Tehranda tanınmış azərbaycanlı fəal həbs edilib Güney Azərbaycan

Tehranda tanınmış azərbaycanlı fəal həbs edilib

İranda tanınmış azərbaycanlı fəal həbs edilib.
APA-nın "Oyannews"a istinadən verdiyi məlumata görə, Behnam Şeyxi martın 5-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları tərəfindən iş yerində tutulub. Hazırda onun harada saxlanıldığı və nədə günahlandırıldığı ilə bağlı heç bir məlumat yoxdur.
Qeyd edək ki, B.Şeyxi İranda azərbaycanlıların milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə tutulub və həbs cəzasına məhkum edilib. Azərbaycanlı fəal 2011-ci il oktyabrın 12-də Urmiya gölünə etiraz olaraq keçirilmiş kütləvi aksiyalar səbəbindən Tehrandan 17 kilometr cənubda yerləşən Gülüstan şəhərində öz mənzilində həbs edilib. ETTELAAT əməkdaşları onun evində və iş yerində axtarışlar aparıb, fəala məxsus kitabları, əlyazmaları, CD-ləri, kompüteri, ailəvi şəkil albomunu müsadirə ediblər. B.Şeyxi 25 gün Tehranın Evin həbsxanasının 209-cu bölməsində saxlanıldıqdan sonra ETTELAAT-ın Təbriz şöbəsinin təcridxanasına, daha sonra Təbriz şəhərinin mərkəzi həbsxanasının karantin bölümünə köçürülüb. Azərbaycanlı fəal 2011-ci il noyabrın 5-də 50 milyon tümən zəmanətlə sərbəst buraxılıb. B.Şeyxi Rəhim Həmlbərin sədrliyi altında Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində keçirilən prosesdə hakimiyyət əleyhinə təbliğat aparmaq və ictimai təhlükəsizliyi pozmaq ittihamı ilə mühakimə olunub. Məhkəmə onu hakimiyyət əleyhinə təbliğat aparmaqda təqsirli bilərək 6 ay həbs cəzası kəsib.
Azərbaycanlı fəal 2009-cu il iyunun 9-da da İranın eks-prezidenti Məhəmməd Xatəminin azərbaycanlıları təhqir etməsinə etirazını bildirdiyinə görə Tehranda öz mənzilində həbs edilib. B.Şeyxi 55 gün Tehranın Evin həbsxanasının 209-cu bölməsində saxlanıldıqdan sonra 50 milyon tümən zəmanətlə sərbəst buraxılıb. Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi onu milli təhlükəsizliyi pozmaq, hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz yığıncaqlar təşkil etməkdə günahlandırıb. B.Şeyxi həmçinin 2008-ci il noyabrın 17-də Rey şəhərində Səttarxanı anma mərasimində və 2006-cı ilin mayında "İran" qəzetində azərbaycanlıların hamam böcəyinə bənzədilməsinə etiraz olaraq keçirilmiş kütləvi aksiyalar zamanı da həbs edilib.