NATO Qara dənizə hərbi kontingent çıxarır Dünya

NATO Qara dənizə hərbi kontingent çıxarır

Turçinov: "Rusiya təcavüzkarlığını davam edirərək sərhədlərimizə qoşun yığmaqla Ukraynanı inadla NATO-ya doğru itələyir"

Cavid

Krımın işğalından sonra ABŞ başda olmaqla Qərb və NATO Rusiyaya meydan oxudu. Amma rəsmi Kreml hələki ona qarşı yönələn güclərin təzyiqləri qarşısında geri çəkilmək niyyətində deyil. Qeyd edək ki, HATO artıq bu ölkə ilə bütün əlaqələrini dondurmaq qərarını verib.
Belə ki, ötən gün NATO Ukraynanın Krım bölgəsini anneksiya edən Rusiya ilə praktiki, mülki və hərbi əməkdaşlığı dayandırdığını bildirib. Qərar NATO ölkələri xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə qəbul edilib. Amma nazirlər Rusiya ilə siyasi dialoqun Rusiya-NATO şurası çərçivəsində davam etdiriləcəyini bildiriblər.
Bu, yaranan situasiyadan çıxış yolu tapmaq üçün danışıqlar imkanının saxlanması üçündür.
Xarici işlər nazirləri Krımın işğalını bir daha pisləyərək bunu "qanunsuz hərəkət" adlandırıblar.
NATO-nun baş katibi Rasmussen xəbərdarlıq edib ki, Ukrayna böhranı Avropada yeni ayırıcı xətlər yarada bilər.
Onun sözlərinə görə, Rusiyanın Ukrayna böhranı ilə bağlı gərginliyi azaltmaq üçün hər hansı addımları atdığı müşahidə edilmir.
Onu da qeyd edək ki, xarici mətbuatda yazılanlara görə,
Rusiya Ukrayna ilə sərhədə 40 minə qədər əsgər cəmləyib.
Rus qoşunlarının bir hissəsinin oradan çıxarılacağı xəbəri yayılsa da, NATO hər hansı dəyişiklik hiss etmədiyini deyir.
Bundan başqa NATO strateqlərinə tapşırılıb ki, yaxın həftələrdə alyansın şərq sərhədlərini daha da möhkəmləndirmək, xüsusən şərqi Avropa ölkələrində narahatlığa son qoymaq üçün əlavə müdafiə tədbirləri görmək təkliflər hazırlasınlar.
Bu təkliflərdən biri Baltikyanı ölkələrdə hərbi bazaların yaradılması və oraya NATO qüvvələrinin yerləşdirilməsi ola bilər.
Digər bir məlumata görə, NATO Ukrayna ətrafına da hərbi qüvvələr cəmləşdirməyə başlayıb. Əslində, NATO-nu bu addımı atmağa vadar edən əsas faktor Rusiyanın təcavüzkar siyasətindən əl çəkməməsidir.
Şimali Atlantika Müqaviləsi Təşkilatının rəsmi Moskva ilə əlaqələri dayandırdığı bir vaxtda Ukrayna ilə hərbi əməkdaşlığını daha da artıracağını elan edib. Rusiyanın NATO-dakı səfiri Aleksandr Qruşko isə hərbi alyansın son addımını ikili standartlarla yanaşma və "soyuq müharibə" kimi qiymətləndirib.
Bu arada o da məlum olub ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin "Corc Buş" təyyarədaşıyan gəmisi Qara dəniz akvatoriyasına yaxınlaşır. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin baş katibi Andrey Parubi bununla bağlı bildirib: "Biz partnyorlarımızla danışıqlar aparırıq. Bu, regionda təhlükəsizliyin təmin olunması üçün vacib mexanizmlərdən biridir. Biz dərk edirik ki, Rusiya Federasiyasının təhriki nəticəsində yaranacaq münaqişə Krımdan kənara çıxa bilər. ABŞ Ukraynanın təhlükəsizliyinin zamini olaraq çıxış edir. ABŞ regionda sabitliyin təmin olunmasına və Ukraynanın ərazi bütövlüyünü qorumasına kömək etməlidir".
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin baş katibi A.Parubi də bu günlərdə bildirib ki, Qərbin Rusiyaya qarşı sanksiyaların siyahısı geniş ola bilər. A.Parubi iqtisadi sanksiyalarla yanaşı, NATO qüvvələrinin Qara dənizə daxil olmasını da Qərbin mümkün cavab addımlarından biri olduğunu dilə gətirib. O, həmçinin əlavə edib ki, Ukrayna Budapeşt müqaviləsinin zamin ölkələri kimi Böyük Britaniya və ABŞ-ın köməyinə bel bağlayır.
Bununla yanaşı, ABŞ-ın Kiyevə 300 nəfərlik xüsusi təyinatlı göndərdiyi barədə də bir qədər əvvəl məlumatlar yayılmışdı. Onların geniş döyüş təcrübəsi olduğu bildirilir. ABŞ əsgərlərinin Ukraynaya gəlməsi ilə bağlı Rusiya mənbələri də xəbərlər yayıblar. "İnterfaks"ın verdiyi məlumata görə, hələlik onların kimliyi müəyyən edilməsə də, əksəriyyətinin ABŞ-dan olduğu deyilir.
Qərbi narahat edən əsas amil digər bölgələrin də ruslar tərəfindən ələ keçirilə biləcəyidir. Məsələ bundadır ki, Krım ssenarisi Ukraynın rusdilli regionlarında, Donetsk və Xarkov şəhərlərində də təkrarlana bilər. Donetskdə keçirilən son mitinqin iştirakçıları "Putin, gəl" şüarları səsləndiriblər. Bu şəhərlərdə Rusiyapərəst aksiyalar tez-tez keçirilir. İndi Qərb bura qoşun yeritməklə vəziyyəti nəzarətə götürmək istəyir.
Ekspertlər isə hesab edirlər ki, bütün bu addımlar Moskvanın daha da aqressivləşməsinə səbəb olacaq. Rusiya qoşunlarının isə Ukrayna ilə sərhəd xətti boyu mövqe tutduğu bildirilir. Ukraynada Qərb qüvvələri ilə hərbi toqquşma isə hər an genişmiqyaslı müharibəyə çevrilə bilər.
NATO-nun baş katibi Anders Foq Rasmussen hazırkı mərhələdə birgə hərbi təlimlərin keçirilməsi və orduda islahatların aparılması da daxil olmaqla təhlükəsizlik sahəsində Ukrayna ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib. Baş katib Rusiya və NATO-nun hərbi qarşıdurması ehtimallarını dəyərləndirib. O, ittifaqda Ukrayna böhranının həlli üçün hərbi ssenarinin müzakirə edilmədiyini, Moskva və Kiyev arasında siyasi və diplomatik dialoqu dəstəklədiklərini vurğulayıb. O, bildirib ki, hərbi alyansın bundan sonrakı addımları Rusiyanın necə hərəkət edəcəyindən, NATO-ya rəqib, yoxsa strateji partnyor kimi baxacağından asılı olacaq. NATO-nun baş katibi kollektiv müdafiənin prioritet elan olunduğunu və ittifaqın döyüş hazırlığının yüksəldilməsi barədə qərar qəbul etdiklərini deyib. Rasmussen xüsusi olaraq Polşa, Rumınıya və Baltikyanı ölkələrdə qırıcıların patrul xidmətinin genişləndirildiyini və müxtəlif hərbi təlimlərə hazırlaşdığını ifadə edib.
İttifaqın başqa bir yüksək vəzifəli diplomatı Şərqi Avropa, ilk növbədə Baltikyanı ölkələrinin ərazisində NATO-nun daimi bazalarının yaradılmasını istisna etməyib. "1990-cı illərdə Şərqi Avropadakı müttəfiqlərimizin ərazisində NATO bazalarının yerləşdirilməməsi barədə öhdəlik götürdük. Bir halda ki, Rusiya NATO ilə əməkdaşlığın əsas sənədlərində əks olunan öhdəliklərə riayət etmir, biz şəxsi məhdudiyyətləri yenidən gözdən keçirə bilərik", - NATO səlahiyyətlisi bildirib.
Lakin Şərqi Avropada NATO-nun daimi hərbi bazalarının yerləşdirilməsi fikrinə ehtiyatla yanaşanlar da var. Norveç xarici işlər naziri Berq Markanın fikrincə, Baltikyanı ölkələrin ərazisində NATO-nun daimi bazaların yaradılması əlavə gərginliyə gətirib çıxara bilər: "Vəziyyət çox ciddidir, amma bizə əlavə gərginliyin yaradılması, təzyiqin artırılması lazım deyil". O, həmçinin Krım işğalının "Soyuq müharibə" dövründən sonra Şərq və Qərb arasında ən ciddi böhranı yaratdığını bildirib.
Norveçli nazir vəziyyəti daha da gərginləşdirməyin əleyhinə olsa da, NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısında səslənən əksər fikirlər bu yöndə idi ki, Rusiya ilə münasibətlərin bütün komplekslərinin yenidən nəzərdən keçirilməsinə ehtiyac var. NATO baş katibi də bildirib ki, ittifaq sanki heç nə olmamış kimi Rusiya ilə münasibətləri davam etdirməyə hazırlaşmır.
Alyansın Avropadakı Birləşmiş qüvvələrinin komandanı, amerikalı general Filip Bridlav bildirib ki, NATO Rusiya qoşunlarının Ukrayna ilə sərhəd boyu yüksək konsentrasiyasını müşahidə edir.
"Rusiyanın cəmləşdirdiyi qüvvələr Ukraynadan girib Dnestryanı bölgəyə qədər irəliləməyə kifayətdir" - deyə general qeyd edib.
Bridlav əlavə edib ki, Rusiyanın Ukraynanın şərq sərhədlərində cəmləşdirdiyi qüvvələr say çoxluğuna və olduqca yüksək döyüş hazırlığına görə fərqlənir. Onun sözlərinə görə, əgər Rusiya rəhbərliyi qərar versə həmin qüvvələr "heç bir maneəyə rast gəlmədən" Dnestryanı bölgəyə qədər "marş-brosok" həyata keçirə bilər. "Bu, NATO-da ciddi narahatlıq yaradır" deyə general bildirib.
Digər tərfdən HATO mətbuat xidməti məlumat yayıb ki, alyans Ukraynanı dəstəkləyir, amma Ruisya ilə vuruşmayacaq: "Əgər Ukraynan rəhbərliyi istəsə, Şimali Atlantika alyansı Ukraynaya ordu yeritməyə hazırdır" sualına NATO mətbuat xidməti, "Ukraynadakı böhranın qeyri-hərbi yolla həllində israrlıyıq" cavabını verib.
Alyans aydın şəkildə başa saldı ki, indiki böhran hərbi yolla həll edilməməlidir. Biz Rusiyanı Ukrayna hakimiyyəti ilə birbaşa dialoqa çıxmaq üçün özünün beynəlxalq vəzifələrini yerinə yetirməyə, dialoq yoluna qayıtmağa və siyasi həll tapmağa çağırırıq.
O da bildirilir ki, NATO Ukraynanın suverenliyini və sərhədlərini dəstəkləyir lakin, hətta Ukrayna hökumətinin xahişi ilə belə Ukraynanı qorumaq üçün bu ölkəyə qoşun yeritmək niyyətində deyil.
Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov isə "Şuster Live" televiziya proqramında çıxışında deyib ki, Əfqanıstan sovet rejiminin çökməsinə səbəb olduğu kimi, Krım da Putin rejiminin çökməsinə gətirib çıxaracaq.
"Krım Rusiya hərbçilərinin istirahət yarımadası olmayacaq. Bu, hazırda beynəlxalq təcridlə üzləşmiş Rusiya üçün dəhşətli problemə çevriləcək", - deyə o, söyləyib.
A.Turçinov yaxın vaxtlarda Ukraynanın Rusiyanın Krımı işğal etməsi nəticəsində məruz qaldığı milyardlarla dolların kompensasiyası üçün beynəlxalq məhkəmələrdə iddialar qaldıracağını açıqlayıb. O, rusiyalı hərbçilərin Krımda ələ keçirdiyi ilk müəssisələrdən birinin "Çernomornefteqaz" olduğunu xatırladaraq Ukraynaya qarşı həm də iqtisadi müharibə aparıldığını qeyd edib: "Rusiya müstəqil, suveren dövlətə qarşı törətdiyi təxribatlara görə üçqat artıq qiymət ödəməli olacaq".
A.Turçinov Ukraynanın NATO-ya üzvlüyünü istisna etməyib və Rusiyanın Ukraynanı bu bloka doğru itələdiyini də vurğulayıb: "Rusiya Ukraynanın NATO-ya üzv olacağından çox qorxur. Bu, onların fobiyalarından biridir. Məhz Rusiya Federasiyası öz təcavüzü, öz fəaliyyəti, qoşunlarını Ukrayna sərhədlərinə yığması ilə Ukraynanı inadla NATO-ya doğru itələyir".
A.Turçinov Rusiyanın bu istiqamətdə fəaliyyətini davam etdirəcəyi təqdirdə, Ukraynanın NATO-ya daxil olacağını istisna etmir. O, Rusiyanın aqressiyasından sonra Ukraynada ölkənin NATO-ya üzvlüyünü dəstəkləyən insanların sayının artdığını qeyd edib.