Yerli əhali tərəfindən meşələrin bərpası layihəsi həyata keçirilir Güney Azərbaycan

Yerli əhali tərəfindən meşələrin bərpası layihəsi həyata keçirilir

Attila Mənuçehri bir qrup Azərbaycan vətəndaş fəalı ilə birlikdə son günlərdə Şərqi Azərbaycanın Qaradağ meşələrində qoz ağaclarının əkilməsi layihəsi həyata keçirir.

Gunaz.tv

Vətəndaş fəalları qrupu bu il dekabrın əvvəlində genişmiqyaslı yanğınlardan zərər çəkmiş Culfa şəhərinin Siyəhrud rayonundakı Nocəhmehr kənd dairəsinin Nəmlıq (Nəmnəq) kəndi ətrafındakı meşələrdə qoz ağacları əkməyə başlayıblar.

Attila Mənuçehri Azərbaycan Respublikasındakı oxşar təcrübələrə toxunaraq izah edir ki, qoz əkilməsi keçmiş Sovet dövründə Oğuz şəhərinin dağlarında aparılıb və müsbət nəticələr verib.

O, qoz ağacı əkilməsini həm iqtisadi, həm də qoruma tədbiri kimi görür, bir tərəfdən, bu, yerli sakinlərin gəlirlərinin artmasına kömək edə bilər, digər tərəfdən isə son illərdə tez-tez yanğınlar və xəstəliklərlə üzləşən Qaradağ meşələrinin bərpasında rol oynaya bilər.

Mənuçehrinin sözlərinə görə, birinci mərhələdə təxminən 600-700 qoz ağacı əkilib və qrup layihənin ikinci mərhələsini həyata keçirmək üçün iki həftə ərzində əraziyə qayıdacaq.

Xatırladaq ki, Mərəndin Dolatabad kəndindən olan fermer Atila Mənuçehri əvvəllər könüllü olaraq Azərbaycanın müxtəlif yerlərində 3000 hektardan çox püstə bağı salıb.