Türkiyənin taleyi necə dəyişəcək? Dünya

Türkiyənin taleyi necə dəyişəcək?

Politoloqlar bu suala cavab axtarırlar

Cavid

Türkiyədə parlament seçkilərinin nəticələri və AKP-nin təkbaşına iqtidar qura biləcəyi məsələsi bu gün aktual mövzulardan biridir. Türkiyədə keçirilən parlament seçkisində AKP-nin təkbaşına iqtidar olmasına münasibət bildirən politoloq Qabil Hüseynli deyib ki, Türkiyədə AKP-nin hakim partiya olması sistem dəyişikliyinə gətirib çıxara bilər. Sabiq dövlət müşaviri AKP-nin qələbəsini Türkiyə üçün müsbət qiymətləndirib: "Türkiyə indi çətin bir dövrdən keçir. Ölkəni PKK hücumlarından və böhran əlamətlərindən koalisyon hökumətlə qurtarmaq çətin olacaqdı. Təkbaşına iqtidarla isə PKK-nı sındırmaq və iqtisadi çətinlikləri aradan qaldırmaq mümkün olacaq. Bu, işin müsbət tərəfidir. Ancaq müəyyən narahatlıq doğuran məsələlər də var. Bu ondan ibarətdir ki, Türkiyədə AKP-nin hakim partiya olması sistem dəyişikliyinə gətirib çıxara bilər. Yəni AKP mövcud parlamentar siyasi sistemi prezident üsul-idarəçiliyi ilə əvəzləyəcək. Bu isə Türkiyədəki respublika üsul-idarəsinə zərbə vura bilər. Hər halda indiki şəraitdə AKP-nin təkbaşına iqtidar olması Türkiyə üçün müsbət qiymətləndirilməldir. Ancaq bundan sonrakı proseslər, konstitusiyanı dəyişdirmək, referendum keçirmək, siyasi sistemdə dəyişiklik məsələlərində artıq xalq öz səsini göstərməli, demokratik nailiyyətlərin əldən getməsinə imkan verməməlidir".
Politoloq AKP-nin təkbaşına iqtidar olması fonunda Türkiyənin Suriya siyasətini də dəyərləndirib: "Azad Suriya Ordusunun (ASO) formalaşmasında Amerika ilə Türkiyənin rolu böyükdür. Son dövrlərdə miqrant axını məsələsi Avropanı çox ciddi sürətdə narahat edir. Çünki Türkiyədən Egey dənizi vasitəsilə Yunanıstana keçən miqrantların sayını azaltmaq olmur. Hətta bununla bağlı Almaniya Avropa Birliyinin adından Türkiyəyə iki mühüm təklif də irəli sürdü: qaçqınların Türkiyə tərəfində qalması üçün böyük məbləğdə kompensasiynın ödənilməsi və türk vətəndaşlarının Avropaya vizasız gediş-gəliş məsələsi.
Türkiyə Suriya məsələsinin həllində yaxından iştirak edir və Vyana danışıqlarında dörd əsas dövlətdən biridir. Düzdür, İran və Təhlükəsizlik Şurasının digər üzvləri də buraya cəlb edilib. Format genişləndirilsə də, Türkiyənin Suriyadakı məsələlərin siyasi yolla həllinə dair kifayət qədər imtiyaz və hüququ var. Türkiyə bu hüquqdan bundan sonra da yararlanmağa çalışacaq. Hətta Ankara bu istiqamətdə prosesləri bir qədər də sürətləndirə bilər".
Analitik Vüqar Zifəroğlu isə deyib ki, türk seçicisi həm iqtisadi, həm də siyasi istiqrarın ünvanı kimi yenidən AKP-ni gördü. Lakin bununla belə, HDP-ni yenidən parlamentə salmaqla, iqtidar partiyasının "başqanlıq sistemi"ni də arzulamadığını əyani şəkildə göstərdi. O, AKP-nin noyabr seçkilərində qalib olmaq üçün əslində çox maraqlı və spesifik addımlar atdığını bildirib: "1. AKP bu dəfə seçki siyahısında avqustda olduğu kimi eksperimentlərə deyil, bundan əvvəlki seçkilərdə sınaqdan çıxmış şəxslərə yer verdi. 2. Bölgələrdə nüfuz və təsir gücünə malik namizədlər ön plana çıxarıldı. (məsələn, İqdırdan AKP-yə qalibiyyət qazandıran Nurəddin Aras kimi). 3. Kürd bölgələrindən olan siyahılara ciddi dəyişikliklər edildi. Məqsəd cənub-şərqi Anadoludakı səsləri qaytarmaq idi. 4. İqtidar partiyası bu dəfə açıq şəkildə sağ düşərgəyə nüfuz etdi. MHP, "Səadət", BBP AKP-nin əsas hədəfləri idi və onlar bu partiyadan kifayət qədər ciddi adları (məsələn, Toğrul Türkeşin AKP-dən seçkiyə qatılması kimi) öz siyahılarına qatmaqla əslində "sağ"a ciddi həmlə etmiş oldular. 5. İqtidar partiyası bu dəfə başqanlıq sisteminə keçidlə bağlı təbliğatı arxa plana keçirdi.
Avqustda türk seçicisinin AKP-ni HDP ilə cəzalandırmasının əsasında məhz Ərdoğanın "başqanlıq sisteminə keçid" hədəfi də dururdu. Türkiyə bir toplum olaraq bu dəyişikliyi arzu etmirdi və bununla əlaqədar verilən mesaj, AKP tərəfindən doğru təhlil edildi. Məhz bu beş taktiki gediş AKP-ni yenidən təkbaşına iqtidara daşıyan daxili səbəblər oldu".
Analitik digər partiyalarla bağlı da fikirlərini bölüşüb: "HDP-nin 10 faizi zorla keçməsinin başlıca səbəbi terror və bölücülüyə olan münasibəti oldu. Az müddət ərzində bir milyon səs itirməsinə rəğmən, parlamentə düşən 3-cü partiya olması, istənilən halda sözügedən partiyanın uğuru hesab edilməlidir. MHP avqust seçkisinin nəticəsi ilə müqayisədə iki dəfə az millət vəkili kreslosu ələ edə bildi. Görünən odur ki, partiya Dövlət Baxçalının idarəsində ciddi sıxıntı yaşamaqdadır. Partiya kifayət qədər ciddi adlardan - Sinan Oğan, Togrul Turkeş, Maral Akşənərdən imtina ilə öz qürubunu yaşayır. CHP isə nəticəni eyni saxlamaqla əslində yerində saydığını ortaya qoymuş oldu. Partiya sağ-mərkəz görünüşündən çıxaraq öz təbii sol-mərkəz təbiətinə qayıtmalıdır ki, itirdiyi səsləri geri qaytara bilsin. Solçular isə HDP-yə istiqamətlənməkdədir. İstənilən halda, həm iqtidar, həm də müxalifətli Türkiyəni qarşıda ciddi sınaqlar gözləyir. Ortada ciddi terror problemi və getdikcə durumu daha da ağırlaşan Yaxın Şərq var".
Qeyd edək ki, Türkiyədə keçirilən 1 noyabr parlament seçkisində AKP 49,38 faiz səs toplayaraq təkbaşına iqtidar olub. CHP 25,41, MHP 11,98, HDP 10,47%, digərləri isə 2,77% səs toplayıb.