
Britaniya mətbuatı rəsmi Londonun Avropa İttifaqı "oyu"nundan yazıb
Cavid
"The İndependent" qəzetində redaktor müavini Sean O`Grady yazır ki, "biz Brexitə səs versək də, o sonunda baş tutmaya bilər". "Şəxsən mən Brexitə səs vermişəm, lakin səbəblərə baxanda, inkaredilməzdir ki, biz sonunda Avropa İttifaqında qalacağıq" – yazır jurnalist. Sean O`Grady yazır ki, hətta onun kimi nikbin bir brexitçi üçün də son günlər çox ağır olub.
Onun fikrincə, bəzi fundamental həqiqətlərin üzə çıxması Avropa İttifaqından ayrılmaq istəyənlərin peşmançılığına səbəb olub. Məqalədə deyilir ki, "qeyri-müəyyənlik" artıq real iqtisadiyyata zərbə vurur. Müəllif izah edir ki, bu qeyri-müəyyənlik az sonra mücərrəd anlayış olmaqdan çıxıb maliyyə bazarlarına, valyuta məzənnəsinə, iş yerlərinin sayına, əmanətlərə və hər şeydən əvvəl ev qiymətlərinə təsir etməyə başlayacaq.
Jurnalist yazır ki, məhz bu səbəbdən də o, son məqamda Brexitin həyata keçməyəcəyini düşünür. "Çünki əksər səs verənlər uzaq perspektivin bəhrələrinə görə yaxın çətinliklərdən keçməyi qəbul etməyəcəklər" – yazır redaktor müavini. "İstəyirsiniz bunu maliyyəçilərin şantajı adlandırın, amma...Brexitin baş tutmaması üçün məntiqi səbəblər bunlardır" – yazır müəllif:
Peşmançılıq böyük, rəqəmlər kiçikdir...
Məqalədə deyilir ki, Avropa İttifaqından çıxmaq istəyənlər bu referendumu cüzi səs çoxluğu ilə udublar. Bir çox ölkələrin konstitusiyalarında belə mühüm referendumlarda səslərin üçdə ikisi məqbul sayılır. Jurnalist xatırladır ki, 1970-ci illərdə baş nazir Ted Heath ölkəni referendumsuz Avropa İttifaqına yazdıranda, "xalqın tam iradəsi ilə" ifadəsini işlətmişdi. Amma bu ifadə nə o vaxt həqiqət idi, nə də indi həqiqətdir. Məqalədə deyilir ki, Brexit öz bəhrəsini dərhal yox, illər sonrası verə bilər, lakin maraqlısı buna gənclərin yox, yaşlıların səs verməsidir.
Qərarı səs verənlər verməyəcəklər
Sean O`Grady yazır ki, "biz parlamentin müstəqil olduğu demokratiyada yaşayırıq". Bu isə o deməkdir ki, "xalıqn iradəsini" yalnız parlament təsdiqləyə bilər. Müəllifin fikrincə parlamenti referendumu sadəcə saya almamağa çağıran millət vəkili David Lammy düz demir, amma parlament hər halda bundan sonra nə etmək lazım olduğunu müəyyən edir. Nə edə bilərik?
Avropa İttifaqının itirəcəyi çox şeylər var
Sean O`Grady yazır ki, David Kameronun postunu tutacaq hər kimdirsə, ölkənin Aİ-dən çıxmasını rəsmiləşdirən 50-ci maddəni aktivləşdirməyə tələsməyəcək. "Çünki bu, bizi Avropa İttifaqından çıxaran eskalator olardı" – yazır jurnalist. Yeni baş nazir çox güman ki, Brüsselə üz tutub dil tapmağa çalışacaq.
Məqalədə deyilir ki, əgər Avropa liderlərində Angela Merkel kimi zəka varsa, onlar Brexitin yoluxucu olduğunu başa düşəcəklər. Məhz buna görə də Britaniyaya və geniş mənada Avropa boyunca Avroskeptik hərəkata insanların miqrasiya barədə narahatlığını rahatlayan nə isə vəd ediləcək. Ola bilsin, miqrasiyaya müəyyən tormozların qoyulması.
Müəllifin fikrincə, David Kameron artıq ikinci referenduma əl yeri qoyub. Bu referendumun sualı "Brexit, yoxsa Yeni saziş" olacaq. Bu təkliflə artıq baş nazirliyə namizədlərdən biri, mühafizəkar Jeremy Hunt çıxış edir. "Şübhə edirəm ki, UKİP bu referendumda fəal oyunçu ola bilsin" – yazır jurnalist.
Boris də daxil heç bir Tory Aİ-dən çıxmaq istəmir
Jurnalistin fikrincə, Kameronun yerinə kimin gəlməsindən asılı olmayaraq həmin adam Britaniyada Avropa İttifaqı məsələsini həll etmiş şəxs kimi tanınmaq istəyəcək. Məsələn namizədlərdən biri - Theresa May, ümumiyyətlə ötən referendumda "qalmağa" səs verib. Sean O`Grady yadına Boris Johnsonun mart ayında dərc olunmuş məqaləsini salır. Həmin məqalədə Johnson yazırdı ki, Avropa İttifaqının tarixi onun yalnız "Yox" deyənlərə qulaq asdığını göstərir. Müəllif inanır ki, Aİ təsisatlarını idarə edən müxtəlif vəzifəlilər tez-tez tənqid olunsalar da, ümumən çox ağıllı adamlardır.
Onlar sadəcə olaraq Avropanın hansı struktur üzərində qurulmalı olduğu barədə fərqli fikirlərə malikdirlər. "Borisin bəzi Tory həmkarları onun kampaniya vaxtı dediklərinə özünün də inanmadığını bildirirlər", - yazır müəllif: "Onlar bilirlər ki, bütün bu kampaniya onun şəxsi ambisiyaları üçün platforma olub".
Məqalədə deyilir ki, Boris Johnson artıq indidən vahid bazar haqqında həlləm-qəlləm şeylər danışır. Deməli gözləmək olar ki, qarşıdan gələn 6 ayda o, öz mövqeyini 180 dərəcə dəyişə bilər. "Onun buna əsl Churchillsayağı üslubda utanmazlığı, ambisiya və həyasızlığı çatar" – yazır jurnalist.
Parlament seçkisi hər şeyi dəyişəcək
Sean O`Grady yazır ki, növbəti seçkidə leyboristlər, ola bilsin SNP və ya libdemlərlə bir yerdə qalib gəlsələr, Avropa İttifaqına ayrılmaq üçün müraciət etməyəcək, əksinə Brüsseldə sövdələşmələrə başlayacaqlar. Bu da ola bilər ki, leyboristlər seçkidən dərhal sonra, isti-isti ikinci referendum üçün mandata malik olduqlarını bəyan etsinlər və bu zaman həmin referendumda "qalmaq" istəyənlərin düşərgəsi kiçik hesabla qalib gələcək.
Sean O`Grady inanır ki, indi ikinci bir referendumun keçirilməsi üçün daha bir referendum keçirilməsi adamların ürəyindən olardı. Elə parlament də hazırda bu qənaətdədir. Çünki ortalıqda həm də Şotlandiya və Şimali İrlandiya ilə ixtilaf perspektivi var. "Xalq bir də fikriləşmək istəyir və siyasətçilər belə bir imkanı ona verməlidirlər" – yazır Sean O`Grady.
Referendumdan sonra irqçi hücumlar
"The Guardian" yazır ki, Britaniyanın əsas dini icmaları referendumun ardınca baş qaldırmış ksenofobiya, iqrçilik və etnik dözümsüzlük hallarına qarşı mübarizə üçün həmrəylik elan ediblər. Anqlikan Kilsəsinin arxiyepiskopu, Westminster katolik kilsəsinin arxiyepiskopu, baş yəhudi ravvini və baş imamlar bölücülüyə və nifrət qızışdırlmasına qarşı çıxış ediblər.
Brüsseldə BMT İnsan Haqları komissarı deyib ki, Britaniyada azlıq icmaları və xaricilərə hücumlardan ciddi narahatdır. "The Guardian" yazır ki, polis referendumdan keçən dörd gün ərzində nifrət zəminli cinayətlərin 57 faiz artdığını bildirib. Məqalədə deyilir ki, referendum kampaniyasında mühacirət əsas müzakirə mövzularından biri idi. İngiltərə Kilsəsinin lideri Justin Welby deyib ki, "şər adamları" referendumun nəticəsindən öz nifrətlərinin ifadəsi üçün sui-istifadə edirlər.
O deyib ki, hər bir demokratiyanın imtiyazı səsvermə, kampaniya aparmaq və müzakirə etməkdirsə, nifrət və bölücülük yaymaq demokratiya sayıla bilməz. İngiltərə Kilsəsinin başçısı bu çıxışı London müsəlmanlarının Ramazan iftarında iştirakı zamanı edib. Bu iftar məclisinə ravvin Ephraim Mirvis və London meri Sadiq Xan da qatılmışdılar.
Polyaklara hücumlar
Justin Welby deyib ki, zorakılıq və nifrət aktları törədən "şər adamları" həmişə belə olublar və o, buna görə də Avropa İttifaqından çıxmaq kampaniyaçılarını qınamır. Welby xüsusilə də Qərbi Londondakı Polyak Mədəniyyət Mərkəzinin binasına qarşı vandallıq aktını pisləyib. O Britaniyanın onilliklər ərzində dostu və müttədfiqi olmuş bir ölkənin vətəndaşlarına qarşı həqarəti pisləyib.
Westminster kardınalı, habelə İngiltərə və Uels Katolik Kilsələrinin başçısı Vincent Nichols da Polşa Mədəniyyət Mərlkəzinə hücumu pisləyib. O siyasətçiləri belə bir çətin vaxtda hər bir vətəndaşla ayrıca danışmağa çağırıb.
Leeds şəhərinin imamı deyib ki...
Leeds şəhərinin imamı Qari Asim deyib kiI, referendum kampaniyasının hər iki tərəfi bir-birlərinə qarşı anlaşma göstərməyə borcludurlar. İmam belə hadisələrin ifrat sağçıların yüksəlişinə rəvac verməsindən narahatlıq ifadə edib. O həmçinin irqçi hücumlarla bağlı "Avropadan çıxmaq" kampaniyasının liderlərindən keç kimin bəyanatla çıxış etməməsini pisləyib. O deyib ki, burada doğulmuş mühacirlərin üçüncü nəslinə aid insanları küçədə saxlayıb "öz vətəninə nə vaxt qayıdırsan" deyə soruşurlar. İmam bütün neqativ hallar barədə polisə məlumat verməyə çağırıb.
Leicester imamı İbrahim Moqra referendumun nəticəsi ilə barışmağa və ölkənin həmrəyliyini qorumağa çağırıb. Şərqi London məscidində şeyx Əbdül Qəyyum irqi və dini hisslərlə oynayan siyasətçiləri qətiyyətlə pisləyib. Britaniya Yəhudi Nümayəndələrinin Şurası dini və irqçi hücumlar qarşısında sakit dayanmamağa çağırıb.
Nənəsi əcnəbidir deyə
"The Guardian" yazır ki, Britaniya referendumunun ardınca sosial mediada da nifrət duyğularının güclənməsi barədə məlumatlar vardır. Chelmsford yepiskopu Lordlar Palatasına bildirib ki, bir məktəb direktoru ona uşaqların qorxudan məktəbə gəlmədiklərini deyib. Karen adlı bir alman qadın 1973-cü ildən Britaniyada yaşasa da, onun qapısına it nəcisi atıblar.
"Mən üç gündür ki, qorxudan evimdən çıxa bilmirəm", - deyib qadın LBC radiosuna: "Qonşularım mənə deyirlər ki, bu küçədə yaşamağımı istəmirlər. Dostumun nəvəsini ona görə döyüblər ki, nənəsi əcnəbidir". Manchester şəhərinin polisi bildirib ki, irqçi cinayətlərlə bağlı artıq həbslər həyata keçirilib.
Polis Tvitterdə belə cinayətlər barədə informasiyanın verilməsi üçün xüsusi sənəd hazırlayıb. Amnesty İnternational referendumdan sonra baş verən irqçi hücumların və insidentlərin sənədləşdirilməsinə başlayıb.