"Avropa Birliyi ilə iqtisadi inteqrasiya - perspektivlər və imkanlar" mövzusunda Tiflisdə keçirilən beynəlxalq konfransda Gürcüstanın baş naziri İraklli Qaribaşvili Rusiyaya ünvanlanan açıq mesajlar verib.
APA-nın Gürcüstan müxbirinin xəbərinə görə, Gürcüstanın baş naziri ölkəsinin bir daha Rusiyanın orbitinə qayıtmaq niyyətində olmadığını vurğulayıb: "Gürcüstan hakimiyyətinin nümayəndələri müxtəlif tribunalardan dəfələrlə bizim Avropa seçimimiz barədə bəyanatlar veriblər. Bu gün mən bir daha məmnunluqla bildirirəm ki, bizim siyasi məqsədimiz avrointeqrasiya vasitəsilə Avropa dövlətləri ailəsinə qayıtmaqdır. Bu, bizim ümumi məqsədimizdir. Avropa ideyasını gürcü xalqı və bütün əsas siyasi partiyalar dəstəkləyir. Bu ideya artıq ümummilli ideyaya çevrilib".
İ.Qaribaşvili bildirib ki, Avropaya inteqrasiya Gürcüstan üçün dönməz bir prosesdir: "Biz dərk etmişik ki, Gürcüstanın yeri Avropadır. Biz hesab edirik ki, Avropa Birliyi Gürcüstanın Avropa perspektivini tanımalıdır. Bu gün aydın olub ki, "Şərq Tərəfdaşlığı"nın uğurlu ölkələrinə AB-yə üzvlük vədi verilməsə, Ukraynada baş verən böhran təkrarlana bilər".