Çinli iş adamları Güney Azərbaycana axışır Güney Azərbaycan

Çinli iş adamları Güney Azərbaycana axışır

İranın Çin Xalq Respublikası ilə 25 illik əməkdaşlıq müqaviləsi imzalamasından sonra çinli iş adamları və mütəxəssisləri Güney Azərbaycan əyalətlərində görünməyə başlayıblar.
Yayılan məlumata görə, Çin Xalq Respublikasından olan bir qrup iş adamı və mütəxəssis Qərbi Azərbaycan əyalətinə səfər etdikdən sonra Şərqi Azərbaycanın Sarab şəhərinə gediblər.
Onlar bölgədə yerləşən yeraltı qaynaqların həcmini öyrənir, iqtisadi məhsuldarlığını araşdırırlar.
İranın rəsmi mediası bununla bağlı susur. Ancaq yerli mətbuat, o cümlədən “Sarabnews” bu barədə xəbər dərc edib.
“Çin Xalq Respublikasından olan və başqa şəhərlərdə də kapital yatıran bir qrup iş adamı, bu bölgədə investisiya imkanlarının dəyərləndirilməsi üçün Urmudan olan mütəxəssislərlə birgə bölgəyə səfər ediblər”- “Sarabnews” belə yazır.
“Sarabnews” çinli iş adamlarının bölgə məsulları ilə görüşündən bir neçə foto paylaşıb, onların Sarab mahalının yeraltı qaynaqları, özəlliklə Bozquş dağında yerləşən mədənlərin istixracı (istismarı) ilə bağlı müzakirələr apardığını yazıb.
Aprelin 6-da Tehranın Sənaye, Ticarət və Mədən Palatasının katibi Şəhram Şəriəti mətbuata verdiyi açıqlamada iki ölkə arasında bağlanan müqavilədə mədənlərin, özəlliklə qızıl yataqlarının istismarı barədə razılıq əldə edildiyini demişdi.
“Çinlilər ölkə mədənlərinin istismarında çoxdandır iştirak edirlər. Ancaq qızıl yataqlarının istismarının çinlilərin əlində olması barədə detallardan yalnız dövlət xəbərdardır”-deyə, o bildirib.
Qeyd edək ki, Güney Azərbaycanın “Zərəşoran”, “Ağdərə” qızıl yataqları, “Anquran” qurquşun yatağı və “Süngün” mis mədəni Orta Doğunun (Yaxın və Orta Şərqin) ən böyük yataqları hesab edilir.
Bu yataqları istismar edənlərin əksəriyyəti fars bölgələrindən olan iş adamlarıdır.
Mədənlərdən çıxarılanlar İranın fars dilli əyalətlərinə göndərilir.
Bölgə əhalisinin yataqlardan payına düşən isə ekologiya atılan çirkab və zəhərli tullantılardır.
Bu barədə Güney Azərbaycan şəhərlərindən İran parlamentində olan millət vəkilləri dəfələrlə hökumətin bu siyasətini kəskin tənqid ediblər.
Lakin durum dəyişməz olaraq qalıb.