“Simurq” - “İnter” matçında dava düşüb İdman

“Simurq” - “İnter” matçında dava düşüb

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında startı verilən XXI tur qalmaqalla başlayıb. APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Zaqatalada baş tutan "Simurq" - "İnter" matçında dava düşüb. Buna səbəb isə paytaxt təmsilçisinin heyətində Cosqun Diniyevin hərəkəti olub.
Belə ki, baş hakim Rəşad Əhmədov matçın 84-cü dəqiqəsində meydan sahiblərinin qapısına penalti təyin edib. 11 metrlik nöqtəyə yaxınlaşan Diniyev topu tora qovuşdurandan sonra tribunaya tərəf qaçaraq, azarkeşlərdən birinə əli ilə "sakit olmağı" tapşırıb.
Bundan qəzəblənən zaqatalalı azarkeşlər isə meydana axışaraq, futbolçunu etdiyi hərəkətə görə cəzalandırmağa çalışıblar. Nəticədə stadionda kütləvi dava baş verib. Baş hakim Diniyevi bu hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırıb. Kütləvi davada iştirak etdiyi üçün "Simurq"un bir futbolçusu da qırmızı vərəqə alıb.
Məlumatı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də təsdiqləyib: "Matçın hakimi mənə zəng edib, baş verənləri danışdı. Oyun təxminən 5-6 dəqiqə dayanıb. Klub rəhbərlərinin müdaxiləsindən sonra qalmaqal sakitləşdirilib".
Baş hakim Rəşad Əhmədov isə apasport.az saytına açıqlamasında hadisə barədə danışmağa icazə olmadığını bildirib: "Sizdən çox xahiş edirəm, mənim bu haqda açıqlama vermək səlahiyyətim yoxdu. Hazırda sistem altındayam. Nə baş veribsə, matçın protokoluna qeyd etmişəm. Yəqin ki, İntizam Komitəsi növbəti iclasında lazımi ölçü götürəcək". Xatırladaq ki, oyun 2:2 hesabı ilə başa çatıb.