“Qardaş Türkiyə ilə əlaqələrin daha da dərinləşməsi önəmlidir” Dünya

“Qardaş Türkiyə ilə əlaqələrin daha da dərinləşməsi önəmlidir”

Emin Həsənli: "İstəyirik ki, region ölkələrinin QHT-lərini dünyada işğala, terrora və soyqırıma qarşı bir platformada birləşdirək"

Bu günlərdə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli və Azərbaycan Aydınlar Ocağının sədri Vüqar Qədirli qardaş Türkiyə Cümhuriyyətində səfərdə olub.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli açıqlamasında bildirib ki, səfər Türkiyə Aydınlar Ocaqlarının 44-cü toplantısı və ən əsası Türkiyə Cümhuriyyət bayramının 93-cü ildönümü ərəfəsinə təsadüf edib. Konfransın Sivasda baş tutmasını vurğulayan natiq deyib: "Bildiyiniz kimi, konfransın Sivasda keçirilməsinin tarixi əhəmiyyəti var. Atatürkün iştirakı ilə keçirilən tarixi Sivas konfransı Cümhuriyyətin ideyalarının və istiqlal savaşının əsasını qoydu . Konfransda Türkiyədə demokratiyanın, o cümlədən Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasını müdafiəsi baxımından çox əhəmiyyətli müzakirələr aparıldı".
Konfrans başa çatdıqdan sonra çox dəyərli insanlarla görüşlərim oldu: "İlk görüşüm Türkiyə Əməkli Subaylar Dərnəyinin başqanı ehtiyatda olan general Ərdoğan Karakuşla oldu. Görüş Türkiyə Silahlı Qüvvələrində xidmət etmiş ehtiyatda olan zabitlər ordusunu öz ətrafında toplayan Dərnəyin Ankara şəhərində yerləşən mənzil-qərargahında baş tutdu. Dərnəyin idarə heyətinin üzvlərinin də iştirak etdiyi görüşdə Ərdoğan Karakuşa Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının təsis etdiyi "Səməd bəy Mehmandarov medalı" təqdim olundu. Bundan başqa Türkiyə Müharib Qazilər Dərnəyinin başqanı Şükrü Tandoğan və həmin Dərnəyin İdarə Heyətinin üzvləri ilə də görüşlərimiz oldu. Başqana Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi "Fədai medalı"nı təqdim etdik. Görüşdə Azərbaycanda da qazilərin - İkinci Dünya Müharibəsi, Əfqanıstan, Çernobl hadisəsi, Qarabağ müharibəsi iştirakçılarının çox olması və bunların hamısının bir-birinə bərabər tutulması xüsusi qeyd edildi. Görüş zamanı 20 yanvar, Qarabağ müharibəsi iştirakçılarına Ulu Öndər tərəfindən avtomobillərin, mənzillərin verilməsi, dövlətin onlara xüsusi diqqət və qayğı göstərməsi vurğulandı. Eyni zamanda o da qeyd edildi ki, cənab İlham Əliyev tərəfindən onlara prezident təqaüdünün verilməsi, onların övladlarının təhsil haqqından azad edilməsi, sağlamlıq və bərpa yönümündə Ulu Öndər tərəfindən aparılan işlər bu gün də davam etdirilir. Müharibə veteranlarına şəhid ailələrinə Qarabağ əlillərinə bizdə xüsusi diqqət və qayğı var. Onların təmsil olunması üçün geniş şərait yaradılıb. Qeyri-hökumət təşkilatlarına göstərilən diqqət, QHT-lərə Dövlət Dəstəyi Şurasının olması, bu istiqamətdə layihələrin maliyyələşdirilməsi dediklərimizin bariz nümunəsidir. Bundan başqa TBMM-nin AKP-dən olan deputatı Nurəddin Araşla görüşümüz oldu və ona Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının təsis etdiyi "Əlağa Şıxlinski medalı" təqdim edildi. Yeri gəlmişkən Anadolu Aydınlar Ocağının sədri İbrahim Öztəklə də görüşümüz oldu. Onu qeyd edim ki, İbrahim Öztək Azərbaycanın haqq işi, Xocalı hadisələri ilə bağlı kitab yazıb. Bu kitablar həm Türkiyədə, həm də Azərbaycanda çap edilib. Eyni zamanda görüş zamanı Azərbaycan idmançılarının uğurundan danışıldı. Sonda İbrahim Öztəkə "Fədai" medalını təqdim etdik" .
Bu görüşlərin hər birində Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişlənməsi, bizim bir millət, iki dövlət kimi dostluğumuz xüsusi qeyd edilib. Görüşlərdə azərbaycanlıların Çanaqqala döyüşlərində Türkiyəyə verdiyi dəstək, türklərin Bakının işğaldan azad edilməsində rolu, Azərbaycan ikinci dəfə müstəqillik qazanan zaman ilk dəfə Türkiyə tərəfindən tanınması və dəstəklənməsi, Azərbaycanın enerji resurslarının Türkiyə üzərindən Avropaya ixracı, iki ölkənin birgə həyata keçirdikləri nəqliyyat dəhlizi layihələri, Azərbaycanda ordu quruculuğunda qardaş Türkiyə zabitlərinin rolu, birgə hərbi təlimlərin keçirilməsi, NATO-nun Sülh Naminə və Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində birgə əməkdaşlıq, Kosova və Əfqanıstanda birgə fəaliyyətə toxunulub.
Natiq bildirib ki, Azərbaycanla Türkiyənin siyasi, iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlıq əlaqələri mövcuddur: "Bu əlaqələr daha da dərinləşməkdədir. Xüsusilə enerji sahəsində iki ölkənin birgə əməkdaşlığı sürətlə inkişaf edir, Avropanın enerji ilə təmin olunması istiqamətində mühüm addımlar atılır, qərarlar qəbul olunur. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TAP, TANAP layihələri, eləcə də bu ilin sonunda açılışı olacaq Bakı-Tbilisi-Qars dəmiryolu böyük əhəmiyyətə malikdir. Sonuncu layihə Pekindən Londona qədər Böyük İpək Yolunun bərpası deməkdir. Bütün bu layihələr həm Türkiyə, həm də Azərbaycanın iqtisadiyyatının inkişafına böyük töhfələr verəcək. Hər iki ölkənin qarşılıqlı investisiya yatırımları daha da artmaqdadır. Eyni zamanda, Türkiyə məhsullarının Azərbaycan üzərindən Şərq ölkələrinə daşınması məsələləri də aktuallığını saxlayır. Görüşlər zamanı həmkarlarımız qürur duydular ki, Azərbaycanın bu cür müasir ordusu var, torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Qardaş Türkiyə ilə əlaqələrin daha da dərinləşməsi önəmlidir. Türkiyə qazilərinin də Azərbaycanın haqq işinə dəstək verməsi, bizimlə birgə mübarizə aparması bizi çox sevindirir. Azərbaycan və Türkiyə QHT-lərinin əlaqələrinin dərinləşməsi hər iki dövlət və millətin mənafelərinə uyğundur. Yeri gəlmişkən, biz düşünürük ki, region ölkələrin qazilərini də bu tədbirlərimizə cəlb edək və gələcəkdə böyük bir platforma yaradaq. İstəyirik ki, region ölkələrinin QHT-lərini dünyada işğala, terrora və soyqırıma qarşı bir platformada birləşdirək. Bildiyiniz kimi yaxın zamanlarda Rusiyanın Ehtiyatda Olan Zabitlər Birliyinin sədri ordu generalı Yermakov Bakıda idi. Səfəri zamanı ehtiyatda olan zabitlərə, Qarabağ müharibəsi iştirakçılarına, Əfqanıstan müharibəsi iştirakçılarına, həmçinin mənə də orden və medal təqdim etdi. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri general Dadaş Rzayevin, Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyevin, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyevin onunla və həmin təşkilatın üzvləri ilə çox sıx əlaqəsi var. Biz istəyirik ki, Rusiyanın, MDB ölkələrinin müharibə veteranları və ehtiyatda olan zabitləri ilə qardaş Türkiyənin, Kiprin, İranın müharibə veteranları və ehtiyatda olan zabitlər birliklərinin və qazilər dərnəklərinin başqanlarının Azərbaycanda böyük bir toplantısını keçirək. Bu yöndə çox böyük işlərimiz gedir və inşallah, yaxın aylarda bunun şahidi olacayıq. Bu da Azərbaycanın haqq işininin bu tip təşkilatlar tərəfindən də müdafiə edilməsi yönündə bir addımdır. Bu addımın atılması ona görə əhəmiyyətlidir ki, həmin təşkilatların insan resursu, həmçinin qəzet sayt və digər imkanlarından istifadə edə biləciyik".