“Azərbaycan”  qəzetinin səhifələrində  - 67-ci yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 67-ci yazı

Təbrizdə Poçt, Teleqraf və Telefon məktəbi

Poçt, Teleqraf, və Telefon Nazirliyi tərəfindən Təbrizdə açılan məktəb 3 şöbədən ibarətdir. O cümlədən bu məktəbdə elektrik şöbəsi də vardır. Bu məktəbdə təhsil müddəti 1 ildir. Hər bir tələbənin təqaüdü ayda 45 tüməndir. Məktəbi qurtarıb işə başlayandan sonra onların əmək haqqı ixtisasına görə artırılacaqdır.

Təbrizdə kənd təsərrüfatı məktəbi açılacaq

Kənd təsərrüfatı, o cümlədən əkinçilik üçün bacarıqlı və məlumatlı mütəxəssis kadrlar hazırlamaq üçün bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 250 nəfərlik bir məktəb açılacaqdır. Bu məktəbin təhsil müddəti 4 ay olacaqdır. Burada tələbələrə hələlikdə ayda 30 tümən təqaüd veriləcəkdir.
Qeyd etmək lazımdır ki, məktəbi qurtaran tələbələr, əkinçilik, maldarlıq, bağçılıq, baramaçılıq, arıçılıq peşələrini öyrənməkdən başqa hər cür əkin və kənd təsərrüfatı maşınlarını işlətmək üçün də əlavə olaraq nəzəri və əməli təhsil görəcəklər.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 174, 16.04.1946
***
Yalan şayiələr

Bu günlər Tehran dairələri bəzi yalan xəbərləri nəşr etməklə xalqın fikrini qarışdırmaq istəyirlər. Bəzi radioların dediklərinə görə Azərbaycan Milli Hökuməti ilə Tehran hökuməti arasında müzakirə başlanmışdır. Bu isə doğru deyildir. Azərbaycan Milli Hökumətiti xalq hakimiyyəti əsası üzərində qurulduğu üçün Azərbaycan millətinin xəbəri olmadan heç bir danışığa və işə başlamaz. Belə bir iş olsaydı, Milli Hökumət mütləq rəsmi bəyanat vasitəsi ilə xalqa xəbər verərdi.
Azərbaycan hökuməti heç vaxt kamuflyaj (maskalanma) siyasəti yeritməyib və gördüyü işləri xalqdan gizlətməmişdir. Belə bir danışığın olması mümkündür, çünki Milli Hökumət heç vaxt öz istədiyini silah gücü ilə almaq tərəfdarı olmamışdır. Yalnız Tehranın irtica qüvvələri xalqımızı silah götürüb azadlığını qorumağa vadar etmişdir. Biz vaxtilə öz istədiklərimizi rəsmi surətdə bütün dünyaya elan etmişik. Tehranın səlahiyyətli dövlət məqamlarına da öz tələblərimizi rəsmi olaraq da bildirmişik. Amma indiyədək Tehran bizim müraciətimizə cavab verməmişdir. Belə bir surətdə Kərəc və ya ayrı şəhərlərdə danışıq aparılması şayiəsinə yalnız gülməklə cavab vermək olar.
Görünür, Azərbaycan azadlığından qorxuya düşən mürtəcelər yenə də böyük bir həqiqəti ört-basdır etmək istəyirlər. Azərbaycan aldığı azadlığından yalan şayiələrlə imtina etməyəcəkdir. Xalqımız aldığı azadlığı heç bir kəsə güzəştə getmədən saxlamağa qadirdir. Bu azadlığın zamini isə öz xalqımızın sarsılmaz iradəsindən başqa heç bir şey ola bilməz.
Biz dəfələrlə demişik ki, Azərbaycan İran hüdudu daxilində öz işlərini öz əlilə idarə etmək istəyir. Bu işlərdə özünün ləyaqət və bacarığını göstərmişdir. Milli Hökumət yalnız xalqımızın ehtiyacları və idealları üzərində təşkil olunmuşdur. Biz xalqımızın minlərlə ayaq altına düşüb aradan getmiş hüquqlarını unuda bilmərik və onlara heç bir halda göz yummarıq.
Bizim qanuni tələbimizin müqabilində Tehran hökuməti Yapon və Alman militarizminin demokratik qüvvələr qarşısında diz çökdüyü bir zamanda Azərbaycan xalqını top-tüfəng və zəhərli süngülər ilə əzmək, məhv etmək, yenidən əsarət zəncirində saxlayıb özünə qul etmək istəyirdi.
Azərbaycan xalqı keçmişi unutmayaraq öz azadlığının qorunmasını öz milli qüdrətinə bağlı bilir. Azərbaycan xalqı vaxtında Tehran hökumətinə öz sözlərini demişdir. Tehran isə hələ də yalan şayiələr və sirli sözlərlə xalqı aldatmaqdan çəkinməmişdir.
Tehran hökuməti bilməlidir ki, yalan xəbərlərin yayılması Azərbaycan xalqının nəzərində “əsəb müharibəsi” deməkdir. Azərbaycan hökuməti mübarizələrimizin qucağında yarandığı üçün əsəb müharibəsinə əhəmiyyət verməmişdir və verməyəcəkdir. Xalqa dayanan bir hökuməti yalan şayiələr ilə qorxutmaq olmaz. Xalq öz azadlığını saxlamaq üçün bu xəbərləri eşitdikdə daha artıq fədakarlıq göstərib öz firqə və hökumətini daha sıxı, daha möhkəm bir surətdə toplamaqdadır.
İndi Azərbaycan xalqı tamamilə ayağa qalxmışdır. Şəhərlər və qəsəbələrdə yaşayan demokrat və azadlıqsevərlər öz şəhərlərini qala halına salmağa başlamışlar. Xalq istədiyini almış və aldığını saxlamaq yolunda heç bir fədakarlıqdan çəkinməyəcəkdir. Tehran hakimiyyəti əgər Azərbaycan ilə danışmaq istəyirsə, sədaqət və doğruluq yolu ilə irəli gəlməlidir. Yalan şayiələr və hiyləgər tədbirlər peşmanlıqdan başqa nəticə verə bilməz.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 174, 16.04.1946

***
Milli Məclisin 5 aprel 1946-cı il tarixli ikinci ümumi sessiyasının ikinci iclasında cənab Pişəvərinin Azərbaycan Milli Hökumətinin indiyə qədər gördüyü işlər haqqında verdiyi hesabatından: “Qoşunu və fədaisi olmayan bir millət heç vaxt azadlığı qoruya bilməz. Biz gərək hər bir şeydən kəsək, fədailəri və qoşunlarımızı qüvvətləndirək”.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 174, 16.04.1946

***

Bəylər Hailinin "Həyatımda mənim nəsibim" adlı hekayəsindən növbəti bir parça

...Nə bir idarəyə müraciət və nə də bir şəxsə şikayət etdilər. Çünki onlar bilirdilər ki, hökumətə ərizə verməyin faydası yoxdur. Əgər verərlərsə, onda cənab rəislərin yalan vədlərinə ümidvar olaraq özlərini boş yerə zəhmətə salacaqlar. Ondan sonra il uzunu avara və sərgərdan halda idarələrə ayaq döyəcək, eyni zamanda oğrulardan unudulub qalan malları da dəyər-dəyməz qiymətə satıb pullarını bu acgöz dilənçilərin bərəkətsiz ciblərinə dolduracaqlar. Axır nəticədə “oğrudan qalanı da rəmmal apardı” məsəli kimi dillərə dastan olacaqdır. Xülasə, zülm və sitəm həddən artıq təcavüz etmiş, millət ayaqdan düşmüşdü. Hamının ürəyində kəsifləşmiş bu hökumət quruluşuna qarşı sonsuz bir nifrət və iyrənc hiss doğulmuşdu. İstər kəndli, istər şəhərli, fəhlə və ya ziyalı, qısası, hamının xəyalında böyük bir üsyan və qiyam fikirləri yaranmışdı. Hamı kiçik bir proqramın, hamı bilikli və bacarıqlı bir rəhbərin intizarında idilər. Onlar şücaət sahibi olan igid bir sərkərdənin məəttəli idilər ki, tarix boyu vuruşmalarda zəfər qazanmış babaları kimi ələ silah alaraq zülmkarlara, xəyanətkar və cinayətkarlara qarşı hücuma keçsinlər. Elə bir hücum ki, onun vasitəsilə qəti olaraq əsarət zəncirini qırsınlar və daimi olan bir bəxtiyarlıq və azadlığın əsas təməlini qursunlar. Nəhəyət, onlar bu amal və arzuya çatmağa müvəffəq oldular. 1945-ci ilin sentyabr ayında Azərbaycan Demokrat Firqəsinin müraciətnaməsi nəşr olundu. Bu müraciətnamədə firqənin məramnamə və nizamnaməsi açıq və aydın surətdə Azərbaycan dilində maddə-maddə yazılıb elan edilmişdi. Bu bəyannamə uzun illərdən bəri azadlıq həsrətilə çırpınan ürəklərə sakitlik və rahatlıq bəxş etdi. Azadlıqsevən xalq irtica nökərlərinin qaba təhdidindən qorxmayaraq, çəkinməyərək ətraf rayonlardan axın-axın gəlib bu müqəddəs firqənin ətrafına toplandılar. Firqənin mübariz və fədakar rəhbərləri bu sadiq və səmimi fədailərə öz yerində, öz məhəllələrində görəcəkləri işlər haqqında təlimat verərək yerlərinə göndərdi. Azərbaycanın bütün şəhərlərində, qəsəbələrində və kəndlərində möhkəm və müntəzəm firqə təşkilatları quruldu. Bu təşkilatlara bütün Azəristan xalqı yazılmağa başladılar. Bu yazılanların içərisində tacirdən, mülkədardan tutmuş əli qabarlı fəhlə və kəndlilərə qədər, doktordan, mühəndisdən, torpaq sahibi və tacirdən başlamış imza etməyi bacarmayan şəxslərə qədər müşahidə olunurdu.
Artıq ölüm-dirim mübarizəsi yaxınlaşmağa başlamışdı. Möhkəm və sabit bir əzm və iradəyə malik olan Azərbaycan xalqının qarşısında yalnız bircə məsələnin həlli dururdu. Xoşbəxt və azad yaşamaq üçün ya hökuməti ələ almaq və ya da adları gələcək nəslin xatirəsində şərəflə yad edilmək üçün bir yolluq fəxrlə ölmək. Ona görə hər bir fərd özü üçün bir kəfən və bir də kifayət qədər patron ilə bir tüfəng əldə etmişdir. Nəhayət, firqənin rəhbərliyi ilə hər tərəfdən mübarizə başlandı.
Qəhrəmanlıq ilhamını əcdadının pak ruhundan alan cəsur Azərbaycan xalqı qısa bir müddətin içərisində öz ana yurdunda, əziz vətənində irtica və istibdad hökmranlığının kökünü kəsərək yerində azadlıq və səadət toxumunu səpdi. Tarixin parlaq səhifələrində dərc olunacaq bu şanlı mübarizə Azərbaycanın paytaxtı olan qoca Təbrizdə 21 Azər günü təqdirə layiq bir tərzdə qələbə ilə nəticələndi. Xalqımız özü seçdiyi ləyaqətli, zəkalı və istedadlı nümayəndələri həmin gün, həmin şəhərdə əzəmətli Müəssislər Məclisini qurub orada Milli Hökumətin əsasını təşkil etdilər. Bu şanlı mübarizə bir sıra məhəllələrdə və eləcə də Təbrizdə bir nəfərin burnu qanamadan asanlıqla sona yetdi.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 173, 15.04.194
***

Təqdir

Fədailikdə çox zəhmətlər çəkmiş Xalxal əhli olan Qoçəli Həmzə oğlu Xalq Qoşunları Nazirliyinə bir baş at hədiyyə veribdir. Xalq Qoşunları Nazirliyi onun bu hərəkətini təqdir edir.
Xalq Qoşunları naziri Kaviyan.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 173, 15.04.1946
***

Azərbaycan xanımlar klubu üzvlərinin konfransı

Aprel ayının 11-də (1946) günortadan sonra saat 4-də mərkəzi komitənin sabiq klubunda Azərbaycan xanımlar klubunun heyəti tərəfindən klub üzvlərinin konfransı oldu. Konfransda xanımlar klubunun nizamnamə və məramnaməsi klubun sədri xanım Daneş tərəfindən oxundu. Təbriz şəhər komitəsinin sədr müavini cənab Vilayi tərəfindən nizamnamə və məramnamənin maddələri təhlil edildi və bütün üzvlər tərəfindən təsdiq olundu. Konfransada xanım Cəmşidi və xanım Məqribi çıxış etdilər və xanım Mədinə (Gülgün) “Vətən” adlı şerinin oxudu.
Konfrans dəfələrlə alqışlarla qarşılandı. Konfrans qurtardıqdan sonra konsert verildi.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 173, 15.04.1946
***

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə