Vərziğanın millət vəkili qızıl mədəninin xaricilərə verilməsinə qarşı çıxdı Güney Azərbaycan

Vərziğanın millət vəkili qızıl mədəninin xaricilərə verilməsinə qarşı çıxdı

Güney Azərbaycanın Vərziğan bölgəsinin İran İslami Şura Məclisindəki nümayəndəsi və parlamentin Sənaye və Mədən Komisiyasının üzvü Allahverdi Dehqani Əndəryan qızıl mədəninin hazırkı vəziyyətini tənqid edib.

Millət vəkili bildirib ki, mədənin 20 il müddətinə xarici bir şirkətin idarəçiliyinə verilməsində qaranlıq məqamlar var.

“Deyilənə görə mədəni 20 illiyinə alan şəxs rus əsilli Gürcüstan vətəndaşıdır və onun rusiyada iflasa uğramış iş adamı olduğu ehtimal edilir”-deyə, mayın 26-ı mətbuat nümayəndələrinə müsahibə verən millət vəkili bildirib.

O, Əndirqan qızıl mədənini təhvil verilməsi ilə bağlı məsələnin sual altına düşdüyünü bildirib.

“Sadə insanlar bu bölgənin mədən torpağından ən ibtidai texnologiyalarla qızıl çıxara bildikləri halda mədənin xarici investorlara verilməsinin heç bir mənası yoxdur. Hal-hazırda xarici investorlar qızıl mədəninin səhmlərinin əldə edilməsində üstünlük təşkil edirlər”-deyə, o, durumdan narazılığını bildirib.

Millət vəkili qızıl mədənində qazıntı və istixrac (hasilat) işlərinin qeyri-standart şəkildə aparıldığını, bundan ətraf kəndlilərin ziyan gördüyünü, ekologiyanı çirkləndirdiyini vurğulayıb.

Deputat deyib ki, buna görə mədənin iki dəfə fəaliyyəti dayandırılsa da problemlərin aradan qaldırılması üçün heç bir əməli addım atılmayıb.

Qeyd edək ki, təxminən 30 milyon ton ehtiyatı olan Əndəryan mədəni Şərqi Azərbaycan əyalətinin Vərziğan məntəqsində yerləşir.

Əndəryan Qızıl Mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur. Mədənin fəaliyyətinin ətraf mühitə vurduğu ziyana görə dəfələrlə etirazlar olsa da, İran rəsmiləri faktları gizlədərək mədənin fəaliyyətinin davam etməsinə şərait yaradıblar.

Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur. Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Həmin maddə sonralar yeraltı sularını da çirkləndirə bilər. Bu şəkildə ətraf mühit təhlükəli maddə ilə zəhərlənmiş olur.

Gunaz.tv