Türkiyədə kürdlərlə gərginlik artır Dünya

Türkiyədə kürdlərlə gərginlik artır

Təmizləmə əməliyyatı kürdləri qıcıqlandırıb

Türkiyədə çevriliş cəhdindən sonrakı təmizləmə əməliyyatı kürdlərlə gərginliyin artmasına səbəb olub. Hər halda, sülh danışıqlarına cəhd görünmür. "The Wall Street Journal" belə yazır. Türkiyənin Təhsil Nazirliyi sentyabr ayı ərzində 11 min 285 müəllimi kürd separatçılarını dəstəkləməkdə günahlandıraraq işdən çıxarıb. 24 seçilmiş bələdiyyə rəisi də Kürd Fəhlə Partiyasına (PKK) yardımda ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılıb. Prezident Rəcəp Tayyip Ərdoğan bunların kürd terror qruplarına qarşı əməliyyatın bir hissəsi olduğunu deyib. Amma həm Qərbdəki müttəfiqləri, həm də Türkiyənin daxilindəkilər bu siyasətin etnik münaqişəni qızışdıracağından narahatdırlar.
Vətəndaş müharibəsi hədəsi
"The Wall Street Journal" yazır ki, iyulun 15-də Türkiyədə çevriliş cəhdindən sonra kürd mənşəli deputatlar digərləriylə həmrəyliklərini bildirmiş, demokratiyanı müdafiə qətnaməsinin qəbulu zamanı parlamentin növbədənkənar iclasına qatılmışdılar: "Amma Ərdoğan müxalif partiyalarla münasibətlərini yaxşılaşdırdığı halda, kürdlərə məhəl qoymadı, sülh danışıqlarını isə rədd etdi".
Qəzet müxalifətdən olan deputatların prezidenti təhqir etməkdə günahlandırılaraq məhkəməyə çəkildiyi halda, Xalqların Demokratik Partiyasından (HDP) deputatların terror ittihamlarıyla üzləşdiyini vurğulayır. Baş nazir Binəli Yıldırım bu yaxında HDP-nin PKK ilə əməkdaşlıq etdiyini deyib. Amma HDP ittihamları rədd edir, kürd silahlılarının hücumlarını dəfələrlə pislədiyini bildirir. Partiyanın həmsədri Figen Yüksekdağ isə HDP-nin təqibinin vətəndaş müharibəsinə səbəb ola biləcəyini deyib.
"The Wall Street Journal" yazır ki, 2 il davam edən atəşkəs 2015-ci ildə pozuldu və o vaxtdan bu yana Türkiyədə kürd silahlılar ilə toqquşmalarda ölənlərin sayı 2 mini keçib. Ölkənin cənub-şərqində – kürdlər yaşayan bölgələrdə hücumlar və terror əleyhinə əməliyyatlar 350 minədək adamı evindən-eşiyindən didərgin salıb.
Kürd mənşəli siyasətçilər və Diyarbəkir (kürdlərin yaşadığı bölgənin mərkəzi) sakinləri hesab edirlər ki, hökumət gərginliyi bilərəkdən artırır. Bəzilərinin fikrincə, Ərdoğan 1999-cu ildən həbsdə olan PKK lideri Abdullah Öcalanla danışıqlara gedərsə, münaqişəyə son qoya bilər. Sentyabrda son iki ildə ilk dəfə olaraq Öcalanın ailəsiylə görüşünə icazə verilib. Görüşdən sonra qardaşı Öcalan adından ismarış göndərərək, hökuməti sülh danışıqlarının bərpasına çağırıb. Hökumət danışıqlara cavab verməyib. Sadəcə, sentyabrda Diyarbəkirə səfəri zamanı Binəli Yıldırım sülh danışıqlarının bərpası ehtimalını rədd edib.
Danışıqlar kimlərlə aparılacaq?
"The Wall Street Journal" yazır ki, Rəcəp Tayyip Ərdoğan baş nazir olanda, HDP-dən kürdlərlə atəşkəs danışıqlarında vasitəçi kimi istifadə edirdi. Hazırda HDP Ərdoğanın ofisi ilə rəsmi kontaktı olmadığını bildirir. Müəllifin fikrincə, Türkiyənin Suriyada "İslam Dövləti" qruplaşmasıyla (İŞİD) mübarizəsi, kürdlərin qarşısını almağa çalışması da vəziyyəti qarışdırır. Türkiyə Suriyadakı kürdlərin PKK ilə birləşərək qiyama səbəb ola biləcəyindən narahatdır. Əslində, "Suriyada baş verənləri nəzərə almadan nə Türkiyə, nə də PKK-nın addım atması mümkündür", - bunu İstanbulda Sabancı Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Fuat Keyman deyib. O bildirib ki, hökumət danışıqlar barədə fikrini dəyişsə belə, kiminlə danışacağı sual altındadır.