Qərb hökumətlərinin böhranlı regionlarda diktator həvəsi Dünya

Qərb hökumətlərinin böhranlı regionlarda diktator həvəsi

Onların edə biləcəkləri heç nə yoxdur

Cavid

ABŞ Prezidenti Franklin D.Ruzvelt Amerikanın Nikaraqua diktatoru Anastasio Somozanı dəstəkləməsi ilə bağlı verilən suala, deyilənə görə, belə cavab vermişdi: "O, şərəfsiz ola bilər, ancaq o, bizim şərəfsizimizdir." Bu sözlər, həqiqətən də, prezident tərəfindən deyilib-deyilmədiyi məlum olmasa da, Qərbin əksər ölkələrə necə yanaşdığını və ABŞ-ın Soyuq müharibə ərzində yeritdiyi xarici siyasəti əks etdirir. "Project-syndicate" yazır ki, tarix Qərb liderlərini əks istiqamətə yönəltmiş olmalıydı. Vaxt keçdikcə, soyuq müharibənin himayədarlıq anlayışı ideal olmadığını sübut etdi. Əslində, bir çox hallarda uzunmüddətli təhlükə və nizamsızlıq yarandı. Buna misal olaraq, İran şahını, Kambocada Lon Nolu, Çilidə Auqusto Pinoçetini və Konqo Demokratik Respublikasında Mobutu Sese Sekonu göstərmək olar. Ancaq indi vəziyyət çıxılmaz hal alıb. Nəticələri Avropada getdikcə daha çox hiss olunan, yaxın Şərq və Şimali Afrikanı bürümüş zorakılıq, əziyyət və xaosu məhdudlaşdıra bilməyən Qərb liderləri yenidən soyuq müharibə tələsinə düşürlər. Onların istədiyi tək şey "kiminsə" güc tətbiqi ilə də olsa, nizam yaratmasıdır. Bu çarəsizlik ən çox Suriyada nəzərə çarpır. İllərlə Suriya Prezidenti Bəşər əl-Əsədin problemlərə səbəb olduğunu təkid edən Qərb siyasətçiləri və strateqləri indi onun problemi həll edə biləcəyini irəli sürürlər. Almaniya Kansleri Angela Merkel ötən ay Suriyanın gələcəyi ilə bağlı danışıqlarda Əsədin də iştirak etməsinin zəruriliyini qeyd etdi. Eyni şəkildə, ABŞ-ın Dövlət Katibi Con Kerri və Britaniyanın baş naziri Devid Kemeron nəzərdə tutulan keçid dövründə Əsədin də müəyyən rol oynamasını qəbul edir. İspaniyanın baş naziri Mariano Rajoy isə İslam Dövlətinə qarşı mübarizədə bütün dünyanın Əsədə "arxalana" biləcəyini deyib. Bu dəyişiklik stabilliyə duyulan ehtiyac və Liviyanın idarəsindəki boşluqla, xüsusilə Avropada güclənən istəyi əks etdirir. Eyni istək artıq Qərbi Misirdə mənşəyi şübhəli olan Əbdül Fəttah əl-Sisi rejimini də dəstəkləməyə vadar edib. Anarxiya ilə qarşılaşdıqda hansı yolla olur-olsun, stabilliyin təmin edilməsi istəyi başa düşüləndir. Ancaq bu, fəlakətli nəticələr verə bilər. Əlbəttə, bu vəziyyət Rusiya Prezidenti Vladimir Putin kimi avtoritar liderlərin işinə gəlir. Bolqarıstanlı siyasi analitik İvan Krastevin bu yaxınlarda qeyd etdiyi kimi, Əsədin uzun müddətdir müttəfiqi olan və Qərbin yaxşı idarəçiliyi təbliğ etmək cəhdlərinin gözlənilməz vəziyyətlərə gətirib çıxardığı ideyasını yaymaq üçün əlindən gələni edən Putin BMT-nin Baş Assambleyası qarşısında etdiyi son çıxışında deyib: "İslahatlar rifah gətirmək əvəzinə, aqressiv xarici müdaxilə, zorakılıq, yoxsulluq və sosial fəlakətlə nəticələnib." Putinin sözlərindən belə çıxır ki, Əsəd tərəfindən idarə olunan güclü bir hökumət əks nəticə verərdi. Rusiya hazırda Suriyanın özündə bu fikri sübut etməyə çalışır. Bu ideya nə qədər cəlbedici, Qərb isə nə qədər yorğun olsa da, Soyuq müharibə dövrünün və bu dövrdən sonrakı hadisələrin də göstərdiyi kimi reallıq budur ki, tiranlıq heç vaxt stabilliyi uzun müddət saxlaya bilməz. Yaxşı idarəçiliyin əsasını təşkil edən insana ləyaqət və hörmət istəyi basdırıla bilməz, xüsusilə də, insanların internet və mobil texnologiyalar vasitəsilə istədikləri məlumatı əldə edə bildikləri bir dövrdə.
Beləliklə, yaxşı idarəçilik uzunmüddətli stabilliyin əsasıdır. Ancaq stabillik kimi yaxşı idarəçiliyin təmin edilməsi də kənardan müdaxilə ilə mümkün olmur, əksinə, yaxşı idarəçilik cəmiyyət daxilində sağlam kök ataraq təbii şəkildə yaranmalıdır. Bu, o demək deyil ki, Qərb hökumətlərinin edə biləcəkləri heç nə yoxdur. Əksinə, xarici qüvvələr yerli və milli səviyyələrdə güclü vətəndaş cəmiyyətinin yaradılmasına kömək etməklə böhranla üzləşən ölkələrdə yaxşı idarəçilik üçün güclü bünövrə qoyulmasında mühüm rol oynaya bilərlər. Bu il Tunisin Milli Dialoq Kvarteti 2011-ci il inqilabından sonra ölkənin demokratiyaya keçid prosesində oynadığı rola görə Nobel sülh mükafatına layiq görüldü və bu, güclü bir vətəndaş cəmiyyətinin stabilliyin təmin edilməsində nə dərəcədə effektiv ola biləcəyini göstərdi. Bu gün beynəlxalq ictimaiyyət problemli regionlarda stabillik yaratmaq üçün Putinin Suriya və Liviya ilə bağlı xəbərdarlıqlarına aldanmaq əvəzinə Tunisi nümunə götürməli və həmin regionların stabil demokratiya yolunda irəliləməyə davam etdiklərindən əmin olmalıdır. Təəssüf ki, böhran içində olan ölkələrdəki cəmiyyətlərlə məşğul olacaq qədər səbirli olmadıqlarını dəfələrlə göstərən Qərb liderləri hakimiyyətə bir diktator gətirməklə vəziyyətin düzələcəyini gözləyirlər. Çıxış yolu isə bu deyil.