İslam dövlətinə qarşı müharibədə nələrə fikir verilməlidir? Dünya

İslam dövlətinə qarşı müharibədə nələrə fikir verilməlidir?

Problemli məsələ döyüşdən sonra qazanılmış ərazinin məsuliyyətinin kimin öz üzərinə götürməsidir

Cavid
Paris hücumları və Rusiyaya məxsus hərbi təyyarənin vurulması İslam dövlətinin məğlub edilməsi yolunda Moskva, Paris və Vaşinqtonun qətiyyətini artırıb. Bunu demək asan, həyata keçirmək isə çətindir. Bir çox strateqlər bildirirlər ki, İŞİD-in maliyyələşdirilməsinin dayandırılması, təbliğatlarının qarşısının alınması və Suriya hakimiyyəti ilə bağlı dünya gücləri arasında diplomatik razılaşma əldə edilməsi üçün daha çox iş görülənə qədər hərbi uğur əldə edilməsi çətin olacaq. Onların fikrincə, terror qruplaşmasının qərargahının məhv edilməsi və döyüşçü qüvvəsinin iflic vəziyyətinə salınması nisbətən asandır: bunun üçün 40 minə qədər hərbi qüvvə, hava hücumu üçün dəstək və iki aylıq döyüş bəs edər.
"Wsj" yazır ki, problemli məsələ isə döyüşdən sonra qazanılmış ərazinin məsuliyyətinin götürülməsidir. Əfqanıstan və İraqdan sonra Qərb liderlərindən heç biri bu məsuliyyəti daşımaq istəmir. Xüsusilə Avropada olmaqla, bir çox rəsmilər belə düşünürlər ki, geniş miqyaslı hərbi müdaxilə Qərbin ərəb torpaqlarını işğal etdiyi mənzərəsini yaratmaqla bu İslam Dövlətinin davamçılarını artıraraq qruplaşmaya kömək etmiş olar. Fransa rəsmilərindən biri bu haqda bildirib: "Onlar bizi müharibəyə çəkməyə çalışaraq tələyə salmaq istəyirlər. Şəxsən mən bunun işə yarayacağını düşünmürəm."
İslam Dövlətini hərbi müdaxilə olmadan məğlub etməyin yolları məhduddur. İslam Dövləti ilə bir ildən çox döyüşlər gedir və artıq hərbçilər, diplomatlar və analitiklər qələbə qazanmağın asan yolu olmadığında həmfikirdirlər.
Qərb müttəfiqləri əməliyyatları artırmaq və taktikaları dəyişdirmək üçün yollar axtarırlar. Hava hücumlarını artıran Fransa gələn həftə Şərqi Aralıq dənizi bölgəsinə çatacaq olan "Charles de Gaulle" təyyarə gəmisi ilə regiona 24 hərbi təyyarə göndərir. Fransa kimi ABŞ da İraq və Suriyada qruplaşmaya qarşı kürd qüvvələr də daxil olmaqla, yerli tərəfdaşlarını gücləndirərək İslam Dövlətinə qarşı mübarizəni artırır. ABŞ eyni zamanda İraqda İslam Dövləti liderlərinə qarşı reydlərə başlamaq üçün hərbi baza yaradılması haqqında düşünür, Suriyada fəaliyyət göstərən xüsusi əməliyyat qüvvələrinin sayını üç qat artırır.
Bəzi strateqlər İslam Dövlətinin göründüyündən daha müdafiəsiz olduğunu düşünürlər. Londonda yerləşən Kral Birləşmiş Xidmətlər İnstitutunun (ing. Royal United Services Institute ) direktoru Maykl Klark qruplaşmanın bütün dünyaya meydan oxuduğunu deyib. İslam Dövləti təkcə Yaxın Şərqdə yox, ABŞ, Rusiya və Fransa ilə də döyüşə girib. Bu həftə isə terror qruplaşması girov götürdüyü Çin vətəndaşını edam edib. "Onlar dövrün hökmranı olduqlarını, artıq qələbə çaldıqlarını düşünürlər. Strateji baxımdan isə hər cür səhvi edirlər" – cənab Klark bildirib.
Paris hücumları, eləcə də, Rusiyaya məxsus hərbi təyyarənin vurulması və Türkiyədəki hücumlar Moksva və Qərb arasında müttəfiqlik ehtimalını artırıb. Ötən həftələr ərzində şahidi olduğumuz həmrəyliyin davam edib-etməyəcəyi sual altındadır. Rusiyanın Ukraynaya hücumu hələ də unudulmayıb. Bir çox Qərb rəsmiləri Avropa və ABŞ-ın Krımın ilhaqını və Moskvanın Ukraynadakı separatçıları dəstəkləməsini gözardı etməməli olduğunu düşünürlər.
Eyni zamanda, Suriya ilə bağlı fikir ayrılığı davam edir. Belə ki, Rusiya Prezident Bəşər əl-Əsədin regiondakı xaosa qarşı ən yaxşı istinadgah olduğunu düşünür, Qərb isə münaqişəyə görə Əsəd rejimini günahlandırır. Avropalı diplomatlar hər iki tərəfin artıq güzəştə gedə biləcəyini bildirirlər.
Avropa Liderlik Şəbəkəsinin (ing. "European Leadership Network" ) direktoru İan Kerns bildirib ki, Avropa həm qaçqın axınını zəiflətmək, həm də Rusiyaya qarşı əlverişli mövqedə olmaq üçün Suriyada Əsəd rejiminə qarşı vuruşan mötədil müxalifət qüvvələrinə hərbi dəstəyi artırmalıdır: "Avropa oyanmalı, öz maraq və dəyərlərinə sahib çıxmalıdır."
İslam Dövlətinin əsas güc mənbəyi Suriya və İraqda nəzarəti altında olan geniş ərazilər və bu ərazilərdən gələn vergi axını, neft gəlirləri, qeyri-qanuni yollarla sahib olduğu pullardır. Xaricdən maliyyələşdirilməyə ehtiyac duyan əl-Qaidədən fərqli olaraq, İslam Dövləti öz-özünü təmin edə bilir.
Qruplaşma qlobal maliyyə sistemindən asılı olmadığına görə, pul təchizatının kəsilməsi çətindir. Kifayət qədər maliyyə vəsaiti olan İslam Dövləti öz döyüşçülərini maliyyələşdirir, qəbilələri əməkdaşlıq etmələri üçün rüşvətlə yanına çəkir və öz qlobal təbliğat əməliyyatını maliyyələşdirir.
Suriyanın neft yataqları İslam Dövlətinin ən böyük gəlir mənbələrindən biridir. Ötən il ABŞ Xəzinədarlıq Departamentinin hesablamalarına görə, İslam Dövləti Türkiyənin qara bazarına qaçaqmalçılıq yolu, ya da daxili neft emalı zavodlarına edilən neft satışından bir günə 1 milyon dollara yaxın pul qazanmışdır.
ABŞ Suriyada hava hücumlarına başlamasından bu yana İslam Dövlətinin yenidən bərpa etdiyi neft emalı zavodlarına hücumlar edib. ABŞ müdafiə rəsmiləri isə həmin zavodları qəsdən dağıtmaq yox, sadəcə zərər vurmaq istədiklərini bildirirlər. ABŞ Suriya və İraqın iqtisadi infrastrukturuna zərər vurmadan İslam Dövlətini məğlub etməyi ümid edirdi. Neft emalı zavodlarının və quyuların itirilməsi iqtisadi bərpanı olduqca çətinləşdirərdi. İndi isə rəsmilər daha böyük miqyaslı hücumlar haqqında düşünürlər.
Rəsmilər qeyd edirlər ki, qruplaşmanın Avropa ilə əlaqəsinin kəsilməsi vəzifəsi neft gəlirlərinin qarşısının alınması vəzifəsini üstələyib. Bu isə sərhədlərin möhkəmləndirilməsini tələb edir. Ötən həftənin beşinci günü Avropa İttifaqı Aİ vətəndaşlarının sistemli şəkildə yoxlanılması və şübhəlilərin izlənilməsi imkanlarının artırılması məqsədilə sərhəd nəzarətinin gülcəndirilməsi ilə bağlı əmr verib.
İslam Dövləti sosial media vasitəsilə öz "xilafətində" pozitiv həyat mənzərəsi yaradaraq ətrafına daha çox davamçı toplamağa çalışır. ABŞ və Avropa rəsmiləri Qərbin bu təbliğatlara qarşı effektiv ola bilmədiyini bildirir. Bu təbliğatlara qarşı mübarizə yollarından biri terror təşkilatından qaçan şəxslərin öz hekayələrini danışmalarına imkan yaradılması ola bilər. Bəziləri də İslam Dövlətinin internetdə videolar yerləşdirməsinə və ya sosial mediadan istifadə etməsinə mane olmaq üçün kiber hücumlardan istifadə edilə biləcəyini bildirirlər. ABŞ qanunvericiləri İŞİD üzvləri və ya dəstəkçiləri tərəfindən istifadə olunan hesabların bağlanması üçün "Twitter Inc."t kimi sosial media şirkətlərinə təzyiq göstəriblər. Hesabları bağlanan şəxslər isə fərqli məlumatlardan istifadə edərək tezliklə yeni hesablar aça bilirlər.
Pentaqon rəsmiləri ABŞ-ın hazırkı hərbi strategiyasının uğur əlamətləri göstərdiyini bildirir, nümunə olaraq isə İslam Dövləti tərəfindən ələ keçirilmiş Sincarda kürd qüvvələrin hücumunu və "Cihadçı Con" olaraq bilinən İŞİD cəlladının ölümü ilə nəticələnən dron hücumunu göstərirlər. Bu irəliləyişi davam etdirmək üçün Pentaqon strateqləri Suriyadakı xüsusi əməliyyat qüvvələrinin sayını üç qat artırmaq haqqında düşünürlər. Yeni qüvvələrin Suriyada kürd qüvvələrlə birgə fəaliyyət göstərən Suriya Ərəb Koalisiyasını silahlandırmağa kömək etmələri nəzərdə tutulub.
Bəzi ABŞ rəsmiləri fransalı həmkarları ilə aparılan söhbətlərdən sonra Fransanın da xüsusi qüvvələr göndərməyə razı olacağını düşünürlər. Xüsusilə də, əgər qüvvələr Afrikadan çıxarılarsa. Noyabrın 20-si Malidə törədilən hücumdan sonra isə bu qərarın verilməsi daha çətin olacaq.
İraqda da İslam dövlətinə qarşı aparılan mübarizə gözlənilməz maneələrlə üzləşir. ABŞ-ın hərbi rəsmiləri bildirirlər ki, iraqlı həmkarları Apaçi helikopterlərdən istifadə edilməsinə və İraqda, eləcə də, Suriyada reydlərə başlamaq məqsədilə Amerikanın xüsusi əməliyyat qüvvələri üçün hərbi baza yaradılmasına mane olurlar. İraqın Müdafiə Nazirliyinin mətbuat katibi Nasir Munir isə İraq və ABŞ-ın yaxından əməkdaşlıq etdiyini və İraqın Apaçi helikopterlərdən istifadə edilməsinə mane olmadığını, hərbi baza yaradılması üçün isə rəsmi istək gəlmədiyini bildirib.
Hərbi strateqlər İslam Dövlətinin əlində olan ərazilərdə mümkün qədər sakinlərin həlak olmasına yol verilməməsi siyasətini dəyişərək qruplaşmaya qarşı hava hücumlarının sayını artırmaq haqda düşünürlər. Rəsmilər bu siyasətin dəyişdirilməsinin İslam Dövlətini daha çox yerdə hədəf götürməyə imkan verəcəyini bildirirlər. Ancaq bir çox hərbi lider bunun nəticəsində Qərbin yanına çəkmək istədiyi insanların özündən uzaqlaşdırmasına səbəb olacağını düşünür.
ABŞ-ın hərbi rəsmiləri müzakirələri gedən dəyişikliklərlə İslam Dövlətinə qarşı strategiyalarında sadəcə düzəlişlər edilməsini nəzərdə tutduğunu bildirirlər.