ABŞ seçkisinin əsl proqnozunu sorğular yox, pul verir Dünya

ABŞ seçkisinin əsl proqnozunu sorğular yox,  pul verir

"The İndependent" qəzetində Bryan Kranston yazır ki, ABŞ-da bir çox seçicilər seçkidə kimin qalib gələcəyini bilmək üçün rəy sorğularını izləyirlər. Lakin müəllif bildirir ki, son 10 il ərzində rəy sorğuları seçki nəticələrini doğru müəyyən edə bilməyib. Kranston yada salır ki, 2012-ci ilin prezident seçkisi ərəfəsində Gallup və Rasmussen kimi mötəbər sorğu şirkətləri qələbə proqnozunu Mitt Romneyə vermişdilər, lakin seçkini Barack Obama uddu.
Kranstonun fikrincə, seçki nəticələrini proqnozlaşdırmağın bir köhnə və etibarlı üsulu var: sadəcə olaraq pulu izləmək lazımdır. Məqalədə deyilir ki, sentyabrın 21-ə olan məlumata görə, Klintonun seçki kampaniyası 516 milyon dollar toplayıb. Bura onun partiyasının səfərbər etdiyi donorlardan alınan (bu pulu super PAC də adlandırırlar) pullar da daxildir. Lakin Trumpın partiya dəstəyi ilə topladığı pul 40 milyon dollar təşkil edib.
Müəllif yazır ki, seçkinin nəticəsini müəyyən etmək üçün fondtoplama düzgün göstərici sayılmaya da bilər. Məsələn, Trumpın Klinton qədər pul toplamasına ehtiyacı yoxdur. O bir bəyanat verən kimi bütün mətbuat bundan yazır və beləliklə Trumpı pulsuz olaraq reklam edirlər. Bu mənada Trumpa baxanda Hillari Klinton elə də maraqlı obraz deyil.
Lakin proqnoz üçün ən yaxşısı partiyanın öz namizədi üçün topladığı pul deyil. Məsələn, 2012-ci ildə respublikaçıların Mitt Roimney üçün topladıqları vəsait demokratların Obamaya yığdıqları puldan çox idi. İndiki seçkidə hər iki partiyadan namizədlərçün gələn pullar azalıb. Lakin respublikaçılardan gələn pullar 2012-ci ildən bu yana 95 fazi azalıb!
Bloomberg-in veriyi məlumata görə dörd əsas super-PAC bu kampaniyada Klintona 158 milyon dollar, Trumpa isə cəmi 16 milyon dollar verib. "Bəs respublikaçıların donorları harda qalıblar?" - deyə sual edir müəllif. Məqalədə bu xüsusda sadə bir müqayisə aparılır. Məsələn, 2012-ci ildə Las Vegas milyarderi Sheldon Adelson Obamanı uduzdurmaq üçün 150 milyon dollar vermişdi, amma bu seçkidə həmin Adelson Trumpa cəmi 500 min dollar verib.
"The İndependent" yazır ki, adamlar pullarını adətən dəstəklədikləri namizədin qələbəsi üçün ianə edirlər. Belə çıxır ki, 2016-cı ildə respublikaçıların donorları Trumpın qələbə qazana biləcəyinə inanmırlar. Bu da qeyd olunur ki, Trump öz kampaniyasına öz pulundan 50 milyon dollar xərcləyib, amma bu, nə puldur ki? 1992-ci ildə Texas milyarderi öz kampaniyasına 60 milyon xərcləyib yarışda yalnız üçüncü ola bilmişdi.
"The İndependent" yazır ki, pullardan yalnız fondtoplama üçün istifadə olunmur. Kampaniyaçılara maaşlar da bu pullardan verilir. Hazırda xanım Klintonun maaşlı kampaniyaçılarının sayı Trumpın kampaniyaçılarından üç dəfə çoxdur. Müəllif qeyd edir ki, ən yaxşı proqnozu seçici dəstəyi yox, pul verir. Pul məsələsində isə Trumpın işləri o qədər də yaxşı deyil.