Britaniyada müsəlmanlara qarşı ayrı-seçkilik artıb Dünya

Britaniyada müsəlmanlara qarşı ayrı-seçkilik artıb

Cavid

İslam İnsan Hüquqları Komissiyası tərəfindən verilən son hesabatda bildirilir ki, Britaniyada müsəlmanlara qarşı ayrı-seçkilik o qədər artıb ki, ölkədə "nifrət mühiti" yaranır. "Huffingtonpost" yazır ki, komissiya Birləşmiş Krallıqda müsəlmanlar üçün gündəlik həyatın çox çətinləşdiyini iddia edən hesabatda ölkənin vətəndaşları təqib və narahat edən "ŞTAZİ"-yə (Almaniya Demokratik Respublikasının təhlükəsizlik işləri üzrə dövlət xidməti) çevrildiyini, müsəlmanlara qarşı ayrı-seçkiliyin artdığını bildirib. Hesabat göstərib ki, müsəlmanlara qarşı ayrı-seçkilik özünü təkcə islamofobik hərəkətlərdə yox, hökumət siyasətində də göstərir. 2010 və 2014-cü illər arasında kiməsə qarşı islamofobiyanın şahidi olduqlarını bildirən insanların sayı 50 faizdən 82 faizə, İslam dini və müsəlmanlar haqqında mənfi stereotiplərin şahidi olduqlarını deyən insanların sayı isə 69 faizdən 93 faizə qədər artıb. Hesabatda Britaniyanın insanların radikallaşmasının qarşısını almaq üçün nəzərdə tutulmuş hökumət proqramı da hədəf götürülüb. Belə ki, hesabatda bildirilir ki, bu proqramla sözün əsl mənasında polis dövləti, zorakılıq və məcburetmədən istifadə edən cəmiyyətlərin inanclarını bölüşən bir dövlət yaradılır.
Hesabata müxtəlif reaksiyalar verilib. Məlumatlarla bağlı narahatlığını ifadə edən şəxslərdən biri keçmiş Kenterberi arxiyepiskopu Rouen Uilyams olub. Rouen Uilyams deyib: "Bu hesabat hökumət siyasəti və media nümayəndələrinin müsəlmanları necə nifrətə layiq görən bir mühit yaratdıqlarını göstərərək Britaniyada müşahidə olunan İslamofobiyanın struktur təhlilini verir. Burda cəmiyyətimizin ən humanist idealları və dəyərləri tənbeh edilir."
"Henry Jackson" cəmiyyətinin direktor müavini Duqlas Murrey isə məlumatların "ideoloji baxımdan hərəkət edən bir qrupdan gözlənildiyi kimi heç bir araşdırmaya əsaslanmadığını" bildirirək hesabatı qınayıb. Daxili İşlər Nazirliyinin mətbuat katibi hesabatda adı çəkilən hökumət proqramı ilə bağlı bildirib: "Bu proqram radikallaşmanın zərərli təsirləri qarşısında müdafiəsiz ola biləcək insanların qorunması ilə bağlıdır. Bu vəzifə bizim hamımızın vəzifəsidir və biz nifrət və qeyri-tolerantlıq yayan kəslərə qarşı mübarizə aparmaq üçün bütün dini inanclardan olan cəmiyyətlərlə əməkdaşlıq etməyə davam edirik. Xalqımızın bəzi nümayəndələrini yoldan çıxaran təhriflərə qarşı nifrət bəsləyən müsəlmanlarla birgə işləməliyik və qeyd edək ki, belə müsəlmanlar çoxluq təşkil edir. Biz İslam dinini sülh dini olaraq qəbul etməyə davam etməliyik. İstənilən şəkildə nifrət cinayətinə qarşı mübarizə aparmaq öhdəliyini davam etdirən Britaniya hökuməti müsəlmanlara qarşı nifrət mühitinin yaranmaması üçün əlindən gələni edir. Hələ ötən ay baş nazir İngiltərə və Uelsdə müsəlmanlara qarşı nifrət cinayətlərinin cinayət işlərinin statistikasında, ilk dəfə olaraq, xüsusi kateqoriyaya salınacağını elan edib." İslam İnsan Hüquqları Komissiyasının hesabatının noyabrın 16-sı tam şəkildə təqdim edilməsi qərarlaşdırılıb.