“Azərbaycan”  qəzetinin səhifələrində  - 65-ci yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 65-ci yazı

Tehran, 15 aprel 1946
Tehran radiosunun bildirdiyinə görə, aprelin 14-də səhər dövlət tərəfindən İranın Amerikadakı Fövqəladə və səlahiyyətli səfiri Əlaya teleqrafla tapşırıq verildi ki, Sovet hökuməti öz əhdinə vəfadar qaldığından Qızıl ordu qoşunlarının İrandan çıxmaları münasibəti ilə İran hökumətinin bu barədə Təhlükəsizlik Şurasına verdiyi ərizəni geri alsın.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 175, 17.04.1946

***
1946-cı ilin aprel ayının 14-də Təbriz şəhərinin “Firdovsi” məktəbinin səhnəsində Azərbaycanın hər nöqtəsindən gəlmiş 600-dən yuxarı kəndli nümayəndələrinin iştirakı ilə təşkil edilmiş Azərbaycan kəndlilərinin konqresində çıxış edən Azərbaycan Demokrat Firqəsi mərkəzi komitəsinin sədr müavini cənab Badeqanın nitqindən:
- ...Mən sizi əmin edirəm ki, bu hərəkatda azərbaycanlılar öz həyatlarını istədikləri kimi qurmağa layiq olduqlarını sübut etdilər. Yaşasın Azərbaycanın qeyrətli və şüçaətli xalqı! (alqışlar).
İndiyə qədər Tehran mürtəce hökumətinin Azərbaycan milləti demək üçün dili kəsilirdi. Bizi ancaq Azərbaycan əhalisi adlandırıdılar. Amma biz sübut etdik ki, biz özümüz bir millətik. Dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz, adət-ənənələrimiz vardır. Bizim 4 ayda gördüyümüz işləri onlar 4000 ildə görmüşlər. Tehran mürətceləri yalnız indiyə qədər ölülərinin sümüklərilə fəxr edib 6000 illik tarix iddiası edirlər.
...İndi Azərbaycan xalqı gərək gələcək nəslin göz bəbəyi olan azadlığı möhkəm saxlasın (hamı bir səslə: “can və malımızla hazırıq”).
Azad yaşamaq istəyən bir millət gərək ölümə hazır olsun.
Yaşasın Azərbaycanın Milli Məclisi və milli dövləti! (alqışlar)
Yaşasın Azərbaycan xalqına və dövlətimizə rəhbərlik edən Azərbaycan Demokrat Firqəsi! (gurultulu alqışlar, sürəkli ura səsləri).

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 175, 17.04.1946

***

4 aprel 1946-cı il tarixində İranla Sovet İttifaqı arasında neft müqaviləsi imzalandıqdan və ardınca Sovet qoşunlarının İran, xüsusilə də Cənubi Azərbaycan ərazilərini tərk etməsindən sonra Azərbaycan Demokrat Firqəsi və Azərbaycan Milli Hökuməti rəhbərləri mövcud tarixi şəraiti nəzərə alaraq Tehran irtica hökumətinin hər an Azərbaycan və azərbaycanlılar üzərinə hücum əmri veriləcəklərini gözləyirdilər. Bu üzdən də Azərbaycanın müstəqilliyini, xalqın əldə edilmiş milli-demokratik hüquqlarını qorumaq üçün ciddi müdafiə tədbirlərinə, o sırada hərbi təlimlərə başlamışdılar.

Bu barədə xəbərlərdən: Təbrizdə hərbi təlim

Bazar ertəsi günü, aprel ayının 15-də yeni Milli meydanda Azərbaycan Demokrat Firqəsinin Təbriz şəhər komitəsinin 7-ci homəsindən (rayon komoitəsi – red.) 650 nəfər firqə üzvü günortadan sonra saat 6-dan 8-ə qədər, birinci homədən 300 nəfər saat 2-dən 4-ə qədər, 2-ci homədən 200 nəfər saat 4-dən 6-ya qədər hərbi təlim keçmişdir. Təlim zamanı Baş nazirimiz və firqəmizin sədri cənab Pişəvəri Milli meydana təşrif gətirib firqə üzvlərinin nəzəri və praktiki hərbi təlimlərini yaxından seyr etdilər.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 175, 17.04.1946

***

Şanlı Azərbaycan!
Bu son günlərdə Azərbaycanın böyük milli şairi Etimad “Şanlı Azərbaycan” adlı bir əsərini nəşr etməyə başlamışdır. Etimad öz əsərində həyatın ən real hallarını təcəssüm edir. O, öz yazılarında cəmiyyətimizdə olan nöqsanları xatırladır. “Gəlinlər bəzəyi” kitabında ölkəmizdə olan nigah məsələsinin yanlış şərtlərini aydıncasına sadə və xalq dilində demiş, şeirlərində şərh etməklə bu adətlərin mədəniyyətə uyğun olmamasını göstərir. “Gəlinlər bəzəyi” yalnız mövzu etibarı ilə diqqətəlayiq deyil, eyni zamanda onun şeirlərinin sadə və xalq məsəlləri ilə olması şairin coşğun istedadını daha da aydın göstərir....
Etimadın “Aparır” ünvanında olan şerlərində böyük bir həqiqət gözə çarpır, bu şeirlərdə çox aydın bir məsələ xalqımızın siyasi və iqtisadi həyatı nöqteyi-nəzərindən təcəssüm olunmuşdur.
“Bir tamaşa elə, bu buğda açan yasəmənə”, “Zəhmətini mən çəkirəm, ləzzətini əğyar aparır!”, “Sarbana deyirəm, getmə! Bu yol qorxuludur!”, “Sözümə baxmır, o yandan da cilodar aparır”, “Bülbülün pərvanə ilə söhbəti” ünvanında olan şeirləri də Etimadın ədəbi qüdrətindən bir nümunə ola bilər, şair bu şeirlərdə ədəbi bir mövzunu oxucunun fikrində yaradarkən oxucuların vətənpərəstlik aləminə rəhbərlik edir. Axırıncı şeirdə bütün varlığını vətənlə bağlı bilib deyir:
“ Bəqa, həyat, şərəf tək vətən məhəbbətidir
Vətən məhəbbəti aləmdə xalqın izzətidir”.
Etimad indiyə kimi cəmiyyətə çoxlu bədii əsərlər təqdim etmişdir. Etimadın şeirlərinin hər birində insan yeni bir fikri düşünür. İndiyə kimi mühitimizin mövcud şəraiti xalqımıza öz ana dilində yazıb oxumağa imkan vermədiyi üçün bizim böyük şairlərimiz öz əsərlərini nəşr etməkdən məhrum idilər. Buna görə bizim ədəbiyyatımız dərin bir tənəzzülə düçar olmuşdur. Mən güman edirəm ki, daha bundan sonra heç bir sıxıntı bizim geniş ədəbiyyatımızı öz təsiri altında saxlamağa imkan tapa bilməyəcəkdir.
Bizim xalqımızın iradəsi sayəsində yaranmış şərait şairlərimizin, yazıçılarımızın öz bacarıq və istedadlarından daha artıq və layiqincı istifadə etməyə imkan verəcəkdir. Etimadın əsərləri xalqımızda olan yaradıcılıqdan böyük bir nümunədir. Məncə, Etimad öz qələminin gücündən layiqincə istifadə etməyibdir. Mən onu hər cür bədii əsərləri yaratmağa qadir bilirəm və buna görə də Etimadın indiyə kimi ədəbiyyatımızda meydana gəlmiş inqilab və təkamüldən layiqincə istifadə etməməyi üçün etiraz etmək mümkündür.
Biz Sovet Azərbaycanının şairlərinin əsərlərində müxtəlif səpkidə şeirlər görürük. Onlar ədəbiyyatda, şeirdə yeni bir üslub (stil) yaratmışlar. Halbuki, bizim şairlərimizin çoxu yalnız qədim üslubdan istifadə edirlər. Bu yalnız bizim məhdudiyyətimiz sayəsində olmuşdur. Bundan sonra şairlərimizin və yazıçılarımızın ədəbiyyatımızda geniş bir təkamül və inqilab yaratmaları qətidir.
Xüsusi ilə biz Etimad kimi qüdrətli şairlərdən xalqımız üçün daha da böyük əsərlərin ithaf olunmasını gözləyirik. Mən Etimadın şeirlərinin hamısını oxumağa imkan tapa bilmədim. Amma onun şeirlərindən bir neçə qitəsini dəfələrlə oxumağa məcbur oldum. Onları oxuduqda məndə coşğun duyğular oyandı və hər birində dərin bir lətafət hiss etdim.
Xalqımız bu kimi şairlərin əsərlərini gördükdə dilimizin nə qədər qüdrətli olduğunu düşünəcəklər. Etimadın bu axırıncı məcmuədə yazdığı şeirlərinin çoxu xalqımızın mübarizələrindən unudulmaz bir xatirələri təcəssüm etmişdir. Etimad mübariz bir şairdir ki, öz qələmini və qüdrətini xalqımızın ixtiyarında qoyub xalqımızın qəhrəmanlıqlarının, mübarizələrinin şahidi olaraq öz məzmunlu şeirlərində onları aydınca göstərir.
Etimadın bu axırıncı əsərlərində bəzi nöqtələr də vardır ki, məncə, şairin onlarda yeni baxışlarına ehtiyac vardır. Məsələn, “Qəm eləmə, oğlum” qitəsində xalq məsəli kimi işlətdiyi “Tülkü suvaxlı bağa girməz” təşbihi münasib və burada işlədilməsi düzgün deyildir. Mən ümidvaram ki, mübariz şairimiz özünün ayrı əsərləri ilə panfarsizm törədən şovinistlərin yadigarlarını aradan aparmaq üçün ayrı şairlərimiz ilə yorulmadan fəaliyyət edəcəkdir.
(Məqalə müəllifinin imzası yoxdur)
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 174, 16.04.1946
***

Millət məhkəməsində

Keçmiş hökumətin işgəncələri, zülm və sitəmləri illər boyu davam etdikdən sonra xalqımızın qiyamı ilə son çatdı. Tehran hökuməti Azərbaycan xalqının qiyamından qorxuya düşdükdə var qüvvəsi ilə bu hərəkatı boğub və 5 milyon bir millətin hüququnu ayaq altına salmaq istəyirdi.
Xalqımız Tehran hökumətinin ağır şərtlərini aradan qaldırmaq üçün ayağa qalxdıqdan sonra şiddətli mübarizələrlə bir uzun tarixi faciəyə son verdi. Biz Milli Hökuməti qurduğumuz zaman Tehran hökuməti müxtəlif yollar ilə hiyləgər bir şəkildə çox rəhmsizcəsinə bizim azadlığımızı boğmaq qərarına gəlmişdi. Tehran hökuməti tərəfindən onun istismar niyyətlərini icra edən məmurlar Azərbaycanın azad olmağından qorxurdular. Çünki Azərbaycan xalqı hər bir təzyiq qarşısında səbr və dözümü olduğu qədər, o qədər də acıqlıdır. Buna görə də yalnız silahsız milləti öldürmək və onların hüquqlarını məhv etmək qəhrəmanı olan bu məmurlar Azərbaycan xalqının ayağa qalxmasından titrəyirdilər. Onlar öz silahlarına arxalanıb hər işi zor və gücə bağlı bilirdilər.
Əcnəbilərin sədaqətli nökəri olan cənab Ərfə Azərbaycanı əbədi olaraq müstəmləkə şəklində saxlamaq üçün “ləyaqətli” (!) təşəbbüslər etməklə imperializm dairələrinə “sədaqətini” təqdim etmək istəyirdi.
O cümlədən də Milli Hökumətimiz yaranan zaman öz həmkarlarının varlığından istifadə edərək Azərbaycanın Urmiyada kimi həssas nöqtəsində böyük facilər törətməyə müvəffəq oldu.
4-cü ostanın (mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan əyaləti nəzərdə tutulur – red.) qabaqkı ostandarı (general-qubernatoru – red.) və Urmiya hərbi hissəsinin komandiri polkovnik Zəngənə, Urmiya jandarma idarəsinin rəhbəri polkovnik Nurbəxş və onun o biri həmkarları birlikdə Urmiyada və onun ətrafında müstəqim və qeyri müstəqim şəkildə silahsız xalqın kütləvi qətlində (soyqırımında – red.) ən fəal amillər olmuşdurlar.
Onlar öz ağalarının pis niyyətli planlarını Urmiyada icra etmək üçün böyük qan tökməkdən, hətta arvadları, uşaqları, qoca kişiləri ürək yandırıcı bir şəkildə öldürməkdən çəkinməmişdirlər.
Onların cinayətləri Tehran hökumətinin hökmranlığı dövründən qalan unudulmaz bir xatirə və nəticədir!
İndi ibtidai istintaq işləri dəqiq surətdə qurtardıqdan sonra onların mühakiməsi başlanır.
Alınan məlumatlara görə bu mühakimə açıq şəkildə davam edəcəkdir. Bütün Azərbaycan xalqı süngülər ilə parçalanmış məsum uşaqların anaları, öz cavan ərlərinin qanlı cəsədlərini görən cavan gəlinlər bu məhkəmənin təşkil olunmasını tələb edirlər.
Onlar milli məhkəmədə mühakimə olunub cəzalanacaqlar. Qoy xalqın hüququnu pozan rəhmsiz imperializm nökərləri millət məhkəmələrində qanuni cəzalarını görsünlər.
Qoy o yırtıcı vəhşi insanlar düşünsünlər ki, bizim millətimiz onların minlərlə cinayətlərinin qarşısında onların mühakiməsini qanuni məhkəmələrdə icra və bununla da rəhmsiz hökmranların ədalətsiz qanunlarını ləğv edir. Bu məhkəmə ədalət məhkəməsidir. Azərbaycan xalqı hər işi ədalət ilə yerinə yetirib öz tarixi şərəfini hər bir zamanda qorumuşdur.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 175, 17.04.1946
***

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə