“Azərbaycan” qəzetinin səhifələrində  - 59-cu yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində  - 59-cu yazı

Yaşasın Azərbaycanın rəşadətli və qəhrəman əsgərləri!

H.S.: "Müqəddəs əsgərlik paltarı"

Cümə günü axşam (29 mart 1946-cı il tarixində - red.) Səttarxan xiyabanında əsgərlərin keçidinə tamaşa edənlər arasında mən də var idim. Əsgərlərin ritmik addımları, zabitlərin müntəzəm göstərişləri və onların yüksək ruhla Azərbaycan himnini oxuya-oxuya getmələri, xalq kütlələrinin böyük bir sevinc hissilə onları alqışlamaları bütün odlu ruhlara yeni bir sevinc verirdi.
Bizlər keçmiş hökumətin dövründə əsgərliyin yalnız “ağa balasər”lərin (başda duran ağaların – red.) şəxsi mənafelərini qorumaqdan savayı bir şeyə faydası olmadığını anlamamışdıq. Bizlər iki il hərbi hissələrin kunclərində bir məhbus kimi zabit məhmizindən (şallağından – red.) və vəkilbaşı kötəyindən savayı bir “məhəbbət” görməmişdik. Bu gün demokratik hökumətin bəxş etdiyi həqiqi azadlığı və əsgərlik libasının parlaq iftixarını düşünürdüm. Əsgərliyin diri ruhuna iman gətirdim. Anladım ki, həqiqi əsgər olan bir şəxs cəmiyyətdə nə qədər böyük hörmətli məqama naildir.
20 il xalqımızı hər cür ictimai işlərdən dali qoyan irtica hökuməti şərəfli əsgərlik paltarını da öz istismar siyasətini qorumaq yolunda işlətməklə xalqımızın yaradıcı ruhunu da öldürmüşdü.
Milli Hökumətimizin bir ay ərzində təşkil etdiyi qoşun indi xalqımızın inamını qazanaraq buna əmindir ki, Milli Hökumət qoşun dəstələrimizi yalnız ölkəmizin azadlığının qorunması yolunda tərbiyə edəcəkdir. Bu inam nəticəsindədir ki, xalq kütlələrimiz hər gün dəstə-dəstə könüllü olaraq ünvanı ilə qoşun sıralarına daxil olmağa hazır olurlar.
Azərbaycan xalqı öz oğullarının şərəfli əsgər paltarı ilə iftixar edir və bunu çox yaxşı bilir ki, Azərbaycanın qəhrəman cavanları öz ölkələrinin parlaq tarixi ifitxarını son damla qanları qalana qədər qoruyacaqlar.
Yaşasın Azərbaycanın rəşadətli və qəhrəman balalarının müqəddəs əsgərlik paltarı!

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 161, 31.03.1946

***

Mədəniyyət tariximizə aid elanlardan:

Təbriz şəhərində təşkil olunmuş “Azərbaycan şair və yazıçılar cəmiyyəti”nin idarə heyəti bütün ədəbiyyat aləminə həvəskar olanlara elan edir ki, bu gündən etibarən cəmiyyətə üzvlərin qəbuluna başlanmışdır. Cəmiyyət şairlər, yazıçılar, dramaturqlar, tənqidçilər, cavan qələmlər və erməni yazıçıları şöbələrindən ibarətdir. Üzvlüyə daxil olmaq istəyənlər hər gün səhər saat 8-dən axşam 6-ya qədər idarə heyətinə müraciət edə bilərlər.
Adres: Tərbiyət xiyabani, “Azərbaycan şair və yazıçılar cəmiyyəti”.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 161, 31.03.1946

***

Qəhrəmanzadə: Vətəni sev!
(Oğluma nəsihət)

Mübarizədə barışmaq məğlub olmaq deməkdir. Vətənin azadlığı sənin səadətindir. Sən öz qanınla bu dilbər vətəni düşməndən müdafiə elə. Çünki sənin nənən, baban bu torpaqda sənə arxalanaraq yatmışdı. Sən razı olma ki, onların məzarları yağı tapdağı olsun...
Oğlum, sən bir gül idin, bizim sakit və yoxsul bağçamızda açdın. Sən açılarkən bizləri nə qədər sevindirdin. Çünki bizlər həyatda çiçəklərimizi xəzan vurmuş bir bağa bənzərdik. Çünki bütün yoxsullar şən ailə həyatından məhrum idilər. Sən anadan olurkən bizim solğun evimizdə bir inqilab əmələ gəldi. Mənzilimiz kədər libasını soyunub atdı. Baban həmişə sevinclə deyərdi: “Allaha çox şükür olsun ki, bizim də evdə qəşəng bir gül açdı”.
Sən ağladıqca bizim məzar qədər sakit damxamızda bayram olurdu. Üçümüz də gözümüzü sənin üzünə dikərdik və sənin hər bir xırda hərəkətini təqib edib sevinərdik, gülüb şadlanardıq. Oğlum, biz həyatı babalarımızdan öyrənmişik. Zaman tədricən bizləri ölüm sahilinə sürüklədikcə bizlər də pərdə-pərdə genişlənib qocalırıq və nəhayət, həyatda bir kölgə kimi silinib gedirik. Sən böyüdükdən sonra həyatımızın səhifələrini vərəqlə, oxu, öyrən və mübariz ol! Mən Vətənin uğrunda mühitin hər bir işgəncəsini, əzabını qəbul etdim. Mənə elə gəlirdi ki, uca bir dağın zirvəsindən dərin və qaranlıq dərəyə yuvarlandım. Bu dərədə vətən uğrunda əzab çəkən minlərlə insanlara rast gəldim. Onların çoxu əllərini qoyunlarına qoyaraq nə edəcəklərini bilmirdilər. Çünki hər tərəfdə zindan vardı, zülm vardı, işgəncə və göz yaşları vardı. Bu zaman heç bir şəxsiyyətə qiymət verməzdilər. Sənətin və bilginin nə hörməti var idi, nə də qiyməti.
Bizim ölkədə insanlar bir-birini aldatmaqla, yalan danışmaqla güzəran edirdilər. Düzlər və kasıblar aclarından məhv olub gedirlər. Yüzlərlə mənim kimi şəxslər meydanlarda bir tikə çörəkdən ötrü saatlarla boynumuzu burub durardıq. Kim bizə iş verəcəkdi? Kim bizi işə aparacaqdı?
Mən evə kədərli döndüyüm zaman sən xırdaca qollarını açaraq mənim üstümə pərvaz elədiyin vaxt mənim bütün qəmlərimi, ələmlərimi şadlıq dəstmalı ilə silib aparardın. Hər dəm üzümə gülüb “Dədə” dediyin zaman qəhqəhə ilə gülüb səni hərarətlə ağuşuma basaraq dönə-dönə üzündən öpərdim.
Oğlum, bizim vətən gözəldir. Onu sev! Onu mən də sevirəm. Belə mən vətəni uşaqlıqdan sevmişəm. Çünki onun uca dağlarında quzu otarmışam, soyuq sularından doya-doya içmişəm, çəmənlərində qaçıb kəpənək tutmuşam, bağlarında quş ovlamışam, meyvələrindən yemişəm, çaylarında çimmişəm. Sən də vətənin dağlarında azad olaraq tənəffüs elə, qaç, atıl, düş. Vətən sənindir, sən də vətənin. Sən onu qoru. Onu qul halına salmaq istəyənlər ilə amansız mübarizə apar. Mübarizədə barışmaq məğlub olmaq deməkdir. Quzum, kim olursa olsun, vətənin azadlığını istəməyəni öldür, onu məhv elə. Çünku vətənin azadlığı sənin səadətindir.
Sən öz qanınla bu dilbər vətəni düşməndən müdafiə elə. Çünki sənin nənən, baban bu torpaqda sənə arxalanaraq yatmışdı. Sən razı olma ki, onların məzarları yağı tapdağı olsun. Qoyma vətənin üfüqlərində həbs bayquşları ulasın. Oğlum, ananın, babanın və bir də mənim həyatım sənə bağlıdır. Bizlər ümid gözlərimizi sənə dikmişdik. Səni göz bəbəyimiz kimi sevirdik. Bir gün sən bərk xəstələndin. Bu zaman qızdırmanın hərarətindən özünü gah mənim, gah da babanın üstünə atırdın. Sənin dilin yoxdu ki, bizimlə danışasan, dərdini deyəsən. Biz sənin bu halına ağlardıq. Solğun gözlərin ilə baxaraq sanki deyirdin: “Mən ölürəm, nə üçün məni doktora aparmırsınız?!” Ancaq bizim göz yaşımız sənə dərman olmadı. Səni Sovetlərin pulsuz həkiminə apardıq. Doktor bizim çırpınan qəlbimizə təsəlli suyu səpdi. Biz sevindik. Yanar ürəyimizi təsəlli əli ilə sevindirdi. Demək solmaqda olan fidancığazı diriltdi.
“Uşaq yaxşı olar, dava yazdım alın, sağalar”, – dedi. O nüsxə (resept) yazdı, davaxanada sənin dərmanın 25 qran tutdu. Bu 25 riyal sanki bizə 25 milyondan artıq gəldi. Quzum, sən olduğun halda, bu pulu tapıb dərman ala bilmədik. Oğlum, onu bil ki, bizim vətəndə yüzlərlə sənin kimi uşaqlar, böyüklər dərmansız və doktorsuz ölüb gediblər. Sən doktor ol! Milləti pulsuz müalicə elə. Vətənin çürük yaralarını kəs at! Sən həmişə düşün ki, baban bu vətəndə doktorsuz və dərmansız öldü. Oğlum, Zali, Vətəni sev, o sənin səadətindir və azadlığındır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 161, 31.03.1946

***

“Cavan ordumuza”

Eşq ola şanlı cavan ordumuza
Bir polad səngər olub yurdumuza
Məşq edir səfheyi-meydan (1) titrir
San (2) verən vəqtə xiyaban titrir
Elə bil mövc edər (3) ümman titrir
Diktator orqanı Tehran titrir
Eşq ola şanlı cavan ordumuza
Bir polad səngər olub yurdumuza
Bu qızılbaş qoşunun himməti var
Onun hər tək-təkinin qiyməti var
Şərəfi, namusu var, qeyrəti var
Vurmağa düşmən ilə qüdrəti var
Eşq ola şanlı cavan ordumuza
Bir polad səngər olub yurdumuza
Ruh verir milli qoşun indi bizə
Qaladır dövrədə sərhəddimizə
Baki (4) yox, cəngdə qan çıxsa dizə
Onla düşmən dura bilməz üz-üzə
Eşq ola şanlı cavan ordumuza
Bir polad səngər olub yurdumuza
San günü mən də saatdan bu yana
Nəzərim düşdü igid bir cavana
Avtomat əldə gələn qəhrəmana
Bəsləyibdir onu qeyrətli ana
Eşq ola şanlı caban yurdumuza
Bir polad səngər olub yurdumuza

M.Niknam
***

"Azərbaycan Demokrat firqəsinin Miyana və Gərmrud yerli komitəsinə"

Sizin kəndlilər arasında apardığınız milli demokratik siyasət və onlara verdiyiniz firqə tərbiyəsi bu gün o təşkilatın başını uca və iftixarlı elədi. Miyana təşkilatının verdiyi fədai dəstələri və onların cəbhədə göstərdiyi fədakarlıqlar bizim müddəamızın şahididir. Miyana təşkilatının bu barədə gördüyü işlər saysız və hesabsızdır. O təşkilatın fədailərə ruhiyyə vermək və onları cəbhədə olsa belə incəsənət təsirindən kənarda qalmamaq üçün göndərdiyi aktyor və musiqi heyəti xüsusilə gözə çatmaqdadır və Miyana Demokrat cavanlar təşkilatının cəbhədə olan fədailərlə onların ailələri arasında yaratdıqları əlaqə dəstələri sizin təşkilatın ən böyük fəaliyyətindən biridir.
Ona görə Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi və Xalq Qoşunlar Nazirliyi tərəfindən Miyana və Gərmrud firqə təşkilatına, onun bölük və yerli komitə üzvlərinə və xüsusən təşkilat başçısı olan cənab Əli Şəmidəyə təşəkkür elan edib və gələcəkdə bütün firqə təşkilatlarının və eləcə də Miyana və Gərmrud Təşkilatının bundan daha artıq fəaliyyətini arzu edirəm.
Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin sədr müavini Padeqan.
Azərbaycan Xalq Qoşunları nazirinin müavini Daneşyan.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 161, 31.03.1946

***

ƏLİ TUDƏ
( "Mən nə gətirdim" şeirindən )
Mən öz qardaşıma mehman gələndə,
Bir qələm, bir dəftər, bir can gətirdim.
Dağların döşünü toplar dələndə,
Bir ləkə düşməyən vicdan gətirdim.
Mən onu günəşdən təmiz saxladım,
Canımdan, gözümdən əziz saxladım,
Bu kiçik qəlbimdə dəniz saxladım,
Bir xilqət görmədi, pünhan gətirdim.
Ucuz tutmasınlar bu sovqatımı,
Hissimi, duyğumu, esasatımı,
Mən öz varlığımı, öz həyatımı,
Doğma qardaşıma qurban gətirdim.
Ürək daş deyildir, bir parça ətdir,
Bəs onu yaşadan hansı qüdrətdir,
Bir ümid , bir arzu , bir məhəbbətdir,
Mən o məhəbbətdən nişan gətirdim...
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.