

Bu barədə Sərəskənd və Çaroymaq mahallarının İran parlamentindəki nümayəndəsi danışıb.
Şərqi Azərbaycan əyalətinin Sərəskənd və Çaroymaq mahallarının İran parlamentindəki nümayəndəsi Həmzə Əmini hər iki bölgənin özəlliklə kənd yollarının çoxunluğunun acınacaqlı durumda olduğunu deyib.
Millət vəkili təmsil etdiyi bölgələrin yollarının yalnız 33%-nin asfalt olduğunu, kəndlərin çoxunluğunun normal yola malik olmamasını və çox sayda kəndin adicə torpaq yolunun belə çəkilmədiyini qeyd edib.
“Mövcud olan asfalt yollarda belə istifadə müddəti bitdiyi, təmir və yenidənqurma işləri aparılmadığı üçün nəqliyyatın hərəkəti mümkün deyil. Əyalətin turizm yerlərindən biri olan və el arasında “Azərbaycanın cənnəti” adlandırılan “Atəş bəy” məntəqəsinə yol çəkilməsi təklifinin uzun illər öncə verilməsinə baxmayaraq heç bir tədbir görülmür” -deyə, Həmzə Əmini bildirib.
O, bununla yanaşı hər iki mahalda içməli su qıtlığı ilə yanaşı istifadə olunan suyun filtirizasiya olunmadığına, tərkibində tərkibində arseninin olmasına görə əhalinin ciddi sağlamlıq problemləri yaşadığını qeyd edib.
Bir müddət bundan öncə, 2021-ci ilin dekabr ayında Sərəskəndin başçısı (fərmandar) Əmin Əminiyan yol, içməli su, iş yerləri və infrastrukturun olmaması səbəbindən bölgədən çox sayda insanın başqa əyalətlərə köç etdiyini demişdi.
O, Sərskənd mahalında işsizlik səviyyəsinin 24,32 olmaqla ölkə üzrə ortalama göstəricidən 12% yüksək olduğunu bildirib.
Gunaz.tv