Təbriz folklorunda “Xına gecəsi” mərasimi nəğmələri Güney Azərbaycan

Təbriz folklorunda “Xına gecəsi” mərasimi nəğmələri

Təbriz məişət mərasimləri içərisində toy mərasimləri özünün qədim tarixi dəbləri, inancları, musiqisinin zənginliyi və s. ilə ayrıca yer tutur. Toy mərasiminin başlanması, onun mərhələliliyi, müxtəlif oyunların həyata keçirilməsi, steoreotip davranışlar və s. toyun tarixi-ritual qaynağında öz izahını tapır. Milli-etnik baxışda qədim Təbriz toy törənlərinin təşkili əsasən "elçilik", "hə almaq", "şirni və kəbin kəsmə", "paltar aparma və üzük taxma", "həna gecəsi", "toy gecəsi" olaraq mərhələli şəkildə həyata keçirilir.
Qədim Təbriz elçilik adət-ənənələrinə görə, ailə həyatı quran oğlan və qızların açıq-aşkar bir-birlərini görüb bəyənmələri yasaq sayılırdı. Onların bir araya gətirilib, nişanlanması yalnız ailə böyükləri, xüsusilə, ana-nənələrin istəyi ilə həyata keçirilirdi. Bəyənilən qız evinə qadınların ilk gedişi elçiliklə balanar, şirni-nabatla qız evinə elçilik edən qadınlar çay gətirməklə gələcək gəlini görmüş olurdular. Qədim adətlərdə yaxın, qohum ailələrin elçiliyində, bəzən qızın elçilərə ilk dəfə görünməsində paylanan çay sinisinə qızıl pul-sikkələr də salınırdı. İslam adət-ənənələrinə uyğun olaraq qız və oğlanın bir-birinə naməhrəmliyi yalnız kəbin mərasimindən sonra aradan qalxmış olurdu. Bunun üçün Təbriz toy törənlərində "hə" almaq, "şirni və kəbin kəsmə" xüsusi olaraq qeyd edilir və bu mərasimə qohum-qonşu, məhəllə adamları da dəvət olunur. Dəvət olunan qonaqlarsa, qız, yaxud oğlan evinə müxtəlif hədiyyələr, qızıl, cehiz əşyaları hədiyyə edirlər. Toy törəninin bu mərhələsi ilə qız və oğlanın növbəti-toya hazırlığı başlanmış olurdu. Qeyd edək ki, qədim Azərbaycan toy törənlərinin əski adət və ənənələri Təbriz mərasimlərində bu gün də qorunmaqdadır. Xüsusilə, xına gecəsi, gəlin hamamı, "toy gecəsi" mərasimləri, bu mərasimlərlə bağlı inanclar, ayrıca törənlərin söz, musiqi üzərində qurulması oxşar, uyğun rituallarda həyata keçirilir. Bu sistemdə inanclar, toy oyunları və musiqi seçimində fərqliliklər öz növbəsində folklor mühitinin özəlliyindən irəli gəlir. Musiqi, söz-bayatı qoşulması üzərində qurulan "həna gecəsi", "toy hamamı", "toy günü" mərasimləri isə özünün zənginliyi ilə seçilir. Məişət mərasimləri, xüsusilə toy-düyünlərdə xalqın əski görüşlərinə bağlı şər qüvvələrin yetirəcəyi xəta-bəlalardan qorunma üzərində qurulan müxtəlif ovsun-deyimlər, ayrı-ayrı inancları da bu kontekstdə ayrıca yer tutur. Toy törənlərində güzgü, al-qırmızı örpək, üzərlik yandırma, şam işıqlandırma, həna çəkmə, müxtəlif geyimlərdə buta rəsmlərinə geniş yer verilməsi və s. həm də şər qüvvələrə qarşı hazırlanan əski təsəvvürlərin izləridir. Təbriz toy mərasimlərində də qeyd olunan geyim-bəzək əşyaları da eyni düşüncəyə bağlı olaraq bu günkü günə qədər qorunub saxlanılmışdır. Bununla yanaşı, xına gecəsi, gəlin hamamı, gəlin çıxarma və s. bağlı müxtəlif ritualların həyata keçi-rilməsində qorunan inanclar da ayrıca yer tutur. Təbriz toy mərasimlərində bu baxımdan bir çox inanclar daha geniş şəkildə yayılıb. ("Gəlin bəy evinə çatanda bəy atdan düşüb, üç dəfə atın belinə minib enməlidir. İnanca görə, bu ritual yerinə yetirilməsə, Al arvadı bəyin yerini tutub ata qalxır, gəlin "həmzatlı" qalar", "Toy günü gəlin əlinə düyü alıb, evdən çıxarkən bir-bir subay qızların adını çəkib ətrafa səpərsə, onların bəxti açılar", "Toy günü gəlin ayaqqabısına subay qızların adı yazılar. Bəy evinə qədər bu adlardan hansı biri pozularsa, o qızın bəxti açılmış olar", "Nişan taxılan gün gəlin üzüyünü çıxarıb ilk dəfə kimin barmağına salarsa, onun da bəxdi açılar", " Gəlinin oğlu olmasın deyə gözü götürməyən adam onun dalınca arpa atar", "Gəlinin ayağının altında kəsilən qurbanlıq heyvanın başını gərək bəylə gəlin özləri yesin, yoxsa gəlin gəzəyən olar", "Xına gecəsi gəlin hansı qızın ərə getməyini istəyərsə, onun saçına gizlincə xına yaxar","Təzə gəlinin çadrasını boşanan adam biçməz" və.s). Mərasimlə bağlı yaranan inancların başlıca məzmunu bilavasitə gəlinin şər qüvvələrdən qorunması, digər subay, gənc qızlara xoşbəxtlik arzulanmasına bağlıdır.
Həm sınama, inancları, həm musiqi zənginliyi, oyunları ilə seçilən toy mərasimlərində "xına gecəsi" ayrıca yer tutur. Təbriz folklor mühitində "xına gecəsi" daha çox arxaik təcrübə və adət-ənənənin kökünü qoruyub saxlamaqdadır. Azərbaycan məişətində "xına gecəsi" qızın ata evində son gecəsi olaraq onun doğmaları, yaxınları, rəfiqələri ilə birgə keçirdiyi bir növ halallaşmaq, ayrılmağı olmaqla tarixən xüsusi mərasimlə keçirilib. Mərasimin keçirilməsi ilkin olaraq oğlan evinin müxtəlif hədiyyələrlə qıza xına gətirib yaxması ilə başlanır. Qıza xına yaxan oğlan adamları qız evi ilə birlikdə şirni kəsir, yeyib, şənlənirlər. Əsasən, qadın, qızlardan ibarət olan bu mərasimə bəzən məşşatə (gəlini bəzəyən qadın) də dəvət olunur. Məşşatə gəlinə bəzək vurmaqla həm də çalıb oxuyub məclisə gələnləri şənləndirir. Qədim adətlərdə məşşatələr ara günlərin birində də ayrıca qız evinə dəvət olunurdu. "Bir günü məşşatə gəlib qızın qaşların təmizlərdi, acı badamı səxsi qabın dalısında əzib qızın üzünə çəkərdi. O zamanlar qızların hamamdan hamama üzünə sabun dəyməzdi. Ona görə hamı bir-birindən soruşardı "qız piçaqdan nə cür çıxıb?", oxuyardılar:

Gətimişuq qənd başini,
Almuşuq qələm qaşini.
Bəy oğlanın yoldaşini
Bir dəstə reyhan
Gəlin olubdur ceyran.

Təbriz folklorunda xına gecələri qız-qadınlar əsasən "Sərvanlar", "Əlibala", "Gülüstan Bağı" adlı qədim nəğmə mətnlərini qaval ritmləri üzərində oxuyardılar. Xüsusilə, bu mərasimdə "Sərvan"ların oxunması daha geniş yayılmış nəğmə mətnlərindəndir:

Gedər yolun yarısına,
Dönər baxar dalısına.
Dalısına baxan yarı
Sarvan, tapşırmışam tarısına.
Get gələsən sağlığınan,
Əldə bir cüt yaylığınan.
Bacın istər yaylığınnan,
Sərvan, yarın istər sağlığınnan.
Oxşar nəğmə başlıqları ("Yoluva qoymuşam iydə....", "Yoluva qoymuşam kahı...", "Yoluva qoymuşam qəndi...", "Yoluva qoymuşam xurma...", "Yoluva qoymuşam penir...", "Yoluva qoymuşam alma...", "Yoluva qoymuşam üzüm..." və s.) nəğmə bəndlərinin əvvəlində yer almaqla qadın çalğıçı, qavalçılarının bir-birilə daha asanlıqla nəğmə qoşmasına şərait yaradır:
Yoluva qoymuşam kahı,
Sən çəkmə, mən çəkən ahı.
Ay Xorasan padişahı,
Sal Sərvanın yola gəlsin,
Boynuna şal dola, gəlsin…

Nəğmə bəndlərinin əvvəlində yer alan təkrarlarla yanaşı nəqarətli nəğmələr də Təbriz xına gecələrində qadın, qızların birlikdə oxumalarına bağlıdır. Nişanlı qızın dilindən bəy oğlana müraciətlə oxunan "Sərvan" nəğmələrində "Aş gəl, aş gəl" nəqarəti ilə başlanan mətnlər bu baxımdan ayrıca yer tutur.

Ay dədənin bir balası,
Gəl qapıdan gir qadası,
Boyuva üzərlik salım,
Sərvan, tüstüsündə dur, qadası.
Aş gəl, aş gəl budaqları,
Sərvan, ovud mən qərib ağları.
Padiganı veran qalsın,
Ala qarğa yuva salsın.
Görürəm, sərvanım gəlib,
Qərib yerdə köylüm alsın.
Aş gəl, aş gəl, səhər oldu,
Mən yedigim zəhər oldu.
Hankı dağın dalındasan,
Ulduz kimi parıldarsan,
Yaz mənə bir kağız göndər,
Sərvan, görüm kimin yanındasan.
Aş gəl, aş gəl, sabah oldu,
Yandı bağrım, kabab oldu.

Xına mərasimi nəğmələrinin məzmununda ayrılıq, kədər, həsrət motivlərinə də yeri gəldikcə geniş yer verilir. Qüzeydə bu qrup nəğmələr qadın hüquqsuzluğu, gənc qızların vaxtsız ərə verilməsi üzərində məzmun qazandığı halda, Güney Azərbaycan folklorundan daha çox ümumbəşəri xarakter daşıyır, insan talesizliyində motivləşir. Çox güman ki, bu qrup nəğmələr vaxtilə fərdi, şəxsi ümidizlik üzərində qurulmuş, zaman keçdikcə sosial-siyasi şərait, mühitə bağlı olaraq xalqın ağrı-acılarım ümumiləşdirən daha üstün-bəşəri məzmun qazanmışdır.
Xına gecəsi mərasimlərinin digər maraqlı xüsusiyyətlərindən biri də həmin gecə qadın-qızlar tərəfindən müxtəlif oyunların təşkil olunmasıdır. Təşkil olunan bu oyunlarda başlıca məqsəd, həm məclisin şənləndirilməsi, məclis iştirakçılarının bir araya gətirilməsi, həm də ailə quracaq gənc qızın ər evində rastlaşacağı hər bir söz-söhbət, münaqişəyə hazırlığıdır.
Yeri gəlmişkən qeyd edək ki, xalq məişətində bir sıra maraqlı oyunlar vardır ki, bunlar xüsusilə toy mərasimlərində icra olunur. "Xan-xan", "Tuğay-Məlik", "Toyqabağı", "Fincan-fincan", "Maral", "Gülümley" və s. qədim xalq oyunları bu baxımdan maraq doğurur. Rəqs daxili oyunlardan olan "Toyqabağı" əsasən toy öncəsi qız evinə cehiz hazırlığına yığışan qız-gəlinlər tərəfindən icra olunurdu. Belə ki, gənclər burada iki dəstəyə ayrılır. Hər dəstə başçısı əldə qaval növbələşərək müxtəlif nəğmələr ifa edirdilər. "Xan-xan" oyunu isə əsasən nişan qabağı toy hazırlığında olan gənclərin oğlan evində təşkil etdikləri oyunlara aiddir. Həm rəqs, həm də səhnələşdirilmiş şəkildə aparılan bu oyunlar şənliyi daha da canlandırmaqla şuxluq yaratmış olurdu. Lakin qeyd edək ki, bu oyunlar qədim xalq teatrının qəlibi deyildir. Əksinə mərasimlə bağlı bu oyunlar öz inkişafı boyunca rituala bağlılığını itirmiş, dramatik oyun elementləri zaman keçdikcə zənginləşərək teatrallıq əlamətlərini qazanıb". "Hacı Məlih", yaxud "Hacı Məlih qızı" oyununda iki qadın üz-gözlərini müxtəlif rəngə boyayaraq, kişi və qadın geyimlərində əldə qaval müxtəlif nəğmələr oxumaqla rəqs edirlər. Onların gülməli deyişmələri, atmacalar üzərində qurulan nəğmələ-rinə məclis iştirakçıları da qoşulmaqla şənlik yaratmış olurdular.
"Xına gecəsi" mərasimi qədim adət-ənənələri tarixən ardıcıl şəkildə oğlan evində də davam edib. Belə ki, qız evindən müxtəlif şirniyyat, hamam əşyaları ilə damada göndərilən xına musiqi sədaları altında məclisə gətirilər, bəy "sağdış", "soldış"larıyla şənlik edən camaata qoşular, "şabaş", hədiyyələrlə ovucların içərisinə xına yaxılaraq oxunardı:

Göydə bir ulduz var adı Talıbdı,
O sövqünü bu məclisə salıbdı.
Hamı ənam verib, damad atası qalıbdı,
Belə məclis, belə dövran var olsun,
Gələn qonaqların canı sağ olsun…

Təbrizin qədim "xına gecəsi" mərasimlərinin oyun və ritualları, rəqs, nəğmələri xalqın əski təsəvvür düşüncələrinin qaynağında formalaşıb, lakin bu təcrübənin müasir mərasimlərdə çox az bir qismi qorunub saxlanılıb. "Xına gecəsi" mərasimi nəğmələri müxtəlif xalq mahnıları içərisində "əriməklə" arxaik forma və şəklini daha çox müxtəlif nəqarət, söz təkrarlarının qoşulduğu sabit ritmli mətnlərdə qorumaqdadır.

Mətanət Maşallahqızı