Terrorizm haqqında 10 həqiqət Dünya

Terrorizm haqqında 10 həqiqət

"Foreignpolicy" terrorizm haqqında heç kimin eşitmək istəmədiyi həqiqətləri üzə çıxarıb

Cavid

Ssenari tanışdır: terrorçular Qərb paytaxtlarından birinə hücum edir, siyasətçilər heyrət içərisində bu hücumları qınama yarışına girirlər. Britaniya, Çin və Yaponiya liderləri ABŞ Prezidenti Barak Obama tərəfindən "vicdansız" və "dəhşətli", Fransa Prezidenti Fransua Olland tərəfindən "qorxunc" və "qorxaq", Hindistanın baş naziri Narendra Modi tərəfindən "vəhşilik", BMT-nin Baş Katibi Pan Gi Mun tərəfindən "alçaqlıq" və ABŞ Dövlət Katibi Con Kerri tərəfindən "mənfur" olaraq təsvir edilən Paris hücumlarından "şoka düşdüklərini" bildirirlər.
Paris hücumları haqqında bütün bu təsvirlər doğrudur. Ancaq bu hücumların törədilməsi heç də təəccüblü olmadı. Qərbdə arabir terror hücumlarının törədilməsi qaçılmazdır və növbəti onilliklərdə daha çox hücumun şahidi olacağımız ehtimalı da yüksəkdir. Uzunmüddətli terrorizm riskini aradan qaldırmaq istəyiriksə, bunu sarsıdıcı bir hal kimi görməkdən əl çəkib həll edilməsi lazım olan bir problem kimi tanımalıyıq.
Siyasətçilər terrorizm haqqındakı həqiqətləri dilə gətirməyi xoşlamırlar. Biz isə siyasətçi deyilik, gəlin ağır da olsa, bu həqiqətlərə nəzər salaq:
1) Terrorçuları ölkədən uzaq tuta bilmərik.
ABŞ-ın 95 min mil, Yunanıstanın isə 10 min mil sahilyanı ərazisi və 6000 adası var. İraq və Suriyadan Türkiyəyə, Türkiyədən də Bolqarıstana asanlıqla daxil ola bilərsiniz. Hər il ABŞ-dakı hava limanlarına səkkiz yüz milyon, Avropadakı hava limanlarına isə 1,7 milyard insan gəlir. Nə bu qədər insanı uzaq tuta biləcək qədər uzun və ya hündür bir divar, nə də sahilyanı sərhədlərin hər bir qarışına nəzarət etməyə kifayət edəcək qədər mühafizəçi var.
2) Üstəlik, təhlükəli qüvvələr artıq içimizdədir.
2005-ci il Londondakı hücumlar Britaniya vətəndaşları tərəfindən törədilmiş, Boston marafonu zamanı edilən hücumları törədənlərdən biri ABŞ vətəndaşı, digəri isə daimi sakini olmuşdur. Paris hücumlarını törədənlər də Fransa vətəndaşları olub. Dünyanın hər bir ölkəsində aqressiv insanlar var və internet hər cür hiddətə haqq qazandıracaq ideologiyalarla doludur. Təhlükə artıq içimizdədir, buna görə də, nə sərhəd nəzarətinin artırılması, nə də müharibə və səfalətdən qaçan qaçqınların ölkəyə buraxılmaması problemi həll edə bilər.
3) Nəzarət və təqibin artırılması da terrorizmi aradan qaldırmayacaq.
2013-cü ildə Eduard Snoudenin ifşa etdiyi məlumatların da göstərdiyi kimi, ABŞ, eləcə də, Avropa ölkələrinin yarısı onsuz da bütün dünyanı izləyir. ABŞ Milli Təhlükəsizlik Agentliyi hər gün milyardlarla yazışma və telefon danışıqlarını izləyir, ancaq "şübhəli" fəaliyyətlərin aşkarlanması üçün yüksək səviyyəli kompüter proqramların hazırlanmasına baxmayaraq, hər şeyi tam təhlil etmək mümkün olmur və yanlış dəyərləndirmələr üzərində boş yerə çox vaxt gedir.
Elektron kəşfiyyat, nəzarət kameraları və s.-dən toplanan məlumatlar çox vaxt hücum törədildikdən sonra işə yarayır. Bəzən isə səlahiyyətli şəxslərin bəxti gətirir və hücum planı həyata keçirilməzdən əvvəl kimi axtardıqlarını bilirlərsə, bir hücumun necə həyata keçirildiyini daha yaxşı anlamaq üçün əvvəlki nümunələrə baxıb hücumçuları əvvəlki sui-qəsdçilərlə əlaqələndirə bilirlər. Hər hansı bir hücumun həyata keçirilməsinə mane olunursa, bu, adətən, adi cinayətlərin qarşısını alan eyni faktorların nəticəsi olur: hərtərəfli araşdırma işləri, gözüaçıq cəmiyyətlər və axmaq səhvlər edən cinayətkarlar.
4) İslam Dövlətinin məğlub edilməsi də terrorizmə son qoymayacaq.
Özünüzü aldatmayın. Bu gün İslam Dövlətindən də təhlükəli təşkilatlar var. Məsələn, Nigeriyada Boko Haram təşkilatı. İŞİD-dən əvvəl 11 sentyabr hücumlarını, Madrid və Londonda terror aktlarını törədən Əl-Qaidə, Əl-Qaidədən əvvəl Hizbullah və Həmas, Həmasdan əvvəl isə Əbu Nidal, Qara Sentyabr və Fələstin Azadlıq Təşkilatının müxtəlif qruplaşmaları var idi. 1970 və 1980-ci illərdə Avropada daha çox terror hücumları olub, nəinki 11 sentyabr hadisələrindən bu yana. Suriya və İraqda İŞİD tamamilə məhv edilsə belə, Yaxın Şərqdə tam stabillik yaranmayacaq.
Bəli, terrorizmin İslam dini ilə də əlaqəsi yoxdur. ABŞ-da sağçı ekstremistlər hələ də cihadçılardan daha çox insan öldürürlər. 2011-ci ildə Norveçdə 77 nəfərin ölümü ilə nəticələnən terror hücumu da radikal sağçı terrorist Anders Breyvik tərəfindən törədilmişdi. 2006-cı ildən bəri qərbdə törədilən terror hücumlarında ölüm hallarının yarısında qeyri-islamçı hücumçuların əli olub və onların əksəriyyəti sağçı ekstremizm və separatçılıqdan ilham alıb. Hətta buddistləri də sülhsevər saymaq olmaz: 23 oktyabr, 2012-ci il tarixində buddist silahlılar Myanma kəndlərindən birinə hücum edərək 28-i uşaq olmaqla, 70 nəfərdən çox sakini qırmışdı.
5) Statistik göstəricilərə görə, terrorizm hələ də nisbətən kiçik bir təhlükə olaraq qalır.
Əlbəttə, bu, terror hücumlarının qurbanlarını və onların yaxınlarını təsəlli etməsə də, bizə az da olsa, rahatlıq verir. Qlobal terrorizmin miqyasının artdığını göstərən statistik məlumatlarda, əsasən, Suriya, İraq, Nigeriya və Əfqanıstan kimi silahlı münaqişələrin davam etdiyi regionlardakı hücumlar nəzərdə tutulur. 2015-ci il Qlobal Terrorizm İndeksinə görə, 2000 və 2014-cü illər arasında terror qurbanlarının yalnız 2,6 faizi Qərb ölkələrində yaşayıb. Bir amerikalını ildırım vurub öldürməsi ehtimalı daha yüksəkdir, nəinki bir terrorist tərəfindən öldürülməsi. ABŞ-da silahla törədilən zorakılıqlardan danışmırıq belə.
6) Statistik göstəricilərə baxmayaraq, çox güman ki, vəziyyət yaxşıya doğru getməzdən əvvəl daha da pisləşəcək.
Tarixə nəzər salsaq, görərik ki, keçmişdə Qərb dünyası da müasir dövrün Yaxın Şərqi kimi iğtişaşlar və qanlı münaqişələrlə dolu olub. Ona görə də, bu gün Qərbdə nisbi təhlükəsizlik olmasına arxayın olmayın. Bir gün Yaxın Şərqi bürüyən siyasi, etnik və dini qarışılıq bitə bilər, ancaq o günün gəlməsinə hələ çox var və Qərb tərəfindən İslam Dövlətinə qarşı daha aqressiv bir hərbi kampaniya başladılması da bütün bu qarışıqlığın bitməsini sürətləndirməyəcək.
Növbəti onilliklərdə zorakı münaqişələrin artması ehtimalı yüksək, Qərbin bu münaqişələrdən qorunması ehtimalı isə aşağıdır. Suriyanın qaçqın böhranı Avropaya çoxlu sayda əhalinin bir regiondan qaçıb başqa birində məskunlaşmağa çalışdığı zaman nələr baş verə biləcəyini göstərmiş oldu. Bir neçə on ildən sonra iqlim dəyişikliyi nəticəsində resurslar üstündə yeni münaqişələrin başlaması və çoxlu sayda insanın daha yaxşı bir həyat axtarışına çıxmaları ilə nələr ola biləcəyini təsəvvür edin.
7) Qərbin zəif planlaşdırılmış fəaliyyəti vəziyyəti daha da pisləşdirə bilər.
Paris hücumlarından sonra Qərb sığınacaq və dinc şərait axtaran yüz minlərlə çarəsiz müsəlmanı geri çevirmək istəyir, sadəcə ona görə ki, onların kiçik bir qismi terrorist ola bilər. İslamçı terroristlər təşkilatlarına daha çox adam yığmaq üçün bundan yaxşısını istəyə bilməzdi.
Eyni şey İslam Dövlətinə qarşı hərbi fəaliyyətin artırılmasına da aiddir. Qərb Paris hücumlarına cavab olaraq, Suriya və İraqa çoxlu sayda quru qoşunları göndərərsə, yenidən xarici işğalçıya və böyük hədəfə çevriləcək. Əgər İŞİD bütün tərəflərdən bomba atəşinə tutularsa, sonda hücumlara məruz qalınması istənməyən insanlar da bombalanacaq və bu, Qərbin yeni dostlar qazanmasına mane olacaq. Eyni zamanda Suriyada İŞİD-in məhv edilməsi ya ölkənin digər ekstremist üsyançılarına, ya da Suriya Prezidenti Bəşər əl-Əsədə sərf edəcək. Halbuki İŞİD-in güclənməsinə kömək edənlər elə Əsədin özü və regionun digər qəddar liderləri idi.
8) Terrorizm həll edilməsi lazım olan bir problemdir.
İnana bilmirəm ki, bunu hələ də təkrar etmək lazımdır: cinayət, narkotik maddələr və yoxsulluğa "qalib" gələ bilmədiyimiz kimi, terrorizm, terror və ya terroristlərə qarşı müharibədə də "qalib" gələ bilmərik. Ancaq terrorizmin bütün risklərini aradan qaldıra bilməsək də, terror hücumlarının səbəb olduğu risk və zərərləri azaltmaq üçün ağıllı strategiyalar qəbul edə bilərik. Məsələn, İslam dininin ekstremist şərhlərinə alternativlər verən mötədil müsəlman təşkilatlarını maliyyələşdirə, terroristlərin insanları öz tərəflərinə çəkmək üçün hədəf götürdükləri cəmiyyətlərdə hüquq-mühafizə orqanları tərəfindən maarifləndirməni artıra və şübhəli fəaliyyətlər haqqında polisə daha çox məlumat verilməsi üçün yollar axtara bilərik.
9) Bu problemin həll edilməsi üçün terrorizmə qarşı aparılan əksər ictimai müzakirələri xarakterizə edən siyasi duruşu bir kənara qoyub, açıq şəkildə müxtəlif yanaşmaların mənfi və müsbət tərəflərindən danışmalıyıq.
Terrorizm problemini həll etmək üçün sərhəd nəzarətini, hücumları, polis qüvvələrini artıra bilərik. Bunlar qısamüddətli riski aradan qaldıra da bilər. Ancaq bu yolların da maddi, siyasi qarşılığı var. Polis qüvvələrinin artırılması daha çox terror hücumunun qarşısının alınması demək ola bilər, lakin bacarıqsız polislər də İŞİD üçün daha çox potensial üzv deməkdir. Aeroportlarda təhlükəsizlik, Milli Təhlükəsizlik Agentliyinin proqramları və hava hücumları isə zəif şəkildə tətbiq olunarsa, əks təsir yarada bilər, güclü şəkildə tətbiq olunsa belə, bunun üçün maddi vəsait lazımdır. Cinayət, xəstəlik, avtomobil qəzaları və s. təhlükələrə qarşı necə yanaşırıqsa, terrorizmə də o cür yanaşmalıyıq.
10) Kəskin reaksiyanı dayandırmalıyıq.
Terrorizm dövlət və qeyri-dövlətlər tərəfindən istifadə olunur, ona görə ki, bu həm nisbətən ucuz və asan yolla başa gəlir, həm də işə yarayır. 11 sentyabr hücumları Əl-Qaidə üçün böyük bir uğur idi. Bu hücumlar nəticəsində ABŞ milyardlarla pul itirdi: fond birjaları bağlandı, hava nəqliyyatı dayandı, Əfqanıstan və İraqda çox pul tələb edən, sonda isə nəticəsiz qalan müharibələr başlandı. Paris hücumları da İŞİD üçün işə yarayır. Qaçqınlara qarşı yaranan mənfi münasibət İŞİD-in üzvlərinin sayını artırmasına kömək edə bilər.
Terrorizmin zərərlərini azaltmanın ən ucuz və ən asan yolu həddən artıq reaksiya verilməsini dayandırmaqdır. Paris hücumlarında 129 nəfərin həlak olması dəhşətli bir faciə və cinayətdir. Ancaq hər il ABŞ-da 16 min nəfər qətlə yetirilir, 34 min insan avtomobil qəzasında, 39 min nəfər isə zəhərlənərək ölür. Hər bir ölüm ağırdır və ölüm hallarının qarşısına almaq üçün bütün lazımi addımlar atılmalı və cavabdeh şəxslər cəzalandırılmalıdır.
Ancaq ilk növbədə terrorizmi nadir və anormal bir hal kimi görməkdən əl çəkməliyik. Nə qədər çox təşvişə düşüb kəskin reaksiya veririksə, terorrizmə də bir o qədər çox məruz qalacağıq.