“Azərbaycan”  qəzetinin səhifələrində  - 55-ci yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 55-ci yazı

27 şabanda (1908-ci ilin sentyabr ayının 24-də - S.B.) Maku ordusunun qalanı da gəldi. Ana Xatun çölu və hər tərəf dolmuşdu. Bu qoşunun bir miqdarı Eynəli dağının ətəyi ilə Dəvəçi məhəlləsinə getməkdə ikən Acıçay kənarındakı fədailər onların getməsinə mane olub və vuruşmağa başladılar. Sərdarın əmri üzərinə bu tərəfdən toplar atəş etməyə başladı. Şrapnel toplarının gülləlləri onların arasında partlayıb onların nizamını dağıtdı və darmadağın elədi. Bu halı gördüklərində yarısı Dəvəçiyə tərəf və qalanı da geriyə dönüb çox sürətlə qaçmağa üz qoydular. Qaradağlı Rəhim xan və Mərəndli Şüça Nizam da onların içində idilər. Durbinli kəşfiyyatçıların raportuna görə 40 nəfərə qədər ölü yerdə qalmışdı.
Cümə günü, şabanın 28-də (1908-ci ilin sentyabr ayının 25-də - S.B.), Qiyamət günündən bir nümunə idi. Şəhərin ətrafını mühasirə edən bütün orduların baş komandanı Eynüddövlə gördü ki, təhdid ilə Təbrizin qeyrətli camaatı təslim olmayacaq, istibdad bayrağının altına girməyəcək və öz milli haqlarını almaqda və müdafiə etməkdə getdikcə daha da şücaət və cəsarətlə onun bu qədər qüvvəsinin qarşısında qocaman bir dağ kimi dayanıbdılar. Bunun üçün şaban ayın 25-dən 28-ə (sentyabr ayının 22-dən 25-ə - red.) qədər tamam hazırlıq aparılmışdı.
Şimal bağının qarşısından, yəni Maralanın üstündən ta Acı çayın yuxarısına qədər bir məsafədə 14 dənə qüllə yıxan top düzdürmüş və Maku ordusu da öz toplarını şəhərin şimal-qərbindən ta Qara Məliyə qədər yerləşdirmişdi. Günortadan bir saat keçirdi. Toplar şəhərin üzərinə 3 tərəfdən atəş etməyə başladılar. Sərdar (Səttarxan – S.B.) və Saların (Bağırxan – S.B.) əmrinə görə Ərk, Xiyaban, Maralan və Əmirəqızdakı toplardan düşmənə tərəf güllə yağdırmaqla amansızcasına cavab verilirdi. Bütün qeyrətli fədailər öz səngərlərinə möhkəm yerləşib müdafiəyə hazırlanmışdılar.
Eynüddövlənin fərmanı ilə bir polk Şahsevən və Talış xanlarının komandanlığı altında Maralan tərəfindən, böyük bir polk Əraq və Bəxtiyari sərkərdələrinin komandası altında Xiyaban məhəlləsinin səmtindən, bir polk Bağmeşə qapısından, bir polk Alaqapı səmtindən, böyük bir polk Qaradağlı Rəhim xanın sərkərdəliyi ilə Saman meydanı, Dəvəçi qapısı tərəfindən, bir polk İstanbul qapısından, yəni Sərdarın sağ tərəfindən bir polk Dəvəçi ilə Əmirəqız arasındakı Eyrançı küçəsindən Səradarın qüvvəllərinin mərkəzinə doğru, onların da sərkərdələri Qaradağlı Zərğam və Hacı Musa xan və s. Qaradağ xanları idilər. Bir polk Mərənd qüvvələri Əmrəqız ilə Dəvəçi arasında olan Quru çaydan Mərəndli Şüca Nizam və s. Mərənd xanlarının komandası altında cənab Sərdarın sol cinahına doğru, ikinci dəfə gələn Maku ordusu da Acı körpüsü tərəfindən Makulu İzzətulla xan və s. Maku, Salmas, Xoy və Avacuq xanlarının sərkərdəliyi ilə, bir polk Qara Məlikdən Salari Ərfə və Seyfulla xan və Üskülü Eyvazəli xanın fərmanı altında şəhərin 11 məhəlləsinin üzərində yuxarıda yazılan qayda ilə yürüş etməyə başladılar.
Ehtiyatda olanlardan başqa bu qüvvələrin sayını 40 mindən və 80 minə qədər qeyd edənlər vardır.
O zaman Təbrizin təqribən üçdə bir hissəsi də irtica qüvvəllərinin əlində idi. Cəbhə xətti Maralanın üst tərəfindəki Qurxana ətəyindən və oradakı toplardan başlayıb Peykəriyyə və Bağmeşədəki qüllə üstündən və oradan Meydan çayının sağ tərəfi ilə ta Qarı körpüsünə qədər, sonra çayı bu tərəfə keçib Bağmeşə bazarçası, Hərbxana bazarı (indiki Maarif Nazirliyi və Şəmsülimarə) və Müctəhid küçəsindən, yəni Çarminardan təqribən Meydan çayının məcrası ilə ta İstanbul qapısına qədər uzanırdı.
İstanbul qapısı və Saman meydanından şəhərin şimalına doğru Əmrəqız məhəlləsinin Acıçay kənarına gedən yolun şərq tərəfindəki Dəvəçi ilə Əmrəqız arasında olan binalar və küçələr ta Çulə qədər, Acıçay kənarına qədər cəbhə boyu idi.
Qərb cəbhəsində Qara Məliyin qarşısında olan Hökmavər və Əmi Zeynəddin məhəllələri idi. Saydığımız cəbhə boyunun arxası, yəni əhatə etdiyi sahə və cəmiyyət cəhətdən şəhərin üçdə bir hissəsi tamamilə o amansız düşmənlərin əlində idi. Belə bir ağır şəraitdə Təbrizin biçarə yerdə qalan üçdə iki hissəsi bu zalım, rəhmsiz və insafsız cəlladlar, eşqiya və qanlı istibdad canavarının suvariləri ilə ac-susuz olaraq 3 ay idi ki, gecə-gündüz vuruşmaqda idi. Həqiqətən bu şücaətə, bu şərəfə eşq olsun.
Möhtərəm oxucuları inandırıram və görənlər də təsdiq edərlər ki, Təbrizin o zamankı halı daş ürəkləri belə ağladıb rəhmə gətirərdi. Şəhər daxilində olan bağlar və bağçalar Təbrizin iffətli və ismətli qadınları, məsum balaları ilə dolmuşdu. Biçarələr qoyun sürüsü kimi yonca və ot-ələf yeməyə başlamışlardı. Bəzi xırdaca balaların zibillər içində sümük tapıb daş arasında döyüb yediklərini öz gözümlə gördüm. Məhəllələrdə, məhlə bazarçalarında baqqal, ələf və göy-göyərti satan dükanlarda çörək əvəzinə camaata yonca satılırdı. Bu qiyamət əhvalını o zamanlar görənlərin, ya görüb də indi yadına salanların və eyni həqiqətlə yazılan bu sətirləri oxuyanların insanlıq hissi və sevgisi cuşa gəlib ağlamaması imkansızdır.
Bu, insanlıq gücündən də yüksək olan ağır bir şərtlərlə aldığımız məşrutədən (konstitusiyadan –S.B.), azadlıq nemətindən bizi Tehrandakı irtica aparatı və mürtəceləri riyakarlıq və hiylə yolu ilə məhrum etdilər. Azadlıq və rəşadət beşiyi olan Təbrizi bu gün gördüyümüz kimi xarab və pərişan hala saldılar. Bu zəhmətlərimiz və azadlıq yolunda çəkdiyimiz müsibətlər və dözdüyümüz bəlaların haqqını və muzdunu bu 39 ildə yaxşı ovcumuza qoydular. Öz xəyanət və riyakarlıqları ilə ilk əvvəl bu azadlıq meydanının rəşid qəhrəmanlarını, başda Səttarxan və Bağırxan olmaq üzrə hiylə ilə Tehrana aparıb orada və ayrı yerlərdə öldürməkdən başlayıb son 25 ildə axırıncı mərtəbəsinə yetirdilər.
Yuxarıda dediyimiz kimi, Qaradağlı məşhur Rəhim xan 28 şabanda (1908-ci ilin sentyabr ayının 25-də - S.B.) Dəvəçi qapısı tərəfindən hücuma hazırlaşmışdı. Seyid İbrahim məqbərəsinin səmtində qoydurduğu top ilə fədailərin İstanbul qapısında və Ərançı küçəsindəki səngərlərini vururdu. Vərci və Gödərli məhəlləsinin fədailəri bu səngərlərdə çox möhkəm dayanıb atışmaya başladılar. Bir top gülləsi bu səngərə dəyməklə Hacağa Məşədi Xudakərəm Kudərlinin oğlunu dağıtdı. O cavanın ətini, qanını və daş parçalarını, onun yanındakı yoldaşları Kudərli Məşədi Hüseynin və Seyfəddinin vurulduğunu öz gözlərilə gördükləri halda o igid cavanlar heç hallarını pozmadan atışmlarına davam edirdilər. Bir addım da olsun geri qoymadılar.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 165, 05.04.1946

***
Sənədli hekayələr silsiləsindən.
Bəylər Haili: “Həyatda mənim nəsibim”

Ətrafda olan yerli və homə (rayon – red.) komitələrindən bir neçəsinin vəziyyətini və təşkilati işlərini tədqiq edib nöqsanlarını dəf etmək üçün Azərbaycan Demokrat Firqəsinin mərkəzi komitəsi tərəfindən səyyar təlimatçılığa təyin olunmuşdum. Gəzəcəyim yerlər Kəleybər mahalı olduğundan özümü əvvəlcə Əhər vilayət komitəsinə təqdim etdim. Gedəcəyim kəndlərin mühit və şəraitinə müvafiq olaraq o komitədən yazılı göstəriş və şifahi tapşırıqlar aldıqdan sonra bir nəfər bələdçinin müşayiəti ilə ilk mənzilə tərəf yola düşdüm. Məqsədim homələrdə gördüyüm mənfi və müsbət cəhətləti izhar etmək olmadığından bir neçə günün ərzində bir neçə kəndi gəzib dolandığım haqqında da izahat verməyə ehtiyac görmürəm. Lakin bunu qeyd edirəm ki, o məntəqənin yol və irizlərinə bələd olmadığım, xüsusilə adamlarını tanımadığım üçün bir kənddən başqa bir kəndə yola düşərkən o kəndin əhalisindən bir nəfər firqə üzvü bələdçi ünvanı ilə mənə qoşulur, söhbət edə-edə yola nərdivan qoyurduq. Onlar müxtəlif suallar vasitəsi ilə kəndlərin iqtisadi vəziyyətinin yaxşılaşmasına dair firqə və hökumətin əmr və qərarlarını, gündəlik məsələləri və yeni xəbərləri məndən öyrənirdilər. Bu yol ilə səyahət edərək həm görmədiyim yerləri - qocaman ağaclı meşələrlə örtülmüş əzəmətli dağları və yalçın qayalı sıldırım dərələri görür və həm də üzərimə götürdüyüm vəzifəni ifa edirdim.
Xülasə, esfənd ayının qurtarmasına bir həftə qalırdı (bu tarix mart ayının 15-ə uyğun gəlir – red.). Havadan ilk baharın ətri gəlirdi. Mühit gözəl, üfüq göyçək, səma da qəşəng idi. Təbiətin bu sərxoş çağında mən bələdçi yoldaşımla söhbət edə-edə yol gedirdim. Üzəri ilə hərəkət etdiyimiz bir yoxuşu aşarkən “budur, yetişdik” - deyə mənə xəbər verdi. Mən başımı qaldırıb baxdım, təxminən 1 km məsafədə bir kənd gördüm. Bu kənd də o birilər kimi yarım xaraba bir halda nəzərimdə cilvələndi. Evləri 3, yaxud 4 binadan savayı çiy kərpic və ya sadəcə palçıqdan tikilmiş daxmalardan ibarət idi. Bu daxmaların hər birisinin bir qapısı və bir də pəncərə əvəzində geniş bir bacası var idi. Ümumiyyətlə, mal-heyvan salınan tövlələr ilə yaşayan evləri xarici görünüşdən təyin etmək mümkün deyildi. Bu mənzərənin müşahidəsindən mən ixtiyarsız olaraq dərin bir xəyal aləminə getdim. “Xarici ölkələrdə kənd əhalisi mədəni və mütərəqqi bir həyat keçirməyə müvəffəq olduqları bir halda, Tehran üsul-idarəsi altında Azərbaycan kəndliləri günlərini qaranlıq və bədbəxt bir halda keçirmişlər. Adlarını vətən və millətpərəst qoyan xəbis hökmdarlar, onların quyruqları olan Rza xanlar, Seyid Ziyalar və qeyriləri xaricilərin müstəmləkə siyasətinə razılıq verib Azərbaycan millətini bu cür zillətlə yaşatdılar.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 165, 05.04.1946
***
Tarixi elanlarımızdan:
Bütün əhalinin məlumatı üçün elan olunur ki, Urmiya gölündə olan gəmilərin adları aşağıdakı qayda ilə əvəz olunubdur və bundan sonra təzə adlarla deyiləcəkdir.
Pəhləvi Movləvi gəmisi – Səttarxan
Şahpur gəmisi – Bağırxan
Ahəni motori gəmisi – 21 Azər
Əxgər gəmisi – 27 Azər
Rizaiyə gəmisi – Urmiya

Yol, Poçt, Teleqraf və Telefon Nazirliyi.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 165, 05.04.1946

***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.