ABŞ Vyana sazişini imzalayacaq? Dünya

ABŞ Vyana sazişini imzalayacaq?

İran Vaşinqtonun cavabını gözləyir

Elşən Manafov: “Sanksiyalar İranın nüvə çalışmaları ətrafında gedən danışıqları da dalana dirəyib”

Teymur Qasımlı: “Hazırda ABŞ Yaxın Şərqdə Rusiyaya qarşı istədiyi dəstəyi ala bilmir”

Vüqar Dadaşov: “İran nə qədər aqressiv danışsa da Rusiya nümunəsi onu çox düşündürür və narahat edir”

İran və 4+1 ölkələri Vyana müzakirələrində ümumi razılığa gəlib. Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə məlumat verib.

O bildirib ki, sazişin mətni hazırdır, digər məsələ ABŞ-ın cavabından asılıdır.

"ABŞ-ın qərarı Vyanada sazişin rahatlıqla imzalanmasına gətirib çıxara bilər. Vyana müzakirələrinin koordinatoru Enrike Moranın Tehrana səfəri İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Avropa İttifaqının Xarici Əlaqәlәr vә Tәhlükәsizlik Siyasәti üzrә Ali Nümayәndәsi Cozef Borrel ilə telefon danışığından sonra baş tutub. Tehranda nümayəndələrin görüşüb müzakirə aparması zərurəti var idi", - deyə XİN sözçüsü qeyd edib.

Sazişin mətninə ABŞ - ın cavabı necə ola bilər?

Politoloq Elşən Manafov “Xalq Cəbhəsi”nə bildirib ki, İranın nüvə proqramı ətrafında Vyanada 4+1 formatında gedən danışıqlara maraq olduqca böyükdür. 2015-ci ildə bununla baglı tərəflər arasında əldə edilən razılıqlardan sabiq prezident 3 il sonra birtərəfli şəkildə imtina etdikdən sonra İranın dünya neft bazarına öz neftini ixrac etmək imkanları yenidən məhdudlaşdı: “ İran neft ehtiyatlarının həcminə görə dünyada 4-cü yerdədir, lakin ABŞ-ın sabiq prezidenti Trampın İrana münasibətdə siyasətini sərtləşdirməsi və İSC- nə qarşı sanksiyaların gücləndirilməsi İranın neft ixrac imkanlarını məhdudlaşdırıb. Keçən il İranın dünya bazarlarına çıxartdığı neftin ümumi həcmi sutkalıq 2,3 mil. barreldən çox olmayıb, üstəlik İran bu nefti Avropa bazarlarına 3-cü ölkələrin vasitəsilə çixarırdı. Sanksiyalar İranın nüvə çalışmaları ətrafında gedən danışıqları da dalana dirəyib, bu isə Yaxın və Orta Şərqdə gərginliyi artırırdı. Rusiya və Ukrayna arasında gedən müharibə dünya neft bazarına öz təsirini göstərib, neftin qiyməti artıb, Qərbdə benzinin istehlak qiyməti yüksəlib. Bu isə Rusiyaya tətbiq edilən sanksiyalarla əlaqədar olub. Sanksiyalar Qərbdə, o cümlədən ABŞ-da istehlak bazarında qiymətləri qaldırıb, inflyasiya yüksəlib. Avropa və ABŞ da orta təbəqə bunu Baydenin Rusiyaya münasibətdə tətbiq etdiyi sərt siyasətlə əlaqələndirirlər. Hazırda Baydenin nüfuzu 2 il əvvəl ilə müqayisədə 60%dən, 40%-ə düşüb. İranla Vyanada danışıqların bərpa edilməsi də İranın dünya neft bazarında əvvəlki çəkisini artırmaqla Avropanın Rusiyadan olan enerji asılılığını aradan qaldırmaq və ya zəiflətmək, Qərbdə istehlakçılar, habelə transmilli şirkət və korporasiyalar arasında bahalı və ziyanla bağlı amilləri aradan qaldırmaq zərurətindən gəlir”.

Politoloq onu da deyib ki, İran ona qarşı sanksiyaların yumşaldılacağı halda hər gün dünya bazarında 3,4 mil. barrel neft çıxarda bilər ki, bu da hazırda bazarlardakı yüksək qiymətlərin aşağı düşməsinə şərait yarada bilər. Bununla belə Qərb İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu tanımalıdır. Geopolitik anlamda isə hər şey İranın və Rusiyanin Yaxın, Orta Şərqdə təsir imkanlarının məhdudlaşdırilmasına, Rusiyanin iqtisadi, deməli, həm də hərbi qüdrətinin sarsıdılmasına hesablanıb.

Politoloq Teymur Qasımlı isə bildirib ki, bundan öncə aparılan danşıqlara ABŞ isti yanaşıb: “Hətta İrana qarşı olan embarqoların götürülməsinə razılıq verib. Əsas İran neftini sata bilməsinə icazə verməyə isti baxırdı. Ancaq son anda öz dövlət maraqlarına görə Rusiya yox dedi. İran tərəfi Rusiyanın bu hərəkətini gözləmirdi. Sonra Rusiya Ukrayna müharibəsi başladı. Rusiya qazından Avropa, əsas da Almaniya aslıdır. Son zamanlar enerji məsələsi gündəmdir. Hazırda ABŞ Yaxın Şərqdə Rusiyaya qarşı istədiyi dəstəyi ala bilmir. Əsas Riyad-Dubay ABŞ istəklərinə razılaşmır. Ona görə Yaxın Şərq istədiyini ala bilməməsini görə İran danışıqlara yaşılq işıq yandıra bilər. Digər tərəfdən əgər Avropanın Rusiya qazının alışı 6 aylıq dayandırma planı baş tutsa, ABŞ İranla danışıqlara gəlinən nəticəyə hə deyəcək. Məqsəd Avropanın qaz məsələsini həll etsin. Çünkü hazırda Vaşinqton bunu bəhanə edərək İranı Rusiyadan uzaqlaşdırmaq istəyir.

Politoloq Vüqar Dadaşov isə qəzetimizə verdiyi açıqlamasında deyib ki, İran və 4+1 ölkələri arasında Vyana görqşündə razılığın əldə olunacağı gözlənilən idi. Ümumən dünyada baş verən siyasi proseslər bunu şərtləndirir. Müsbət nəticənin əldə olunmasına İran da, Qərb də maraqlı durumdadır: “Sözsüz ki, ABŞ da İranla razılaşmanın maraqlı tərəfidir hərçənd ki, müəyyən monipulyasiv siyasi gedişlər etməklə daha çox xeyir əldə etmək istəyir. İlkin vəziyyətdə, İranın Qərblə razılaşmada maraqları bəllidir, ancaq Rusiya-Ukrayna, daha doğrusu, Rusiya-Qərb müharibəsindən sonra İran Qərbin hədəfinə tuş gəlmək istəmir. İran nə qədər aqressiv danışsa da Rusiya nümunəsi onu çox düşündürür və narahat edir. Belə ki, hərbi baxımdan Rusiyadan qat-qat zəif İran Qərbin müasir hərbi gücü qarşısında zəlil vəzyyətdə olduğunu Rusiya timsalından yaxşı anlayıb və ABŞ-ın tələblərinə boyun əyəcəyi özünün həyatı xilası kimi görünür. Yenə də qeyd edim, İranın arabir aqressiv, militarist çıxışlarının heç bir ağırlığı yoxdur və təbii refleks şəklində adi haldır. Bu birinci məqam. Bəllidir ki, Rusiya İran ilə strateji əməkdaşlıq münasibətindədir və beynəlxalq məsələlərdə adətən eyni mövqedən çıxış edirlər. Hazırda Qərbin, ABŞ-ın hədəfində Rusiya olduğu üçün və son dərəcə iqtisadi, hərbi təzyiqlər qarşısında Rusiyanın slxışdırıldığı bir vaxtda onun ümid yerlərindən biri kimi tanınan İranın Rusiyadan uzaqlaçdırılması vacib şərtdir”.

V.Dadaşov digər olduqca vacib məsələnin isə Avropanın enerji təhlükəsizliyi məsələsi olduğunu deyib. Hansı ki, Avropa Rusiya enerji daşıyıcılarından asılı vəziyyətdədir və Rusiya-Ukrayna (Qərb) müharibəsi fonunda Rusiya neft və qazından imtina məqsəd olaraq qarşıya qoyulub: “İran isə Xəzəryanı dövlətlərlə birlikdə bu məsələdə Avropanın qaz və neftlə təminatında mühüm rol oynaya bilər. Bəllidir ki, Avropanın Rusiya enerji daşıyıcılarından və əsasən də qazdan imtina etməsi ideyası ABŞ-a məxsusdur. Deməli, Avropanın alternativ enerji təhcizatı da ABŞ-ın məsuliyyət dairəsinə aiddir. Bu baxımdan, İranın Avropanın alternativ enerji təchizatında iştirakına müvəqqəti olsa da ehtiyac yaranıb. Nəzərə alsaq ki, mövcud Rusiya ilə Avropa arasında enerji təminat infrastrukturun qısa zamanda dəyişməsi elə də asan məsələ deyil və Qərbin qoyduğu məqsədə isə ən qısa yol və tez çatdırma Xəzəryanı dövlətlərdən və Azərbaycanın sahib olduğu beynəlxalq enerji xətləri ilə İranın da bu məsələdə aktiv iştirakı mümkün variantlardan biridir. Odur ki, İndiki mərhələdə ABŞ İranla razılaşmanın əldə olunmasına və müvafiq sazişin imzalanmasına yaşıl işıq yandıra bilər”.

Cavid