“Münasibətlərin tam normallaşdığını söyləmək hələ mümkün deyil” Dünya

“Münasibətlərin tam normallaşdığını söyləmək hələ mümkün deyil”

“İsrailin Livanın cənubunda nəzarətində saxladığı bəzi ərazilərin mərhələli şəkildə Beyrutun nəzarətinə qaytarılması ilə bağlı yayılan məlumatlar onu göstərir ki, ABŞ-nin Livan istiqamətində eskalasiyanın azaldılması üçün İsrail tərəfinə təzyiqləri müəyyən nəticə verib. Başqa sözlə, bu addım ilk növbədə hərbi, diplomatik və regional balans amillərinin təsiri altında atılır deyə bilərik. Şübhəsiz ki, əsas amillərdən biri qeyd etdiyim kimi ABŞ və digər beynəlxalq vasitəçilərin son aylarda İsrail və Livan arasında atəşkəs rejimini qorumaq istiqamətində səylərini artırmasıdır. Vaşinqton üçün Livan cəbhəsində nisbi sabitliyin qorunması Yaxın Şərqdə yeni genişmiqyaslı müharibənin qarşısının alınması baxımından və İranı danışıqlar masasında saxlamaq baxımından strateji əhəmiyyət daşıyır”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə bildirib.

Y.Bağırzadənin sözlərinə görə, Tramp hər nə qədər Anlaşma memorandumu ilə bağlı işlərin dayandırıldığını və atəşkəsin bitdiyini desə də ABŞ və İran arasında texniki danışıqların davam etdiyi məlumdur: “İran isə danışıqlara məhz İsrailin Livan istiqamətində hücumları dayandırması və ərazidən çıxması şərtilə razılıq verib. Amma İsrailin bəzi ərazilərdən geri çəkilməsi hələ Livan istiqamətində nəzarətdə saxlanılan bütün ərazilərdən çıxmaq demək deyil. Sadəcə İsrail də anlayır ki, eyni vaxtda bir neçə cəbhədə uzunmüddətli hərbi aktivliyin saxlanılması həm iqtisadi, həm də hərbi resurslara ciddi yük yaradır. Bu baxımdan müəyyən ərazilərin Livan dövlətinə qaytarılması daha çox gərginliyin idarə olunmasına hesablanmış taktiki addım kimi görünür. Digər mühüm amil Livan dövlətinin beynəlxalq legitimliyinin gücləndirilməsi cəhdləridir. Beynəlxalq ictimaiyyət uzun müddətdir ki, Livanın cənubunda təhlükəsizlik məsuliyyətinin məhz rəsmi dövlət institutları və Livan ordusu tərəfindən həyata keçirilməsinin tərəfdarıdır. Əgər qaytarılan ərazilərdə təhlükəsizlik mexanizmləri effektiv işləyərsə, bu həm İsrailin təhlükəsizlik narahatlıqlarını müəyyən qədər azalda, həm də Livan dövlətinin mövqeyini gücləndirə bilər”.

Politoloq prosesin ən həssas tərəfinin "Hizbullah" faktoru olduğunu vurğulayıb: “İsrail üçün əsas təhlükəsizlik problemi Livan dövləti deyil, məhz silahlı qruplaşmaların sərhəd bölgəsində fəaliyyətidir. Əgər qaytarılan ərazilər yenidən silahlı qrupların fəaliyyət zonasına çevrilərsə, İsrailin hərbi əməliyyatlara qayıtmaq ehtimalı yüksək olaraq qalacaq. Bu səbəbdən ərazilərin qaytarılması İsrail üçün yalnız təhlükəsizlik zəmanətləri ilə müşayiət olunduğu halda uzunmüddətli nəticə verə bilər. Digər tərəfdən, İsrail hökuməti beynəlxalq arenada artan siyasi təzyiqləri də nəzərə alır. Humanitar vəziyyət, sərhəd bölgələrində mülki əhalinin təhlükəsizliyi və BMT qətnamələrinin icrası ilə bağlı çağırışlar Tel-Əvivi müəyyən çevik addımlar atmağa sövq edir. Bu isə diplomatik müstəvidə İsrailin mövqeyini müəyyən qədər yumşaltmaq məqsədi də daşıya bilər”.

O əlavə edib ki, bütün bunlara baxmayaraq mövcud vəziyyəti İsrail–Livan münasibətlərində tamamilə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək hələ tezdir: “Çünki tərəflər arasında sərhədin hüquqi statusu, təhlükəsizlik təminatları, "Hizbullah"ın gələcək fəaliyyəti və regional güclərin təsiri kimi fundamental problemlər hələ də həll olunmayıb. Əgər ərazilərin qaytarılması qarşılıqlı etimadın formalaşmasına, sərhəd boyunca sabit təhlükəsizlik mexanizmlərinin yaradılmasına və diplomatik dialoqun genişlənməsinə təkan verərsə, bu proses gələcəkdə münasibətlərin normallaşmasına zəmin yarada bilər. Amma indiki halda bu hələ ki, çətin görünür. Çünki uzunmüddətli sabitlik tərəflərin təhlükəsizlik öhdəliklərinə əməl etməsindən, beynəlxalq vasitəçiliyin effektivliyindən və regiondakı ümumi geosiyasi dinamikanın hansı istiqamətdə inkişaf edəcəyindən asılıdır. Bu baxımdan ehtiyatlı optimizm üçün əsaslar olsa da, münasibətlərin tam normallaşdığını söyləmək hələ mümkün deyil”.

Röya İsrafilova