XX əsr Güney Azərbaycan ədəbiyyatında poema yaradıcılığında novatorluq və sənətkarlıq məsələləri Güney Azərbaycan

XX əsr Güney Azərbaycan ədəbiyyatında poema yaradıcılığında novatorluq və sənətkarlıq məsələləri

5-ci yazı

İnsanın özündən uzaqlaşması, biganəliyi hətta onun özünə olan münasibətini də dəyişmişdir. Məhz bu səbəbdən milyon illərdir insan kamil bir fərd olaraq formalaşa bilmir. Həmid Nitqinin “Təbriz” poemasında insana münasibət fərdi xarakter daşımır, ümumiləşir, bütöv bir xalqa, onun məskunlaşdığı tarixi əraziyə (bu əsərdə Təbrizə) münasibətdə özünü təsdiqləyir. Bu münasibət ağrı-acılarla dolu fikir və ifadələrlə oxucunun diqqətinə çatdırılır. “Dastan ölməz” poemasında da bu amili qabardan Həmid Nitqi “Günəş” poemasında həmin hissin izahı üçün daha çox vəsiləyə əl atır:

Əsrlərdir güvəndiyimiz dağlara qar yağıb.

Ağır illər elimizin dübəndini dağıdıb.

Həramilər karvanımın yolunu kəsir...

İnsanlar arasında mehr-məhəbbətin itməsini, səmimiyyətin heçə enməsini böyük narahatlıqla müşahidə edən şair məhz bu nöqteyi- nəzərdən yanaşaraq “.. .Əsrlərdir güvəndiyimiz dağlara qar yağıb”, - deyə yazmış, insanın insana, öz dindaş, qardaş və soydaşlarına qarşı biganə, laqeyd münasibətini açmaq və təhlil etmək üçün yetərli mənbə yaratmışdır.

Haşım Tərlan “Araz gülür” poemasında insana münasibət meyarını fəlsəfi dona bürüyərək təqdim edir. Şair uzun illər boyu bir- birinə həsrət qalmış iki qardaşın görüşü fonunda insani münasibətlərin, ayrılıq, həsrət acısını elə tərzdə təsvir edir ki, istər-istəməz bu ayrılığı salan bəşər övladlarına oxucunun qəlbində nifrət hissi yaranmaya bilmir:

İzdihamdır Araz boyu o tay, bu tay,

Göz yaşları yuvarlanır xısın-xısın.

Atır özün donmuş suya, üzə-üzə,

Gəlir doğma qan qardaşın qucaqlasın.

Bəs qardaşı qardaşdan ayrı salan hansı səbəblərdir? Əlbəttə, insanın insana qəddarcasına münasibəti... Haşım Tərlan poema boyu bu ağrını bədii gerçəklik kimi göstərməklə, sanki uzun illərin ağrı-acısına, həsrət dərdinə birdəfəlik son qoymaq istəyir.

Mirzə Məhəmmədin “Həcrinin taleyi” poemasında insan taleyinin ağrı-acıları, məşəqqətli həyatı aşağı təbəqənin, məzlumların ah-fəryadı qulaqlarına çatmayan yuxarı təbəqənin uğursuz siyasətinin doğurduğu problemlər kontekstində təsvir edilir. Daha doğrusu, ağır həyat yaşayan, qəfil gələn sellə evi dağılan, hər şeyi -əşyaları, bütün yazıları axıb gedən, lakin bu kimi çətinlik və məhrumiyyətlər qarşısında əyilməyən, sınmayan mərd, vüqarlı bir şairin obrazı canlandırılır:

Başında ilhamı, əlində qələm,

Şeir qaytanına incilər düzdü.

Uğurlu günlərlə olmadı həmdəm,

Bir kiçik daxmada hər qəmə dözdü.

Coşanda şeirinin qaynar bulağı,

Ürəyin nar kimi sıxdı kağıza.

Qadınsız, övladsız oldu ocağı,

Şair həsrət qaldı oğula, qıza...

Poemada şair şifahi xalq ədəbiyyatı, aşıq şeiri ənənələrinə sadiqlik nümayiş etdirərək dərin fəlsəfi fikirlərini qoşma qəlibində ifadə edib. Əhməd Şaya Alovun “Acı çayı” poemasında isə insan və onun kədərli taleyi səciyyəvi xüsusiyyətlər kimi verildiyindən, oxucu poemada təsvir edilən məqamları başa düşməkdə çətinlik çəkmir:

Tarix boyu sən görmüsən,

Ölkəmizə axıb gələn Ərəbləri, moğolları...

O talançı quldurları.

Humanizm, insani münasibətlər Muradəli Qureyşi Qaflantının “Bizim kəndin bir illik tarixi” poemasının da əsas ideya istiqamətini təşkil edir:

Gördüm güllə kəndə dolutək yağır,

Biri də qışqırır: - Məhəmmədbağır,

Arvad-uşaqlara deyin qorxmasın,

Heç kim öz evindən çölə çıxmasın...

Güney şairlərinin poemalarında insan faktoru və insana hörmət motivləri çox güclüdür. İdrakı və təfəkkürü aydın olan Güney şair-lərinin əsərləri oxucuda insanlığın mahiyyətinə varmaq, sosial- psixoloji amillərə bədii şərh vermək meyilləri oyadır. Həyati gerçəklikləri öyrənmək üçün Güney şairlərinin epik-lirik duyğularına köklənmək kifayətdir. Məsələn, irticaçıların, şovinist qrupların, mülkədar və jandarmların soyğunçuluq və talançılıq siyasətini biz onların qələm nümunələri vasitəsilə dərindən dərk edirik. Həmçinin, İranda - Miyanə, Sərab, Ərdəbil, Təbriz, Xoy, Miyandabda irticaçıların hücumunun qarşısını almaq üçün silahlı dəstələrin, hətta ayrı- ayrı fərdlərin hansı əzab və əziyyətlərə tab gətirdiklərini, fədailərin təqib, zindan və sürgünlərdə hansı məşəqqətlər yaşadıqlarını anlayırıq. Həbib Sahir “Sürgün” poemasında bu məşəqqətləri poetik dil ilə belə ifadə etmişdir:

Daşdan-daşa dəydi başım qürbətdə,

Möhnət oldu yar-yoldaşım qürbətdə...

Su başından bir gün keçdim sübhçağı,

Gördüm sönüb xalqın odu, ocağı.

Qaçıb getdim o cəhənnəm odundan.

Gördüm bütün yerdə ölüm, atəş, qan!

Güney şairlərinin əsərlərini oxuyanda hiss olunur ki, milli ədəbiyyatımızın sürətli inkişafı milli məfkurə ideologiyasının geniş-lənməsinə xidmət edir və milli mənsubiyyətli metodologiya ədəbi mühitin strukturunu yaradır. Belə bir yaradıcılıq prinsipi əsərlərdə milli təfəkkürün xəlqiliyinə, reallığın, idraki prosesin, milli-etik normaların, mənəvi-idraki görüntülərin fəlsəfi izahına geniş qapı açır. Onların ədəbiyyata baxışı, fikir müxtəlifliyi, mövzu rəngarəngliyi, yaradıcılıq müstəvisində ədəbi-fəlsəfi manevrlər etmək bacarığı dünyəvi düşüncələrinin məhsulu kimi üzə çıxır. Bu düşüncələrin dinamikası ayrı-ayrı cərəyanlarda effektli və harmonik bir mövcudluğun varlığını da göstərir.

H.Sahir Güney Azərbaycanda zəhmətkeş təbəqənin, kəndlilərin ağır vəziyyətini, yoxsulluq üzündən səfalət içində sürünmələrini, heç bir haqq sahibi olmadıqlarını “Sürgün” poemasında o qədər real əks etdirib ki, oxucu sanki şairin qəhrəmanının, əslində isə özünün sürgün olunduğu Savə mahalının ucqar bir kəndindəki kasıb daxmaya xəyalən səyahət edir, özünü bu həyatın içində duyur. Təbii, Sahir 1945-46-cı illər inqilabından sonra sürgün olunmuş, uzun illər məzlumlarla iç-içə, nəfəs-nəfəsə yaşamış və xalq həyatını, onun qəhrəmanlıq salnaməsini bütün incəliklərinədək öyrənmişdi. Şairin bu özəlliyinə Türkiyə tədqiqatçısı Ənvər Aras da böyük dəyər verir: “Hak, adalet ve hürriyet uğrunda her türlü fedakarlığa katlanan ve canlarını feda eden kahramanların hatıraları karşısında hürmetle eğilen şair, temel insan haklarından bile mahrum bırakılarak zindanlarda çürütülen Türk gençlerinin geleceğinden endişe duyar. Rejimin ve kendi menfaatlerini her zaman ön plana çıkaran satılmış idarecilerin, ülkenin çiçeklerini soldurduğunu, insanlarını yokluğa ve yoksulluğa mahküm ettiğini söyleyerek her fırsatta vatana ve millete bağlılığını ifade eden Habip Sahir, bütün vatanperverlerin bu kutsal mücadelede layık olduğu yeri alması gerektiğini vurgular.Şair, bu duygu ve düşüncelerini “Mektep hatireleri” adlı şiirinin şu misralarında özetlemektedir: Men yurdumu özgelere satmadım, Xelet alıp, öz elimi atmadım”. Məhz bu bələdlik ona xalqın milli azadlıq hərəkatının baş qəhrəmanlarından biri kimi təsvir etdiyi, sevə-sevə yaratdığı bədii obrazı canlı həyatdan götürmək şansını da vermişdi. Ancaq bu şans təkcə ona deyil, həm də Haşım Tərlan, Kərim Məşrutəçi Sönməz, Məhəmməd Biriya, Hüseyn Düzgün, Mircəlil Hüseyni, Hökümə Bülluri, Mədinə Gülgün, Mirzə İbrahimov və b. da verilmişdi ki, onların hər biri özünəməxsus tərzdə milli qəhrəman obrazı yaratsınlar... Bu möhtəşəm obrazlardan birinin prototipi məşhur Xiyabani hərəkatının lideri, böyük mütəfəkkir və ictimai xadim Şeyx Məhəmməd Xiyabani, digəri Milli Hökumətin yaradıcılarından olan alovlu vətənpərvər S.C.Pişəvəri, başqa biri isə prokuror Fridun İbrahimidir. Onların keçdiyi şərəfli həyat yolu, azadlıq idealları təkcə nəsr əsərlərinin deyil, şeir və poemaların da mövzusuna çevrilmişdir. Bircə faktı deməklə kifayətlənəcəm ki, şair Hüseyn Düzgün Xiyabani hərəkatının lideri, tarixdə ilk dəfə milli kimliyimizin ifadəsi olan Azəristan adlı dövlət yaratmış böyük filosof, ülgüçü, şair, ədəbiyyat nəzəriyyəçisi Xiyabaninin bütün yaşamını və fəaliyyətini, amallarını vəsf edən dörd poema - “Şeyx Məhəmməd Xiyabani-1, “Şeyx Məhəmməd Xiyabani-2”, “Şeyx Məhəmməd Xiyabani-3”, “Şeyx Məhəmməd Xiyabani-4”-ü yazmış, xalqının yolunda canından keçən bu Vətən mücahidinin bənzərsiz obrazını yaratmışdır. Qəhrəmanına dibsiz bir sevgi ilə qələmə alınmış dörd poemada oxucu “Təbrizin tanınmış islamşünas alimi, ruhani Əngəcinin yanında oxuyub müctəhidlik dərəcəsinə yüksələn, həmçinin məşhur astroloq Mirzə Əbdüləlidən astronomiya və riyaziyyata dair bilgiləri mənimsəyərək islam fəlsəfəsinə, tarixinə və ümumən ədəbiyyata dair mütaliəsini də genişləndirən və məşhur alim kimi yetişən” Şeyx Məhəmmədin doğuluşundan ölümünədək - yaşamının bütün mərhələləri ilə tanış olur:

Qadınların hayı gəlirdi yandan,

Ağrılar çəkirdi Rüqəyyə Sultan.

Bir qadın oyandan sevincək qaçdı,

Hac Əbdülhəmidin qapısın açdı.

Dedi: "Muştuluğum ver, bir oğlun oldu!”

Adını "Məhəmməd” qoydu uşağın,

Oxudu əzanı sağ qulağına.

Aristotel yazırdı ki, “poeziya yalnız zahiri əlamətlərin, hadisələrin təsviri deyildir. O, tarixdən daha ciddi və fəlsəfidir. Çünki tarix olan şeyləri göstərirsə, poeziya ola biləcək şeyləri də göstərir. Poeziya hadisələri sadəcə təsvir etmir, hadisələr arasındakı əlaqələri, qanunauyğunluqları ifadə edir”. Şair H.Düzgün, B.Q.Səhənd, H.Sahir şeir və poemaları, Şəhriyar əsrarəngiz poeziyası ilə sanki bu əlaqələri, qanunauyğunluqları birbaşa oxucunun təfəkkürünə ötürür. Sönməz isə poemalarında həyata qənim kəsilən, bir-birinə düşmənçilik münasibəti bəsləyən insanları kəskin tənqid atəşinə tutur. Bütün bunlarla yanaşı, onlar öz bacarıqları sayəsində əsərlə¬rində həyati məsələlərin bədii təsvirinə önəm verir, öz ləyaqətini və vüqarını hər şeydən uca tutan qəhrəmanlarını (məzlum xalq, işğal olunmuş torpaqlar, qırılmış ürəklər və s) çətinliklərə salsalar da, sonda onları möhkəm iradə sahibi edir, bədii fikrin spesifikasını, həyatdakı mənfi keyfiyyətləri belə bədii tədqiq yolu ilə sıralayır, hadisələrin ictimai kəsərinə daha çox diqqət yetirirlər. Məhz bu səbəbdən onların vətənpərvərlik ruhunda yazdığı poemalar böyük əhəmiyyət daşıyır. Mövcud problemləri, hələ bundan neçə illər sonra qabaracaq potensial sosial-siyasi çatışmazlığı zaman-məkan çərçivəsində real lövhələrlə canlandıra bilmək bacarığına malik olan Güney şairləri Quzey Azərbaycan şairləri kimi qlobal sərhədləşməyə milli düşüncə və təfəkkür bucağından boylanırlar.

Esmira Fuad

Filologiya üzrə elmlər doktoru