixidir. Çünki bir çox tarixi hadisələr öz ifadəsini bədii əsərlərdə toplayıb. Bu mənada mən bayatılarımızdan bir neçə misal gətirmək istəyirəm. Qafqaz Albaniyasının hökmdarı böyük sərkərdəmiz Cavanşirin dövrü ilə səsləşən bu bayatıya diqqət yetirək:

Vermə Xəzərə məni,
Çəkər bazara məni.
Yada qismət olunca,
Salla məzara məni.

Bu bayatıdakı misralar Xəzərlərin Albaniyaya gəlişi ilə bağlı tarixi həqiqətin bir faktını – Azərbaycan qızlarının Xəzərə ərə verilməsi faktını göstərir. Yaxud başqa bir misal:

Apardı tatar məni,
Bazarda satar məni
Vəfalı yarım olsa
Axtarıb tapar məni.

Hələ dialektiklərin formulunu öyrənən Heraklitdən xəbəri olmayan sadə bir xalq nümayəndəsi görün dialektikanı nə dərəcədə sadə, aydın və obrazlı şəkildə ifadə edib, ilkin dialektika anlayışının nə olduğunu bilməyib.
Eləcə də "Cənubi Azərbaycan folkloru" kitabındakı çox maraqlı nümunələr onu tələb edir ki, folklorumuzun özünü də tarixi-müqayisəli ədəbiyyatşünaslıq metodu ilə tədqiq etmək tarixi-siyasi hadisələri öyrənmək baxımından da çox əhəmiyyətlidir. Bunun üçün təkcə tarixi faktlara yox, həm də ədəbi prosesin müəyyən tarixi pillələrinə də istinad etməliyik, yəni hər bir faktı təkcə bədii təxəyyül kimi qələmə verməməliyik. Bu, yazılı ədəbiyyatımıza da aiddir.
5 cilddə toplanmış "Cənubi Azərbayan folkloru" təbii ki, bu cildlərlə məhdudlaşmır və bu kitabları ərsəyə gətirən alimlərin, təşkilatçıların, köməkçilərin hamısı ona görə alqışlanmalıdır ki, onların bu böyük fədakarlığı ədəbiyyatımızın, elmimimizin tarixinə böyük vətəndaş məhəbbətlə yanaşan əsl vətəndaş oxucular bu folklor nümunələrini özləri üçün ən qiymətli mənəvi nemət kimi qəbul edəcək və bir də təsdiq edəcəklər ki, xalq şairimiz Nəriman Həsənzadənin dediyi kimi:

Xalqın böyüklüyü silahlarla yox,
Atalar sözüylə ölçülməlidir!

Səbuhi Bədəlov