ABŞ-la Rusiya arasında nüvə müharibəsi olsa, 5 milyard insan öləcək Dünya

ABŞ-la Rusiya arasında nüvə müharibəsi olsa, 5 milyard insan öləcək

Rusiya qoşunları Donbasda müxtəlif istiqamətlərdə hücuma keçməyə cəhd etsə də, Ukrayna ordusu bu səylərin qarşısını alıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rusiya qüvvələri Slavyansk istiqamətində Boqorodiçnı rayonunda hücum əməliyyatı aparmağa çalışsa da, uğursuz alınıb və geri çəkilib. Mazanivka və Novodmitrivka yaxınlığında döyüşlər davam edir.Ruslar Kramatorsk vilayətində Spirniyə hücuma keçməyə cəhd göstərsələr də, itkilərlə geri çəkiliblər. Bundan başqa, Baxmut istiqamətində Zaliznı, Şumı və Zaitsevo yaxınlığında hücuma keçib. Amma Ukrayna ordusunun zərbəsi ilə qarşılaşan ruslar geri çəkiliblər. Soledar və Baxmutda döyüşlər davam edir.
Rus ordusu Marinka, Krasnoqorivka və Yasınuvata ərazilərinə hava zərbələri endirib. Opıtnı bölgəsində hücum keçirməyə cəhd göstərir, döyüşlər davam edir.
Məlumatda o da vurğulanıb ki, Rusiya hərbi qüvvələri Cənub bölgəsində əsasən öz mövqelərinin müdafiəsinə yönəlsələr də, bəzi ərazilərdə irəliləməyə çalışırlar.
“Düşmənin Pivdenbuz bölgəsində əsas səyləri işğal olunmuş mövqelərin saxlanmasına, qoşunlarımızın irəliləməsinin qarşısının alınmasına və Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinə hücuma yönəldilib. Düşmən bununla öz itkilərinin artmasına “töhfə” verir. Nikolayev, Stepova Dolina və daha 27 yaşayış məntəqəsində reaktiv artilleriya və tanklardan atəşə tutulub”, - məlumatda deyilir.
Ruslar Biloqirka yaxınlığına hava zərbələri endirib, hücum döyüşləri aparıblar. Amma Ukrayna ordusundan ağır zərbə alan ruslar böyük itkilərlə geri çəkilməyə məcbur olublar.
Onu da qeyd edək ki, Rusiya ordusu “Su-34” qırıcı-bombardmançılarından Ukraynanın Jitomir vilayətindəki hərbi aerodromuna raket hücumu həyata keçirib.
Bu barədə Mərkəzi Hava Komandanlığı “Facebook” səhifəsində məlumat yayıb.
“Bu gün günortadan sonra Rusiya qırıcıları Belarus ərazisindən havaya təyyarələr qaldırıb. “Su-34” qırıcısında olan iki “X-59” idarəolunan raketlə hücum həyata keçiriblər” deyə məlumatda bildirilir.
Zərbə nəticəsində uçuş-enmə zolağı və bir neçə maşın zədələnib.
Bu arada Almaniya kansleri Olaf Şolts İsveçin "Dagens Nyheter" qəzetinə müsahibəsində deyib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı strategiyası işləməyəcək.
Amaniya kansleri bununla belə, böhran zamanı Rusiya ilə birbaşa ünsiyyətin vacibliyini vurğulayıb.
“Nə qədər çətin olsa da, xüsusilə böhran dövründə Rusiya ilə birbaşa ünsiyyət vacibdir”.
"İstəyirəm bizim mesajlarımız birbaşa Rusiya Prezidentinə çatsın ki, bu ölkə birbaşa məsuliyyəti öz üzərinə götürsün. Ona aydın mesajım odur ki, onun Ukrayna ilə bağlı strategiyası işləməyəcək. Putin ondan nə tələb etdiyimizi bilməlidir. Buna görə də hesab edirəm ki, belə söhbətlər, o cümlədən gələcəkdə də vacibdir”, - O.Şolts jurnalistin Rusiya Prezidenti Vladimir Putinlə dialoqu davam etdirməyi planlaşdırıb-qalmayacağı barədə sualına cavabında bildirib.
Yeri gəlmişkən, ABŞ-ın Rutqers Universitetinin alimlərinin araşdırmasında bildirilir ki, ABŞ-la Rusiya arasında nüvə müharibəsi olsa, 5 milyard insan öləcək.
Qeyd olunur ki, hipotetik nüvə müharibəsi baş versə, onun fəsadlarından ən yaxşı şəkildə Avstraliya və Argentina xilas ola biləcək. Bunun Yeni Zelandiya sakinlərinə həmçinin təsiri az olacaq.
Alimlər tədqiqat çərçivəsində nüvə münaqişəsinin nəzəri ssenarisini modelləşdiriblər. Proqnozlara görə, şəhərlərə və sənaye mərkəzlərinə atılan atom bombaları odlu tufanlara səbəb olacaq, Yer atmosferi yanma hissəciklərinin emissiyaları ilə çirklənəcək, onların fikrincə, bu, iqlim dəyişikliyinə, ərzaq ehtiyatlarının azalmasına və dünyanın əksər hissəsində aclığa səbəb olacaq.
Mütəxəssislərin hesablamalarına əsasən, atmosferə 165 milyon tondan çox his buraxılsa, fəlakətdən 3-4 il sonra taxıl istehlakı təxminən 90 % azalacaq.

Cavid