Türkiyə Suriyaya niyə girdi? Dünya

Türkiyə Suriyaya niyə girdi?

"İŞİD-lə mübarizə Ankaranın kürd terrorçuluğuyla savaşına bərabərdir"

Türkiyənin Suriya ilə sərhədindəki Cerablus şəhərini tutması dünya mediasının aparıcı mövzusudur. Çərşənbə günü Türkiyənin dəstəklədiyi üsyançılar şəhərə girib, onun "İslam Dövləti" (İŞİD) yaraqlılarından təmizləndiyi elan olunub. Əslində Türkiyə Suriya ərazisində kürdlərin Suriya Demokratik Qüvvələrinin irəliləməsindən narahat idi. Kürdlərin YPG qruplaşmasının da daxil olduğu bu koalisiyanın Mənbic şəhərini tutması artıq "qırmızı xətt"in keçilməsiydi.
Türkiyə prezidenti Recep Tayyip Ərdoğanın sözçüsü İbrahim Kalın deyib ki, İŞİD-lə mübarizə Ankaranın kürd terrorçuluğuyla savaşına bərabərdir. "Cerablus əməliyyatının məqsədi İŞİD və YPG daxil, bütün terrorçu elementləri təmizləməkdir. Türkiyə bunda qətiyyətli mövqe tutub". YPG komandirlərindən olan Aldar Xelil isə Türkiyənin əməliyyatının Suriyanın suverenliyini pozduğunu vurğulayıb.
"The Washington Post" qəzetində Ishaan Tharoor Türkiyə sərhədlərindən Suriyanın Hələb şəhərinə uzanan şimal dəhlizinin qorunmalı olduğunu deyir. Həmin dəhliz Ankaranın dəstəklədiyi üsyançı qruplara lazımdır. Bu fraksiyalardan bəziləri həm İŞİD, həm də YPG ilə savaşır. İndi Türkiyə həmin ərazidə qaçqınlar və humanitar yardım məqsədilə "təhlükəsiz zona" yaradılması ideyasını yenidən gündəmə gətirə bilər.
Üstəlik, Türkiyənin müdaxiləsi Suriya kürdlərinin ölkənin şimalında yarımmuxtar region yaratmaq planlarına böyük zərbə vurmuş olur. Eləcə də SDF və YPG-nin İŞİD-in faktiki paytaxtı olan Raqqaya irəliləməsini əngəlləyir. "Həm də Türkiyənin Suriya prezidenti Əsəd rejiminə qarşı getdikcə yumşaq mövqe tutduğunu göstərir. Axı rejim qüvvələri ötən həftə Əl-Hasaka şəhərində YPG birləşmələrinə məğlub olublar. Ankara deyir ki, hücumla bağlı Dəməşqi bilgiləndiribmiş", - müəllif yazır.
İndi Mənbic şəhərində nə baş verəcəyi çox vacibdir. Suriyalı təhlilçi Hassan hesab edir ki, əsasən ərəblərin yaşadığı bu şəhər Suriyada gələcək barışıq və birlikdən ötrü sınaq meydanına çevrilə bilər. "Mənbic İŞİD-in əsas iqamətgahı idi və indi bu şəhərdə yüz minlərlə qaçqın yerləşdirilə bilər. Onlar Hələbdə rejimin zorakılığından, eləcə də Suriyanın şərqində İŞİD zülmündən qaçıb canlarını qurtaranlardır. Mənbic yaxşı idarəçilik qalasına çevrilsə, bir uğur hekayəti yarada bilər. Əhəmiyyətinə görə, bu şəhərin sabitliyi və qazanacağı uğur çox böyük məsafəyə yayıla bilər", - təhlilçi deyir.
"Foreign Policy" dərgisində Faysal Itani "Türkiyə Suriyaya niyə girdi?" sualına cavab axtarır. Müəllif yazır ki, Türkiyənin Suriyaya girməsi ABŞ-Türkiyə əməkdaşlığında yeni dönəm başlatmış olur. Ankaranın Suriya müharibəsindəki motivləri Vaşinqtonla üst-üstə düşmür, üstəlik, ABŞ-ın İŞİD-ə qarşı müttəfiqi PYD-nın maraqlarına ziddir. Amma istənilən halda, təhlildə vurğulanır ki, çərşənbə günü baş verənlər ABŞ-ın İŞİD-lə müharibəsində yaxşı dəyişiklik deməkdir.
"Vaşinqton Türkiyənin dəstəklədiyi üsyançı qruplarla əməkdaşlığa tərəddüd edirdi, bunun Bəşər Əsəd rejimiylə müharibəyə çevriləcəyindən qorxurdu. Bu səbəbdən, Birləşmiş Ştatlar PYD-dan ciddi şəkildə asılı qalıb. Birləşmiş Ştatlara İŞİD-ə qarşı müharibədə nəticə ortaya qoyacaq müttəfiq gərəkdir. Türkiyə həm Əsəd rejimini məğlub etməyə, həm də PYD-nin qarısını kəsməyə çalışırdı, amma heç biri mümkün deyildi. Ankara indi anlayırsa ki, İŞİD-ə qarşı mərkəzi rol oynamaqla Suriyanın şimalındakı ərəb tərəfdaşlarını cəsarətləndirə, kürdlərin qarşısını kəsə bilərlər, onda dəyişiklik yaranar".
Məqalədə vurğulanır ki, Cerablus əməliyyatı Türkiyənin strateji adaptasiyasının, PYD-nın sərhədləri aşmasının və ABŞ-ın əməliyyatları genişləndirmək həvəsinin kulminasiyasıdır. "Türkiyə bu şəhəri üsyançılara verəcək. İŞİD-in əks-hücumlarına qarşı burda əsgər də saxlaya bilər. Türkiyə və müttəfiqləri Cerablusu əllərində saxlamağı bacarsalar, bura Türkiyənin anti-İŞİD bufer zonasını genişləndirməsindən ötrü tramplinə çevrilə bilər. Eləcə də Türkiyə ilə ABŞ-ın dəstəklədiyi Suriya üsyançıları arasında yeni tərəfdaşlıq möhkəmlənmiş olar", - müəllif yazır.