“Yüksək nəticə əldə etmək üçün hərtərəfli işləmək lazımdır” İdman

“Yüksək nəticə əldə etmək üçün hərtərəfli işləmək lazımdır”

İsgəndər Cavadov: "Necə deyim ki, milliyə layiqdi?"

AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun apasport.az saytına müsahibəsi

- Milli komandamızın martın 9-da Qətərlə səfərdə keçirəcəyi yoldaşlıq görüşünü stadiondan izləyəcəksiniz. Sizcə, belə bir ərəfədə bu oyun nə dərəcədə əhəmiyyətlidi?
- Bildiyiniz kimi, martın 26-da komandamız seçmə mərhələ matçında Almaniyanı qəbul edəcək. Həmin görüşdən əvvəl Qətərlə oyun lazım idi. Baş məşqçinin müəyyən fikirləri var, bəzi uşaqları yoxlamaq istəyir. Heyətdə yeni futbolçular da var ki, onlara da baxacaq.
- Robert Prosineçkinin məqsədi futbolçuları yoxlamaq, yoxsa Almaniya ilə görüşə hazırlaşdırmaqdı?
- Hər iki amil vacibdi. Həm uşaqların hazırkı durumuna baxmaq, həm də indidən Almaniya ilə qarşılaşmaya hazırlaşmaq lazımdı.
- Ancaq nəzərə alaq ki, Qətərlə Almaniya tam fərqli komandalardı...
- Nəsə etmək lazımdı axı. Avropanın böyük yığmaları seçim aparırlar, kimlə qarşılaşmaq lazım olduğunu müəyyənləşdirirlər. Bu baxımdan problemimiz var. Çünki Almaniya kimi rəqiblə yoldaşlıq görüşü üçün razılıq əldə etmək çətindi. Almaniya gücündə komandaların futbolu tam fərqli olur. Amma bu da lazımdı.
Yüksək nəticə əldə etmək üçün hərtərəfli işləmək lazımdı. Kim layiqdisə, o da çağırılmalıdı
- "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda da yaydan etibarən Azərbaycan millisinin formasını geyinəcək. Sizcə, Almeyda komandamızı nə qədər gücləndirə bilər?
- Heyətdə bəzi problemlər var. Bu səbəbdən düşünürəm ki, Almeyda yığmamıza kömək edə bilər. O, yüksək səviyyəli futbolçudu.
- "İnter"in kapitanı Nizami Hacıyevin yığmaya çağırılmamağı çox söz-söhbətə səbəb oldu. Sizcə, Hacıyev milliyə layiqdimi?
- Qərarı baş məşqçi verib. Mən necə deyə bilərəm ki, layiqdi və ya layiq deyil?
- Çempionat matçlarında nadir hallarda meydanda olan bir neçə milliləşdirilən futbolçuya dəvət göndərilirsə, klubunda müntəzəm çıxış edən azərbaycanlılar kənarda qalırlar. Sizcə, bu, doğru seçimdimi?
- Bilirsiz, yüksək nəticə əldə etmək üçün hərtərəfli işləmək lazımdı. Kim layiqdisə, o da çağırılmalıdı.
- Azərbaycan Premyer Liqasında mövsüm sona yaxınlaşmaq üzrədi. Cari mövsümdəki mübarizə ürəyinizcədi?
- Bir neçə il əvvəl çempionatımız yüksək səviyyədə keçirdi. İndi maliyyə baxımından problemlər yaranıb. Bizə "Qarabağ", "Qəbələ" gücündə 3-4 klub lazımdı. Gənc futbolçular da belə klublarda daha sürətli inkişaf edə bilərlər. Hazırda çempionatda yer alan digər 6 komandanın maliyyə durumu heç də yaxşı deyil. "Qarabağ"la "Qəbələ" öz yollarını tutublar, qalanları problem yaşayırlar. Bunları yoluna qoymağa çalışmalıyıq. Əvvəllər çempionatda "İnter", "Neftçi" yüksək səviyyədə çıxış edirdilər, həmçinin "Bakı" var idi. Belədə oyunçular da inkişaf edirlər.
- "Neftçi"dən söz düşmüşkən, sevimli komandanızın cari mövsümdəki çıxışı sizi məyus etmir?
- Nə deyə bilərəm? Rəhbərlik komandanı bu vəziyyətdən çıxarmağa çalışır. Güclü komanda formalaşdırmaq üçün illər lazımdı. Hər şey rəhbərlikdən, baş məşqçidən asılıdı.
- Martın 15-də AFFA İcraiyyə Komitəsinin Konfransı baş tutacaq. Həmin Konfransda komanda sayının artırılması ilə bağlı qərar verilə bilərmi?
- AFFA rəhbərliyi buna çalışır. 2 və ya 4 komanda artırmaq istəyirlər. Amma bu da sponsorlardan asılıdı. Yaxşı uşaqlar var, sadəcə, sponsorlar futbola gəlməlidi.
- Ümumiyyətlə, qarşıdakı Konfransda radikal qərarlar gözləmək olarmı?
- Qərarlar deyəndə, çempionatdakı komanda sayı, uşaq futbolu ilə bağlı müzakirələr ola bilər. Həmçinin "İcrakom"da bir yer boşdu, buna baxılacaq.
- Bəs gündəmdə hakimlik varmı?
- Düzdü, hakimlərimizin səviyyəsi çox yüksək deyil. Amma onların Avropa səviyyəsinə çatmaları üçün iş gedir.
- Ancaq bu mövsüm daxili çempionatda hakim səhvləri kifayət qədərdi. Bu, problemdən xəbər vermir?
- AFFA-da İntizam Komitəsi var. Klublar fikirlərini özləri bildirməlidilər. Ümumi götürəndə, hakimlərin irəli getdiklərini deyə bilərəm.
- Konfransda Hakimlər Komitəsi sədrinin dəyişdirilməsini gözləmək olarmı?
- Xeyr, belə bir dəyişiklik gözlənilmir.