Komitə sədri Qusarda kənd məscidlərini ziyarət edib Cəmiyyət

Komitə sədri Qusarda kənd məscidlərini ziyarət edib

İyunun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qusar şəhəri “Mustafa Kazdal” və Həsənqala kənd məscidlərini ziyarət edib.

Komitə sədri din xadimləri ilə söhbətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dinə, dini-tarixi abidələrin qorunub-saxlanılmasına xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Ölkəmizdə dövlət-din münasibətlərinin ən yüksək səviyyədə tənzimlənməsinə nail olunduğunu, Azərbaycanda bütün dinlərə hörmətlə yanaşıldığını, hər bir dinin daşıyıcısına və millətin nümayəndəsinə bərabər münasibət göstərildiyini deyib. Dövlət dəstəyinin din xadimlərinin üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirmələrində mühüm rol oynadığını bildirən Ramin Məmmədov harmoniya və mənəvi vəhdətin nümunəvi dövlət-din münasibətlərinin əsas sütunlarından olduğunu qeyd edib. Bildirib ki, dövlət insanların fiziki təhlükəsizliyini, sağlamlığını, rifahını, fundamental hüquqlarını təmin etməklə bərabər, həm də mənəvi-əxlaqi dəyərlərini, o cümlədən etiqad azadlığını qoruyur. Cəmiyyətin mənəvi zənginləşməsinə xidmət edən din xadimləri də sağlam dini mühitin mənfi təzahürlərdən qorunmasında səmərəli fəaliyyət göstərməli, dinlə bağlı neqativ tendensiyalara qarşı mübarizədə aktiv olmalıdırlar.
Daha sonra görüşdə dini maarifləndirmə prosesində din xadimlərinin rolunun artırılması, eyni zamanda dini icmaların və din xadimlərinin fəaliyyəti, qarşılaşdıqları çətinliklər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin din xadimlərinin sosial müdafiəsinin gücləndirilməsi, dini icmaların fəaliyyəti üçün daha yaxşı şəraitin yaradılmasI sahəsində həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilib.

Cavid