Güney Azərbaycan XX əsrin 40-cı illərində Güney Azərbaycan

Güney Azərbaycan XX əsrin 40-cı illərində

II Dünya müharibəsinin başlanması və Güney Azərbaycan

3-cü yazı

4 sentyabr 1939-cu ildə II Dünya müharibəsi başlandı. Bəşər tarixində miqyasına, iştirakçılarının sayına, hərbi potensialı və dağıdıcı gücünə görə bu müharibə ilə müqayisə oluna biləcək ikinci bir savaş baş verməyib.
Müharibə ərəfəsində Rza şah rejiminin Hitler Almaniyası ilə hərtərəfli yaxınlığı, İran ərazisində və dövlət aparatında almanpərəst qüvvələrin kök salması ölkəni müharibəyə cəlb edən mühüm və başlıca amillərdən biri idi. Digər tərəfdən yaranmış şərait genişmiqyaslı döyüşlərin başlanacağı təqdirdə İran kimi hərbi-strateji mövqeyi olan bir ölkənin kənarda qalmasını imkansız edirdi. Rza xan özunu şah elan etdiyi gündən (25 dekabr 1925) Almaniya ilə yaxınlığa güclü meyil göstərirdi. Bunun əsas səbəblərindən biri də Almaniyada «ali irq» nəzəriyyəsinin tədricən əməli işə çevrilməsi ilə bağlı idi. Çünki Rza şah hakimiyyətə keçən gündən farsların «ariya» adlı ali irqə məxsus olduğunu dövlət siyasətinin tərkib hissəsinə daxil etmişdi. O, hakimiyyətinin ilk illərində İran Məclisinin rəisi Daniş Möhtəşəmini (Möhtəşəməlsəltənə) Almaniyaya rəsmi səfərə göndərmiş, Möhtəşəmi Adolf Hitlerlə görüşməyə müvəffəq olmuş, İran-Almaniya münasibətlərində müəyyən istilik yarada bilmişdi. Müharibə başlanan kimi İran dövləti ölkəsinin bitərəfliyi haqqında 13 şəhrivər 1318-ci il tarixli (4 sentyabr 1939-cu il) məlum bəyanatını elan etdi. Lakin İranın hakim dairələri yaxşı başa düşürdülər ki, bu cür «bitərəflik»lə müharibəyə qoşulan müttəfiqləri, xüsusən SSRİ-ni İranın səmimiyyətinə inandırmaq mümkün olmayacaq. Buna görə də başlanmış müharibədən özünü kənarda saxlamağa cəhd edən İran, əslində, əl altından müharibəyə özünümüdafiə səviyyəsində hazırlaşırdı. Müharibədən sonra Hitler Almaniyasının İranla əlaqələrinə aid dərc olunmuş məxfi sənədlərdə «Uzaq başı ikicə ay İranın müttəfiqlər qarşısında, ilk növbədə ruslar qarşısında duruş gətirə bilməsi ilə hər şeyin sonra İranın xeyrinə qurtaracağı haqqında» alman komandanlığının verdiyi vəd, Rza şahı və onun yüksək rütbəli generalları və yaxın ətrafının bir hissəsini inandırmışdı. Buna görə də müharibənin ilk günlərində İranda hərbi hazırlıq işlərinə başlanıldı. Əslində, bu hərbi hazırlıq işləri başlanmış müharibənin hərbi potensialı müqabilində fillə qarışqanın müqayisəsinə bənzədilə bilərdi. Rza şah ruslar və ingilislərin İrana basqın edəcəyi təqdirdə onların hücumunun qarşısında bir neçə ay tab gətirmək məqsədi ilə müdafiə xəttində geniş hazırlıq işləri aparılmasını və bütün imkanların bu səmtə yönəldilməsini əmr etmişdi. Bu məqsədlə ölkə ərazisinin müxtəlif regionlarında hərbi hazırlığa və qoşunun hərbi manevrinin keçirilməsinə başlandı. Belə manevrlərdən biri də şahın və oğlunun müşayiəti ilə Həmədan ətrafında Fransadan dəvət edilmiş hərbi-ekspert general Jandarın rəhbərliyi altında keçirilirdi. Hərbi manevri bir neçə saat müşahidə edən Rza şah general Jandara yaxınlaşır, əlini onun çiyninə qoyaraq soruşur: «Sizcə, bu ordu nəzərdə tutulan düşmən qarşısında nə qədər tab gətirə bilər?» Sualın cavabında fransalı general bir qədər kədərlə: «Əlahəzrət, cəmi 2 saat!» - deyir. Rza şahın cavabdan pərt olduğunu görən general Jandar təkrar üzünü şaha tutaraq: «Əlahəzrət, mən Sizi məyus etməmək üçün 2 saat dedim, əslində, heç 2 dəqiqə də tab gətirə bilməz» - cavabını verir. Fransalı hərbi müşavirin söylədiklərindən həqiqi vəziyyəti tədricən anlamağa başlayan Rza şah diplomatik tədbirlərlə də müharibəni İran hüdudlarından uzaqlaşdırmağa və bununla da vaxt qazanmağa çalışırdı.
Rza şah hakimiyyətə gələn gündən fars şovinizmi məfkurəsinə dövlət siyasəti səviyyəsində rəvac vermişdi. Bu məfkurədə farsların ali irqə - «ariya» irqinə mənsubluğu və bu irqin alman irqi ilə qohumluğunun «sübuta» yetirilməsinə cəhd edilirdi. Almanpərəstlikdə ad çıxarmış Mahmud Cəmin bu məqsədlə baş nazir vəzifəsinə gətirilməsi təsadüfi deyildi. Beynəlxalq vəziyyətin gərginləşməsi və müharibə təhlükəsinin İran sərhədlərinə yaxınlaşması ərəfəsində Rza şah bəzi siyasi manevrlərə əl atmışdı. O, əvvəlcə almanpərəstlik səpgisində söz-söhbətə səbəb olmuş Mahmud Cəmi paniranist Əhməd Mətin Dəftərlə əvəz etdi. Bundan əvvəl isə Məclis rəisi Daniş Möhtəşəm əlsəltənəni Berlinə, Hitlerlə görüşə göndərmişdi.
Diplomatiya sahəsində görülmüş tədbirlər qızışmaqda olan müharibənin İrana doğru istiqamətini səngidə bilmirdi. İranda almanların müxtəlif sahədə üstün mövqeyi müttəfiqlərə bəlli idi. Müharibə ərəfəsində İranın xarici ticarət dövriyyəsinin 80 faizi almanların payına düşürdü. II Dünya müharibəsi başladığı illərdə İranda istehsal olunan pambığın, quru meyvənin demək olar ki, hamısı Almaniya və Yaponiyaya ixrac olunurdu. İran bazarında və sənaye müəssisələrindəki məhsulların yarıdan çoxu Almaniyadan gətirilirdi. Müttəfiq dövlətlərin tələb və təkidi ilə almanlar ölkədən çıxarılıb və onlara aid müəssisələr fəaliyyətlərini zahirən dayandırsalar da, əslində, almanlar öz işlərini görməkdə davam edirdilər.
1941-ci ilin əvvəllərində Mətin Dəftər baş nazirlikdən uzaqlaşdırıldı, onun yerinə zahirən «mötədil» təsir bağışlayan Əli Mənsuri hakimiyyətə gətirildi. Bacarıqlı və olduqca hiyləgər olan Ə.Mənsuri zahirdə İranın bitərəfliyinə aid faktları və hadisələri qabardırdısa, əslində, almanlarla əlaqəni dərin qatlara keçirtməyə çalışırdı. Müttəfiq qohşunlarının İran ərazisinə keçməsi ərəfəsində İran dövləti Moskvadakı səfiri Məhəmməd Saidə, Londondakı səfiri Məhəmmədəli Müqəddəmə və Vaşinqtondakı səfiri Məhəmməd Şayəstəyə xüsusi göstəriş verərək adları çəkilən ölkələrin dövlətlərini İranın bitərəfliyinə inandırmağı tapşırmışdı. Rza şah hakimiyyətdən salınmaq ərəfəsində «Ettelaat» qəzetinə verdiyi müsahibədə ölkədə vur-tut 690 nəfər almanın olduğunu və bu adamların mütəxəssis və iş adamı olduğunu və yaxın günlərdə onların da İranı tərk edəcəklərini bildirdiyi bir vaxtda, Sovet kəşfiyyatına İranda almanların 5000 nəfərdən çox hərbi ekspertinin və casusunun olduğu bildirilir və onların tezliklə ifşa edilməsi və tutulub SSRİ-yə təhvil verilməsi tələb olunurdu.
Qeyd etmək lazımdır ki, SSRİ Almaniyaya qarşı müharibəyə cəlb edilməzdən əvvəl, 30-cu illərin sonundan İrana, xüsusən Güney Azərbaycana aid külli miqdarda məlumat, hərbi-strateji xarakterli materiallar əldə etmişdi. 1941-ci ilin yanvarında Moskvada 216 səhifədən ibarət «Güney Azərbaycan texniki-iqtisadi icmalı» hazırlanmışdı. Güney Azərbaycana aid sosial-siyasi, iqtisadi, texniki, coğrafi və s. məlumatlar bu icmala daxil edilmişdi. Beləliklə, Sovet ordusu İran ərazisinə daxil olmamışdan xeyli əvvəl bu ölkənin (o cümlədən Güney Azərbaycanın) hərbi-strateji mövqeyi, hərbi potensialı, iqtisadi, siyasi və s. durumu haqqında Sovet kəşfiyyat orqanlarında ətraflı və müfəssəl məlumat var idi. İran ərazisinə Sovet qoşunlarının daxil olacağı təqdirdə, Güney Azərbaycan Bakının təşəbbüsü ilə Moskvadakı sovet rəhbərliyinin diqqət mərkəzinə çəkilir.
Elmi dövriyyəyə gətirilmiş arxiv sənədlərindən və son illərdə İranda çap olunan əsərlərdən məlum olur ki, Sovet Azərbaycanındakı rəhbərlik, şəxsən M.C.Bağırov Azərbaycana hərbi-strateji əhəmiyyətli ərazidən daha çox üzü «Türkmənçay»dan bəri parçalanmış vətənin qovuşması kimi baxmış, Moskvanın göstərişlərinin icrasında, Azərbaycanın hansı yollasa bütövləşməsi (SSRİ tərkibində) ideyası önəmli yer tutmuşdu. Qərbi Ukrayna və Qərbi Belorusiyanın ələ keçirilməsindən sonra M.C.Bağırov Güney Azərbaycan haqqında da belə məqamın yaxınlaşdığını zənn edirdi. Bu məqsədlə İrana yeridilən Sovet qoşunları daxilində Qüzey Azərbaycandan hərbçi adı ilə göndəriləcək 3.816 mülki şəxs səfərbər edilmişdi. Tarixi sənədlərə «Əziz Əliyev qrupu» adı ilə daxil olan bu dəstəyə Qüzey Azərbaycanın görkəmli ziyalıları, elm, təhsil və mədəniyyət xadimləri, partiya və dövlət orqanlarının fəalları (Mirzə İbrahimov, Süleyman Rəhimov, Cəfər Xəndan, Süleyman Rüstəm, Mehbalı Əmiraslanov, Əvəz Sadıq, Qılman Musayev (İlkin) və s.) daxil ediliblər.
Güney Azərbaycanla bağlı çox maraqlı bir məqamı burada qeyd etməmək olmaz ki, bu da Güney Azərbaycana Ermənistan Respublikası rəhbərliyinin iştahası idi. Sovet qoşunlarının Güney Azərbaycana daxil olması ərəfəsində Ermənistan dövləti adından erməni çekist qrupuna rəhbərlik edən Gözəlyan Ermənistan rəhbərliyinin fikrini açıqlayaraq bildirmişdi ki, Sovet qoşunlarının işğal edəcəyi Güney Azərbaycan Ermənistanla Azərbaycan arasında təsir dairəsinə bölünməlidir və bu bölgüdə Təbriz Ermənistana çatmalıdır, beləliklə, guya burada ermənilərin nüfuzu və təsiri Azərbaycandan üstündür. Qüzey Azərbaycan rəhbərliyi tərəfindən Moskvaya təqdim olunmuş arayış, məruzə və məlumatlarda Güney Azərbaycanda, o cümlədən Təbrizdə erməni nüfuzunun şişirdildiyi və həqiqətdən çox uzaq olması bəlli olduğu üçün İran ərazisinin şimal hissəsi Sovet qoşunları tərəfindən tutulacağı təqdirdə, Güney Azərbaycanda fəaliyyət üstünlüyü Azərbaycan Sovet Respublikası rəhbərliyinə həvalə olunub. Bu işdə Azərbaycan rəhbərliyinin Moskvada ali dövlət orqanında yuva salmış «mikoyançılar» müqabilində çevik fəaliyyəti qeyd olunmalıdır.
1941-ci ilin baharında Güney Azərbaycan sərhədlərində dayanmış Sovet qoşunları avqustun 25-də, gecə saat 2-də İran ərazisinə daxil oldular. Saat yarımlıq əməliyyat nəticəsində İran ordusunun ön cəbhədə duruş gətirmək qabiliyyəti sındırıldı. Rza şahın baş komandanlığa müqavimət göstərmək əmri də təsirsiz qaldı. Avqustun 25-dən 28-dək hərbi nazir Naxçıvaninin, Baş Qərargah rəisi Zərqamın ev dustağı olmasına əmr versə də, iş işdən keçmişdi. 1941-ci ilin sentyabrın 13-də (Şəhrivərin 4-də) baş nazir Əli Mənsur və xarici işlər naziri Müzəffər Ələm istefa ərizəsini şaha təqdim etdilər. 14 sentyabr 1941-ci ildə (5 şəhrivər 1320) Məhəmmədəli Firuği baş nazir, Əli Söhili xarici işlər naziri təyin edildi. Elə həmin gün Rza şah təcili olaraq M.Firuğinin evinə gələrək, oğlunun (Məhəmmədrzanın) xeyrinə şahlıqdan əl çəkmək niyyətini ona bildirir. M.Firuği Rza şah üçün daha inanılmış adam idi. O, 30-cu illərin əvvəllərində də 2 ildən çox Rza şahın baş naziri olmuşdu.

Əkrəm Rəhimli - Bije