Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından çıxarılır Siyasət

Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından çıxarılır

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir.

APA-nın xəbərin görə, bu, Milli Məclisin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsində əksini tapıb.

Hazırda qüvvədə olan Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambula hissəsində qeyd edilib ki, Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulmuşdur.

Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilmişdir. Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır. 1926-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü Konstitusiyası qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qəbul edilən Konstitusiyası təşkil edir.

Təklif edilən yeni redaksiyada qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.

Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" 1991-ci il 30 avqust tarixli Bəyannamədə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında təsbit edilmiş prinsiplər və Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qəbul edilən Konstitusiyası təşkil edir.