Türkiyə ilə bağlı sensasion plan: Karlovun ölümü... Dünya

Türkiyə ilə bağlı sensasion plan: Karlovun ölümü...

"Açıq-aşkar Rusiya və Türkiyəni qarşı-qarşıya gətirmək istəyirlər". Bunu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi və bu hadisənin Rusiya-Türkiyə-İran xarici işlər nazirlərinin Moskva görüşü ərəfəsinə təsadüf etməsi ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Karlovun ölümünü birbaşa Rusiya-Türkiyə münasibətlərinə qarşı sui-qəsd adlandırıb:
"Bu hadisənin Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli Moskva görüşü ərəfəsinə təsadüf etməsi bölgədə etimadsızlıq mühiti yaratmaq və daha çox Türkiyəyə zərər vurmaq məqsədi daşıyır. Eyni gündə Amerikanın Türkiyədəki səfirliyində sui-qəsd cəhdi isə bu işin arxasında çox böyük bir şəbəkənin durduğunu göstərir. Çünki yalnız Türkiyənin pisliyini istəyən qüvvələr belə xain hərəkətə yol verərdi. Vaxtilə I Dünya müharibəsinin başlamasına səbəb də Avstriya şahzadəsi Frans Ferdinandın öldürülməsi olmuşdu. Açıq-aşkar Rusiya və Türkiyəni qarşı-qarşıya gətirmək istəyirlər".
Politoloq bildirib ki, eyni gündə baş verən üç hadisə - Karlovun ölümü, Amerikanın Türkiyə səfirliyinə hücum cəhdi və Rusiyada daha bir yüksək rütbəli məmurun qətlə yetirilməsi çox uzaqlara gedən nəticələr çıxarmağa əsas verir:
"Görünür, Rusiya və Türkiyə əleyhinə müəyyən qruplaşmalar hərəkətə keçib. Ən maraqlısı isə odur ki, hadisələr baş verən gün BMT-də Rusiyanın Krımdakı insan haqları ilə bağlı məsələ qaldırılıb və qəbul edilib. Bölgədə çox ciddi hadisələr cərəyan edir və bunun bir qismi Rusiyanın özü və yeritdiyi siyasətlə bağlıdır. Rusiyanın Hələbdə qətliama yol verdiyinə dair müddəaları da buraya əlavə ediblər. Artıq bir sıra Qərb dövlətləri bu məsələnin BMT səviyyəsində müzakirəsini istəyir və Rusiyanın Suriyada iri miqyaslı əməliyyat siyasəti həyata keçirdiyini qeyd edirlər. İndi bu məsələnin məhz Ankarada düyünlənməsi və Türkiyəni prosesə cəlb etmək planının iflasa uğraması xəyal qırıqlığına səbəb olub. Bu aksiya bir tərəfdən Rusiya əleyhinə yönəlsə də, digər tərəfdən anti-Türkiyə xarakteri daşıyır".
Q.Hüseynli hazırda məlum hadisədən dolayı bir sıra ölkələrin Türkiyədəki səfirliklərini bağlamasına da münasibət bildirib: "Bəziləri bunu təhlükəsizlik nöqteyi-nəzərindən etsə də, bəzilərinin müəyyən məsələlərdə iz qoymamaq üçün ümumi addımlara qoşulması istisna edilmir".
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə bağlı danışarkən politoloq İlqar Vəlizadə isə deyib ki, Karlovun ölümü göstərir ki, bu işin arxasında nüfuzlu siyasi dairələr durur və onlar vaxt udmağa çalışırlar.
Ekspert hesab edir ki, məlum hadisə Putinin Türkiyəyə səfəri ilə bağlı da ola bilər:
"Çünki Ankara və Moskva arasında danışıqlar intensiv hal alıb. Bu da Putinin Türkiyəyə səfəri ilə bağlıdır. Bu səfər ərəfəsində müxtəlif işlər görülür, sənədlər hazırlanır, hər iki tərəf üçün olduqca əhəmiyyətli fəaliyyət var. Görünür, bəzi qüvvələr Karlovu öldürməklə bu prosesi əngəlləmək istəyirlər. Sözügedən sənədlərdə tərəflərin Suriyada ortaq məxrəcə gəlməsi nəzərdə tutulur. Karlov isə bu prosesdə mühüm bir fiqur idi. Deməli, sui-qəsd təşkilatçıları vaxt udmağa çalışırlar. Bu sui-qəsd ona görə lazım idi ki, Suriyada proseslər çox sürətlə inkişaf edir və Rusiya-Türkiyə yaxınlaşmasının sürətlənməsi buna qarşı çıxan qüvvələrin planlarına böyük zərbə vura bilər. Məhz buna görə də hazırda Ankara və Moskvanı bu cür təxribatlarla əsas məsələlərdən yayındırmağa çalışırlar. İnanmıram ki, bu işin arxasında birbaşa Qərb dayansın. Çünki izlər birbaşa Qərbə aparsa, çox böyük siyasi böhran başlaya bilər. Ancaq bu işin arxasında Qərblə işləyən və Qərbə arxalanan hansısa qüvvələr yer ala bilər. Hətta bunun FETÖ-nun əməli olduğunu da istisna etmirəm. Onların kimə arxalandığı və Amerikadan siyasi dəstək aldıqları aşkardır".
Qeyd edək ki, dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada qətlə yetirilib.