FHN-in voleybol komandaları qızıl medal qazanıblar İdman

FHN-in voleybol komandaları qızıl medal qazanıblar

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılı ilə Azərbaycan Voleybol Mərkəzində keçirilən dövlət qurumları arasında voleybol yarışlarına yekun vurulub. Yarışlarda iştirak edən FHN-in həm qadın, həm də kişilərdən ibarət yığma komandaları ən yüksək nəticə göstəriblər.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Belə ki, dairəvi sistem üzrə mübarizə aparan FHN-in qadınlardan ibarət “Xilasedici” komandası bütün görüşlərdə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Nazirliyin kişilərdən ibarət eyniadlı - “Xilasedici” voleybol komandası da qrup şəklində mübarizə apararaq bütün rəqiblərinə qalib gəlib və turnirin çempionu adını qazanıb.

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub.