Yani Urdinov: “Azərbaycana vaxt keçirməyə gəlməmişəm” İdman

Yani Urdinov: “Azərbaycana vaxt keçirməyə gəlməmişəm”

"Zirə" klubunun makedoniyalı müdafiəçisi Yani Urdinovun apasport.az saytına müsahibəsi
- Ölkə çempionatının XVII turunda "Neftçi" ilə heç-heçə (1:1) etdiniz. Bu görüşdə sərgilədiyiniz oyuna görə 1 xalı yaxşı nəticə saymaq olarmı?
- Çempionatın hər bir görüşü vacibdi. Biz də bunu dərk edərək, meydana çıxmışdıq. 90 dəqiqədən sonra düşündüm ki, hər iki komanda üçün ən yaxşısı elə 1 xal idi.
- Riçard Qadze, Sadio Tounkara və Milan Duriç kimi aparıcı futbolçular cəzalı olduqları üçün bu matçda iştirak etmədilər. Onların yoxluğu özünü göstərdimi?
- Bu futbolçular oynasaydı, hansı nəticənin qeydə alınacağını demək çətindi. Meydanda hadisələrin necə cərəyan edəcəyini öncədən təxmin edə bilmirsən. Amma razıyam ki, Duriç mərkəzdə hücumların təşkilinə, Qadze isə irəli xətdə daha çox top saxlamağımıza səbəb ola bilərdi.
- Növbəti rəqibiniz "Keşlə" olacaq. Bu oyunda hansı nəticəyə ümid edirsiz?
- Əlbəttə ki, qələbəyə. Meydana 3 xal üçün çıxacağıq. Çünki "Keşlə"ni Zirədə qəbul edəcəyik. Öz meydanımızda başqa nəticə bizi qane edə bilməz. Düşünürəm ki, qalib gələn tərəf biz olacağıq.
- Azərbaycan çempionatında artıq 3 oyun keçirmisiz və hər birində 90 dəqiqə meydanda olmusuz. Premyer Liqa haqda ilkin təəssüratınız necədi?
- Təəssüratım müsbətdi. Çempionatınızda necə futbol oynanılmasını yaxşı bilirlər. Xüsusilə, topla oynamağı sevən və yüksək texnikaya malik futbolçular çoxluq təşkil edir. Çempionatın səviyyəsi ürəyimcədi.
- "Zirə" qış fasiləsindən sonra 2 xal toplayıb. Bu nəticə sizi qane edirmi?
- Təbii ki, 3 oyuna 2 xal qazanmaq elə də yaxşı nəticə deyil. Sadəcə, "Sumqayıt"la qarşılaşmada qələbə qazana bilmədiyimiz üçün üzülürəm. Həmin görüşdə qalib gəlməliydik. Çünki pis oynamamışdıq. Dördüncü pillədə qərarlaşan "Sumqayıt"ın aradakı xal fərqini azaltdığını bilirik. Ümidvaram ki, üçüncü dövrənin növbəti 4 oyununda istədiyimiz xalları qazana biləcəyik.
- 2012-ci ildən bəri Makedoniya yığmasına çağırılmamağınız nə ilə bağlıdı? "Zirə"yə keçidiniz bu baxımdan vəziyyəti dəyişə bilərmi?
- Çoxdandı milliyə dəvət almamağım məni narahat etmir. Hazırda bütün diqqətimi "Zirə"yə yönəltmişəm. Burda konsentrasiyamı cəmlədikdən sonra digən nüanslar da öz qaydasına düşəcək. Milliyə gedən yol klubdan keçir.
- Martın 27-də Azərbaycan və Makedoniya yığmaları arasında Antalyada yoldaşlıq oyunu keçiriləcək. Bu görüşdə iştirak etmək istərdizmi?
- Əlbəttə, istərdim. Hər bir futbolçu üçün millinin formasını geyinmək fəxrdi. Makedoniya yığmasının heyətində Azərbaycana qarşı oynamaq daha da xoş olardı. Amma buna mən qərar vermirəm. Yığmanın heyətini baş məşqçi açıqlayır və kimləri çağırıb-çağırmamaq onun işidi. Mənə belə bir dəvət gəlsə, sevinərəm.
- "Zirə"də sizin mövqeyinizdə əvvəl Təmkin Xəlilzadə çıxış edirdi və komandanın lideri sayılırdı. Onun yerini tutmağı bacaracaqsız?
- Açığı, bu barədə heç düşünməmişəm. Kimin yerinə gətirilməyim mənim üçün önəmli deyil. Azərbaycana vaxt keçirməyə yox, oynamağa gəlmişəm. Məqsədim "Zirə"yə bacardığım qədər xeyir verməkdi. Digər futbolçular kimi, mən də komandama hədəfə çatmaq üçün kömək etməliyəm. Fikrimcə, düzgün yoldayam.
- Müqavilə ilə Çexiyanın "Bohemians" klubuna məxsussuz və "Zirə"də icarə əsasında çıxış edirsiz. Mövsümün sonunda Azərbaycan təmsilçisinə birdəfəlik keçmək istərdiz?
- Burda özümü əla hiss edirəm. Həm baş məşqçidən, həm də komanda yoldaşlarımdan razıyam. Onlar mənə köməklərini əsirgəmirlər. Adaptasiya baxımından problemlə üzləşmədim. Özümü ölkəmdəki kimi hiss edirəm. Odu ki, "Zirə"də uzun müddət qalmaq istərdim.
- Azərbaycan, Bakı şəhəri haqda fikirləriniz necədi?
- Müsbət fikirdəyəm. Bakı çox gözəldi. Burada yaşamaqdan məmnunam. Futbolçu özünü rahat hiss edirsə, onun üçün yaxşı şərait yaradılırsa, bütün fikrini oyununa yönəldir. Məni də hazırda yalnız "Zirə"nin matçları düşündürür.