“Gəlin gedək ağlayaq, Urmu gölün dolduraq!” Güney Azərbaycan

“Gəlin gedək ağlayaq, Urmu gölün dolduraq!”

Vətənin və xalqın Urmu dərdi Güney şairlərinin ürəyini köz-köz edir...

IV yazı

Türkün beşiyi, ilk sevgi ocağı olan Urmiyanın özəllikləri tarixçi alim Yaqut əl-Həməvinin də diqqətindən yayınmayıb, şəhər haqqında səxavətlə qiymətli fikirlər söyləyib: "Mən özüm şəhəri görmüşəm, çox gözəl və bolluq olan bu şəhər əlverişli iqlim şəraitinə, təbii gözəlliyinə, suyunun, meyvəsinin, habelə bostanlarının çox olmasına görə bu dövrdə olan digər şəhərlərdən fərqlənir".
Vaxtilə Urmu-Urmiyanın əsrarəngiz gözəlliklərinin vəsf olunduğu bir mahnıda da xəyalın belə zirvə daşına yetə bilmədiyi, naməhrəmlərin həndəvərinə ayaq qoyamadığı, yaşının sayı belə dəqiq bilinməyən gül-çiçəyinin ətri ətrafı bürüyən, yamacında bülbüllər ötən, düzlərini dumanlar örtən, başına Günəşdən tac qoyan bu qədimdən qədim diyarın gözəllikləri, hüsnü baxanları heyran edərmiş:

Gül ətri bürüyər yoldan keçəni,
Reyhanlı, nərgizli, laləli dağlar,
Naməhrəmlər ona ayaq qoyammaz,
Hasarlı, divarlı, laləli dağlar,
Şairlərdən alar xəyalı dağlar.

Yenə də mənbələrin göstərdiyinə görə, 624-626-cı illərdə
Bizans imperatoru İrakli tərəfindən zəbt edilərək qarət olunan Urmiya eramızın VIII əsrində Şərqin, eləcə də Azərbaycanın ən böyük və ən məşhur şəhərlərindən biri olub. Şəhəri məhz bu qarət və hücumlardan qorumaq, düşmən istilalarından müdafiə etmək məqsədilə qala divarlarının ətrafında yerli əhali, qədim Azərbaycan türkləri on min addım uzunluğunda dərin xəndək qazıblar. Təbii, hələ VII-VIII əsrlərdə 10 km uzunluğa malik şəhərin böyüklüyünü və qədimliyini gözlərimiz önünə gətirən bu xəndəklərin izləri bu gün də qalmaqdadır.
Qəsbkarların zaman-zaman etdikləri hücumların və qarətlərin acı nəticəsidir ki, başıbılalı qoca Təbrizdə olduğu kimi, Urmiya ərazisindən tapılan qiymətli maddi-mədəniyyət nümunələrinin çoxu hazırda ABŞ, İngiltərə, Fransa və Almaniya, həmçinin İranın dövlət muzeylərində saxlanılır.
Güneyin tanınmış şairi Əli Daşqın "Sevgi damosu" adlı səyahətnamə xarakterli əsərində Moskva, Bakı, Təbriz, Sulduz və Urmu-Urmiya şəhəri haqqında təəssüratlarını qələmə alıb və şimalın buzlu soyuğunda üşüyən Moskva ilə Odlar Diyarının yanar ulduzları - Bakı, Təbriz, Sulduz və Urmiya şəhərlərinin incə müqayisəsini aparıb. Vaxtilə mövcud rejimin qadağaları üzündən Təbrizdən Quzey Azərbaycana birbaşa deyil, Moskvaya, oradan isə arzularının şəhərinə, illərlə həsrətini çəkdiyi Bakıya, Bütöv Vətənin ayrı salınmış digər parçasına gələn və bu uzun yol boyu gördüklərinə əsasən səyahətnamə yazan şair "Sevgi damosu"nun (cəhənnəminin) da məhz Odlar Yurdunda bərqərar olduğuna əmin olub. Əmin olub ki, sevgililərin son duracağı və alovlar şahə qalxan ocaqların anası məhz Urmu-Urmiyadır. Oda-ocağa-torpağa-anaya-doğurucu bir varlığa özünü qurban edən Əli Daşqın əmin olub ki, Urmiyada - "Sevgi damosu"nda əsl sevənlər-həqiqi aşiqlər fani dünyanın çirkinliklərindən, ikiüzlü, şikəst mənəviyyatlı insanların rəzilliklərindən, qara fikirlərindən uzaqda, odların, alovların qucağında xoşbəxt, bəxtəvərdirlər: "Burası köz bağçası, sevgililərin lap öz bağçasıdı. Burası Urmu-Urmiya, yəni sevgi damosu, sevgililərin son duracağı və atəşlərin anasıdı! Yanalım və bütün sevgililəri yandıralım odumuza! Qara gözlü, ay üzlü sevgilim, yanalım! Şükürlər olsun Tanrıya! Sonunda düşdük bu atəşə! Atəşə, oda girmək oğul ürəyi istəyir, el gücü tələb edir. Vurğun və ərən könlü gərəkdir bunun üçün:

Alışıb yanmağa öyrədib anam!
Olurmu anamı unudub - danam?!
Başqa söz deyiləm, Azərbaycanam:
Tüstüsüz yanıram köz arasında!

Min təəssüflər ki, qoynunda sevgi ocağını - Urmiya şəhərini də bəsləyən Urmu gölü, ana təbiətin bu nadir möcüzəsi insan və təbiət cəlladlarının qeyri-rəsmi fitvası ilə açıq-aşkar qurudulur. Min təəssüflər ki, UNESKO da avtoritar bir təşkilat olaraq qəti hərəkətə keçmir və bu gün bu sevgi ocağı yanıb daha da alovlanmaq taleyi ilə yox, əbədi sönmək və məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Güney Azərbaycanın və İranın ən böyük gölü olan bu göl dəniz səviyyəsindən 1276 m hündürlükdə yerləşir, uzunluğu 140 km, eni 45 km, sahəsi 5960 km, ən dərin yeri 7 m, orta dərinliyi 5 m-dir. İndi bu ölçü 2 metrə qədər, son məlumatlara görə isə ondan da az hesablanır. Urmu gölünə Acıçay, Nazlıçay, Sofiçay, Leylançay, Cığatıçay, Qalaçay, Üsküçay, Tufarqan-çay, Dərəçay, Sınıxçay çayları tökülür.
Əsrarəngiz deltası və çoxlu sayda adalarına görə "Suda üzən yaşayış yeri" adını qazanmış təbiət möcüzəsi, qeyd etdiyimiz kimi, bu gün biganəliyin qurbanına çevrilib. Əslində bu biganəliyin kökündə türkün tarixi məkanını dağıdıb məhv etmək kimi məkrli bir siyasət durur.
Bəzən aramsız quraqlıqlar zamanı Urmu gölü nisbətən dayazlaşsa da, sahəsi heç vaxt azalmayıb. Elmi mənbələrin də təsdiqlədiyi kimi, bölgəyə yağıntının ən az düşdüyü illərdə belə, Urmu gölündə suyun səviyyəsi aşağı düşməyib, bunun başlıca səbəbi isə gölə yeraltı çayların axmasıdır. Suyunun tərkibində duzun miqdarının çox, duzluluq səviyyəsinin yüksək olmasına görə qışın ən sərt dönəmlərində belə, gölün suyu donmur. Urmiya gölündə irili-xırdalı 102 ada mövcuddur, adaların ümumi sahəsi isə 33,640 ha-dır. Əhalisinin əksəriyyəti, təxminən 90%-i Azərbaycan türkləridir. Hazırda bu adalarda yaşayan Güney Azərbaycan türkləri əsasən əkinçilik, maldarlıq, gülçülük, bağçılıq və xalçaçılıqla məşğul olurlar. Turizm üçün çox əlverişli olan ərazidəki limanlar hər zaman gəmiləri qəbul etməyə hazırdır. Hətta köçəri quşların da isti ölkələrə uçuşu zamanı bu göl keçid məntəqəsi rolunu oynayır. Nə yazıq ki, bu keçid məntəqəsi getdikcə artan duz təbəqələri üzündən quşlar üçün öz həyati əhəmiyyətini də itirməkdədir. Çünki qanadları duzlu suda kristallaşan quşlar yenidən uça bilmir və məhv olub sıradan çıxıırlar. Bu gölün suyu yüksək dərəcədə duzlu, şordur. Yəni dünyanın ikinci şor dənizidir. İsraillə İordaniyanın arasında yerləşən Ölü dəniz adını almış Qırmızı dəniz kimi.
Söylənənlərə görə, həmin dənizdən İsraillə İordaniya hər il milyardlarla dollarlıq gəlir götürürlər. Orada şərait yaradıblar, dəniz heyvanları saxlayırlar və s. Bu göldən də yaxşı mənfəət götürmək olar.
Mənbələrin məlumatına görə, Urmiya gölü və onun yüksək müalicəvi funksiyaya malik palçığı artroz, əsəb, traxoma, müxtəlif dəri xəstəlikləri, böyrək, həzm sistemi, qadın xəstəliklərinin müalicəsi uçun əhəmiyyətlidir. Zənbil, Həftəpə və Qaynaryer mineral və qaynar su mənbələri də böyük müalicəvi əhəmiyyətə malikdir. Çahar Bürc binası və İsmail Ağa, Kazım xan, Bardok, Dam Daş və Baxşı Qala qalaları kimi tarixi və memarlıq abidələri, Köhnə Bazar, Mirdavud məzarı, Əski Cami məscidi, Sərdar və Urmiya minarəsi, Ələvi minbəri təbiətin qoynunda açıq muzeylərdir. Urmiya beş bölgəyə ayrılır. Rza Şah Pəhləvinin hakimiyyətdə olduğu 1937-ci ildə gölün adı rəsmi mənbələrdə onun şərəfinə "Rzaiyyə" adlandırılıbmış. 1946-cı ildə Azərbaycan Milli Hökuməti bu adı dəyişdirsə də, oğlu Məhəmmərza Pəhləvinin dövründə gölə "Rzaiyyə", "Rzaiyyə gölü", "Kəbudan", "Çiçsit" kimi adlar da verilib. İran inqilabından sonra isə şahla bağlı adlar ləğv edildiyindən gölün adı da "amnistiyaya düşüb". "Rəsmi Tehran dəfələrlə edilən müraciətlərə baxmayaraq, Urmiya şəhərində tarixi abidələrin və məhəllələrin dağıdılması, qədim adlarının dəyişdirilməsi prosesini də dayandırmayıb. Urmiya şəhərindəki tarixi "Gülüstü" məhəlləsində yerləşən qədim "Lütfəlixan məscidi" artıq uçmaq üzrədir. Məlumata görə, 4-5 il öncə şəhərin hazırda "İmam" xiyabanı adlanan küçəsində "Şeyx Əlixan Hamamı" da "Sərdaran" prospektinin salınması adı altında sökülüb. Urmiya şəhərindəki "Doqquz pillə buzxanası"nın adı dəyişdirilərək "Yəxçəle nohe-pille", Qoşaçay Miyandoab, Soyuqbulaq isə Mahabad, Xana şəhəri Piranşəhr, Sulduz Nəğədə, Qızıl Xənəyə Xaneqahe-Sorx adlandırılıb".
Qədim adlarının dəyişdirilməsi prosesi eynilə erməni vandallarının Qərbi Azərbaycanda yürütdükləri addəyişmə, türk tarixini saxtalaşdırma əməliyyatlarını xatırladır. Vətənin və xalqın Urmu dərdi, bu dərdlə nəfəs-nəfəsə yaşamaq, gözlərinin qabağında əsrarəngiz gözəlliklər yurdunun duzlu gəlininin son nəfəsini verməsi Güney şairlərinin ürəyini köz-köz edir, qəlb ağrısından azacıq da olsa, qurtulmaq üçün qələmə sarılır, fəryad və nalələrini misralara çevirirlər.
Bu dərd, ağrı-acı Qadir Cəfəri, Ülkər Ucqar, İsmayıl Ülkər, Hüşəng Cəfəri, Nazir Şərəfxani, Mahmud Sadıqpur Şaminin və b. şeirlərinin misraları arasından boy verir. Hüşəng Cəfərinin Urmuya həsr etdiyi şeirdə Güney fəallarının gölün qurudulmasına qarşı keçirdikləri aksiyada səsləndirdikləri "Gəlin gedək ağlayaq, Urmu gölün dolduraq!" şüarının əks-sədası ilə bərabər, dünyanın bu böyüklükdə problemə laqeydliyi, Güney Azərbaycan türklərinin də Ermənistanın amansız hücumlarının, soyğunçuluq və işğalçılıq planının məngənəsində can çəkişdirən Quzey Azərbaycan türkləri kimi meydanda köməksiz, yalqız qalmasından dolayı şairin qəlb ağrıları da təsirli bədii ifadəsini tapıb. Hansı tərəfdən baxırsa, Vətənini dustaq görən Huşəng Cəfərinin dərdə həssas ürəyi sıxılır, quruyan gölü göz yaşları ilə doldurmaq istəyində bulunur, eyni zamanda bu iş üçün də məhz el birliyinin gərək olduğunu, əks təqdirdə, yəni bu birlik olmazsa yeniləcəyini anlayan və anladan elin qeyrətli oğlu yazır:

Ürəyim darıxır, sıxılıram mən
Qolumdan saxlayın, halımı sorun:
El gücü olmasa yıxılıram mən
Urmu gölü tək yalqızam, yalqız
Gedirəm zülmətin kökün yolduram
O qədər ağlıyam ki, Urmu gölündə
Göz yaşımla Urmu gölün dolduram.

Təqdirəlayiq haldır ki, bu meydanda türksoylu qardaşlar, əhli-qələm soydaşlarımız Güney türklərini tək qoymur, dərdlərinə şərik olur, səslərinə səs verirlər. Onlardan biri, Kərkük elimizdən səslənən şair Salah Bəhlul Çamurçunun problemə yanaşması şifahi xalq ədəbiyyatı nümunələri qəlibində, gəraylı biçimində yansıyır. S.B.Çamurçu Urmunu mədəniyyət beşiyi, kültür qaynağı, gözünün ağı-qarası kimi dəyərləndirir:

Sular bulanır Durur
Urmuyu Allah qorur,
Kim bizə xain çıxar
Allahdan lənət bulur.
Urmu kültür qaynağı
Gözün qərəsi, ağı
Urmulu həsrət çəksə
Əridir daşı, dağı...


Esmira Fuad, yazıçı-publisist