“Azərbaycan”  qəzetinin səhifələrində  - 76-cı yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 76-cı yazı

Daxili İşlər Nazirliyinin hüquq-mühafizə orqanlarının zabit və əsgərləri tərəfindən
Təbrizdən Tehrana.
Azərbaycan Milli Hökumətinin Baş naziri və nümayəndələrinin rəisi cənab Pişəvəriyə.
Üzü: Təbrizdə nəşr olunan: “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq” və Tehranda nəşr olunan “İran-e ma”, “Necat-e İran”, “Zəfər”, “Mərdom” qəzetlərinə.
Siz başqa nümayəndələrlə bərabər Azərbaycan xalqının arzularını yerinə yetirmək üçün müzakirə apardığınız bir zamanda biz Daxili İşlər Nazirliyinin hüquq-mühafizə orqanlarının zabit və əsgərləri tələb edirik ki, İranın demokratiyası və azadlığı qorunmaqla bərabər Azərbaycanın azadlığı və milli dövləti tamamilə toxunulmaz qalsın. Biz Daxili İşlər Nazirliyinin hüquq-mühafizə orqanlarının zabit və əsgərləri, işçiləri öz nümayəndələrimizin arxasındayıq və son damla qanımız qalana qədər öz milli dövlətimizi müdafiə edəcəyik.
Alay komandanı polkovnik Əli Nəvai, polkovnik Məhəmmədvənd, mayor Babai, siyasi rəhbər Baba Əzizi, mütləq mayor Məhəmməd Sadiq, mayor Rza Həqqi, mühəndis Rüstəmzadə, doktor Mikayıl Dadrəs, Sasan İsmayıl, Mülazim Zaman, kapitan Zeynal, baş leytnant Məhəmmədəli Rzazadə, leytnant Əli Kermani.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 192, 07.05.1946

***

“Təbriz şəhər komitəsinin 4-cü homə üzvləri tərəfindən

Təbrizdən Tehrana.
Tehran. Azərbaycanın sevimli nümayəndələrinə və onun rəisi Azərbaycan Milli Hökumətinin Baş naziri Pişəvəriyə.
Üzü: Təbrizdə nəşr olunan “Azərbaycan”, “Azad millət”, “Yeni şərq” və Tehranda nəşr olunan “İran-e ma”, “Dad”, “Rəstaxiz-e İran”, “Zəfər”, “Mərdom” qəzetlərinə.
4-cü homənin (rayon komitəsinin – red.) 1500 nəfər üzvləri tərəfindən öz sevimli nümayəndələrimizdən aşağıdakı yazdıqlarımızın həyata keçməsini tələb edirik.
Sizdən öz müzakirələrinizdə illər boyu fədakarlıq edib nəticədə cavanlarımızın pak qanları bahasına aldığımız azadlığı və Milli hökumətimizin İran daxilində hifz olunmasını tələb edirik. Azərbaycan xalqı azadlığın hifz olunmasını və bütün İranda yaşayan millətlərin hüquqlarının qorunmasını tələb edir və bu yolda 40 ildən artıq olar ki, böyük qurbanlar vermişik. Azərbaycan xalqının və İran millətlərinin azadlığını hifz etmək üçün bütün xalqımız öz canından keçməyə hazırdır və biz bunu əməlimizlə göstərmişik və lazım gələrsə, yenə də göstərəcəyik.
Molla Fətəli, Xəttabi, Hüseyn Cahandar, Hacı Qulamhüseyn, Hacı Bayram Cavadi, Nemətulla xan Qəznəvi, Mətləb Rəşidi, Hacağa Karxanəçi, Hacı Maqsud, Abdulla Sərkaran, Mirmahmud Xətibi, Təbatəbai, Mirəhməd, Şəfi Şotorbani, Kərbəlayi Seyfulla, Zülfi, Mirzə Bağır Rzai, Hacı Məhəmmədhüseyn xan Sərkaran, Bozorg Əmin Sadiqiyyə, Əbülqasım Tehrançı, Hacı Mirhüseyn Seyid Rəsuli, Məşədi Bağır, Kərbəlayi Məhəmməd, Qocaxan, Kərbəlayi Əli Kamrani, İbrahim xan Şayeqi, İbrahim Fərzanə, Hüseyn xan Ətai, Mahmudzadə.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 192, 07.05.1946

***

“Pəşminə” fabrikinin fəhlərləri tərəfindən

Təbriz – Tehran.
Tehran. Azərbaycan Milli Hökumətinin, Azərbaycan Demokrat Firqəsinin əziz nümayəndələrinə.
Üzü: Təbrizdə nəşr olunan “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq” və Tehranda nəşr olunan “ Rəhbər”, “Mərdom”, “Zəfər”, “Rəstaxiz-e İran” və “Dad” qəzetlərinə.
Biz, “Pəşminə” fabrikinin 400 nəfər fəhləsi, öz sevimli nümayəndələrimizdən müzakirələr zamanı indiyə qədər Azərbaycan xalqının tarix boyu İran xalqının azadlığı və səadəti uğrunda göstərdiyi fədakarlıqları, bu gün də öz milli azadlığını qorumaqla bərabər bütün İranın əyalət və vilayətlərində həqiqi demokratiyanın və azadlığın qurulması yolunda səylərini nəzərə almalarını tələb edirik. Azərbaycan xalqı İran millətlərinin həqiqi demokratik üsulla idarə olunmalarını tələb edir. Azərbaycan milli azadlığının İran daxilində qorunmasını möhtərəm nümayəndələrimizdən istəyirik. Buna görə də beş milyon Azərbaycan xalqı öz nümayəndələrinə xalqımızın bu istəklərini yerinə yetirmələri üçün artıq dərəcədə ciddiyyət göstərmələrini və bu işi müvəffəqiyyətlə başa çatdırmalarını arzu edir.
400 nəfər tərəfindən: Hüseyn Əfsər, Məhəmmədi, Hüseyn Məzlumi, Həsən Fərhadi, Məhəmmədağa Həbibzadə, Böyükağa Elzamani.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 192, 07.05.1946
***
Azərşəhr homələri (firqənin rayon komitələri) tərəfindən

Azərşəhrdən. Azərbaycan Milli Hökumətinin hörmətli Baş naziri cənab Pişəvəri və hörmətli Azərbaycan nümayəndələrinin hüzurlarına.
Azərşəhr hövzəsindən olan “Qazı Cahan”, “Dizəc”, “Ağahəsən”, “Kəbud kənd”, “Əxican” kəndlərinin bütün zəhmətkeşləri, işçiləri, iş damları, mülkədarları və sair təbəqələri tərəfindən hörmətli və əziz nümayəndələrdən rica olunur ki, Azərbaycanın milli azadlığının davamını və bütün İranda demokratik hökumətin bərqərar olmasını öz müzakirələrində hədəf etsinlər. Biz bu yolda hər cür fədakalıqa baş və can ilə hazırıq.
“Qazi Cahan” kəndi nümayəndəsi Mahmudağa, “Əxicahan” kəndi nümayəndəsi Qulamhüseyn, “Kəbud kənd” nümayəndəsi Həsən, “Dizəc” nümayəndəsi Ələkbər və digər 50 imza ilə.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 192, 07.05.1946

***
Astara əhalisi, fədai və firqəçiləri tərəfindən

Astaradan. Azərbaycan Milli Hökumətinin Baş naziri cənab Pişəvəriyəvə Azərbaycan xalqının nümayəndələrinə
Azərbaycan xalqı, fədailəri, qoşunları, firqəçiləri və bütün təbəqələri bu görüş və müzakirədə azərbaycanlıların hüquq və milli azadlığının qorunmasına tərəfdardırlar və istəyirlər ki, bütün İranın əyalət və vilayətlərində azadlıq bərqərar olunmaqla bərabər həmişə İran millətinin hüququ qorunsun. Bu yolda, yəni İran demokratik hökuməti və Azərbaycanın milli azadlığı uğrunda tarix boyu bu xalq əməldə sübut ediblər ki, hər cür ağır fədakarlıqlara hazırdırlar. Biz İran istiqlalı hüdudunda Azərbaycanın milli azadlığının qorunmasını istəməklə bütün İranda demokratik hökumətin bərqərar olunmasını öz nümayəndələrimizdən istəyirik.
Astara əhalisi, fədailəri, qoşunları və firqəçiləri tərəfindən: Əhməd Zamani, Rəhmani, Bağır, Cəfəri, Əmir Əmrah, Bəhrami, Dadaş Həmidi, Əmrah İbrahimi, Abdullah Əsgərzadə.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 192, 07.05.1946

***
Azərbaycan Ərdəbil fədailəri tərəfindən
Ərdəbildən.
Azərbaycanın möhtərəm nümayəndə heyəti və onun rəisi cənab Pişəvəri.
Biz, Azərbaycan fədailəri, yüzdə yüz əminik ki, Azərbaycan nümayəndələri xalqımızın azadlığını və səadətini təmin edən Milli hökumətin islahatlarına uyğun olan şəraiti nəzərdən çıxartmayacaqlar və fədailərin verdiyi şəhidlər müqabilində alınan azadlıq barəsində zərrə qədər güzəşətə getməyəcəklər və biz fədailər 21 Azərdə canımızı verdiyimiz kimi yenə də azadlığımızı hifz etmək və İranın ayrı əyalət və vilayətlərində həqiqi demokratik rejimin yaranması yolunda canımızı fəda etməyə hazırıq.
Nəcəf Əsədi, Dədəkişi, Allahverdizadə, Abbasqulu, Hüseynqulu, Həsənqulu, İmamverdi, Əsədəli, Talei, İsrafil, Cəmşid Ərşəd Qədimi, Hüseyn Təvəkküli, Əjdər Kərimi, Səidulla Ramazani, Teymur Vəlidadaş, Teymur Qardaş, Əli İslampur, Əzim Mahmudi, Mehdi Mühibulla, Həsən, Məhəmmədəli, Qurban, Musa, Əyyub, Səidulla Aslan, Məhəmmədəli Quluzadə.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 192, 07.05.1946

***
“Qəzvini” fabrikinin fəhlələri tərəfindən

Təbriz – Tehran.
Tehran. Azərbaycan Milli Hökumətinin nümayəndələri və onun rəisi Baş nazir Pişəvəriyə.
Üzü: Təbrizdə nəşr olunan “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq” və Tehranda nəşr olunan “Rəhbər”, “Mərdom”, “Zəfər”, “İran-e ma”, “Rəstaxiz-e İran”, “Dad” qəzetlərinə.
Biz, “Qəzvini” fabrikinin 700 nəfər fəhlələri, siz nümayəndələrə inanıb öz müzakirə və görüşlərinizdə azərbaycanlıların hüququnu qorumağı, azadlığı hifz etməklə bərabər İranın bütün əyalət və vilayətlərində azadlığın bərqərar olmasını arzu edirik və İranda həqiqi bir demokratik rejimin yaranmasını siz nümayəndələrimizdən istəyirik. Azərbaycan və İran xalqı tarix boyu azadlığı hifz etmək yolunda fədakarlıq göstərdiyi kimi bu dəqiqədən Azərbaycan xalqının yaratdığı azadlığı hifz etməklə bərabər bütün İranda azadlığın bərpa olmasında bir azadlıq əsgəri kimi həmişə hazırdır.
750 nəfər tərəfindən: Məşədi İbrahim, Kazım bəy, Salik Fərhadi, Məcid Kətxudayi, Əhməd Hacı Tağı, Mirmahmud, Mirhəmzə Musəvi, İsmail Əsədzadə.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 192, 07.05.1946

***
Zəncan hərbi hissəsinin zabitləri tərəfindən

Miyanadan.
Azərbaycanın möhtərəm nümayəndələr heyətinə və onun hörmətli rəisi Pişəvəri cənablarına.
Üzü: Tehranda nəşr olunan “İran-e ma”, “Dad” qəzetlərinə.
Bütün bu hərbi hissənin zabitləri gözləyir ki, o möhtərəm heyət Azərbaycan xalqının illərdən bəri istədiyi tələbləri Tehranda həyata keçirdib bərqərar etsin.
Sizdən rəsmən tələb edirik ki, bizim tələblərimiz yüzdə yüz həyata keçirilsin:
1- Dil azadlığı. Bizim ana dilimiz bizim rəsmi dilimiz olmalıdır.
2- Azərbaycanın Milli Hökuməti Azərbaycan xalqının səadətini və azadlığını qorumaq üçün milli qoşun əmələ gətirmişdir və bu qoşunun zabitəri, çavuşları və əsgərləri sizi əmin edirik ki, Azərbaycan Milli Qoşunu cavan olduğuna baxmayaraq Azərbaycan xalqının azadlığını qorumağa tamamilə qadirdir.
Zəncan hərbi hissəsinin zabitləri: Yusif Murtəzəvi, Əzim Əlizadə, İbrahim Cavid, Həmid Qabus, Həsən Mouləvi, Seyyid Həsən Turabi, Cavad Zarei, Xosrov Əlayi, Soltanəli Dehqan, Pənah Böyük, Şater, Əhməd Dəbbaği, Ələkbər Zibai, Həsən Nejadi, Mirzə Məbədinam, Ələkbər Siyahcani, Kərim Talebi, Rəsul Qaliçebaf, Həsən Naserbaz, Böyük Məhəmmədi, Fəttah Rəsul, Sadiq Rzai, Əbdüləli Səfinə, Ələkbər Səməri, Abdulla Azərkolah, Qulamhüseyn Rəhbəri, Abdulla Kərimi, Qulamhüseyn Minai, İbrahim Əhrai, Safəti, Murtəzəvi.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 192, 07.05.1946

***

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə