Ağ Ev Trampın kürəkəninin də Rusiya səfiriylə görüşdüyünü etiraf edib Dünya

Ağ Ev Trampın kürəkəninin də Rusiya səfiriylə görüşdüyünü etiraf edib

Ağ Ev prezident Donald Trampın kürəkəni Jared Kuşnerin, keçmiş təhlükəsizlik müşaviri Mixael Flynnin də Rusiya səfiri Sergey Kislyakla görüşdüyünü açıqlayıb. M.Flynnin səfirlə telefon söhbəti ortaya çıxandan sonra o, istefaya getməyə məcbur olmuşdu. Martın 2-də isə ABŞ-ın baş prokuroru Ceff Sessions Rusiyanın seçkilərə müdaxiləsiylə bağlı araşdırmalardan kənar duracağını elan edib. Çünki mətbuat onun da rusiyalı səfirlə görüşdüyünü və bu görüşlərin keçən il – seçki ərəfəsində keçirildiyini aşkara çıxarıb.
"The New York Times", əslində, keçid hökuməti rəsmilərinin hansısa ölkə rəsmisiylə görüşündə bir qəbahət olmadığını qeyd edir. Amma söhbət Rusiyanın seçkilərə müdaxiləsindən getdiyi vaxtda məhz rus səfiriylə telefon danışıqları, görüşlər, həm də bu görüşlərin seçki ərəfəsinə və seçkidən sonraya düşməsi, üstəlik, rəsmilərin dinləmələrdə bu haqda danışmamaları, ya da hər dəfə bir cür danışmaqları ABŞ-da əməlli-başlı səs-küy yaradıb. "The New York Times" qəzeti görüşlərin Rusiyanın seçkiyə müdaxiləsini araşdıran Federal Tədqiqatlar Bürosundan (FBI) ötrü önəmli olduğunu vurğulayır.
Ağ evin sözçüsü Hope Hicks deyib ki, J.Kuşner başqa ölkələrin də təmsilçiləriylə, 20-yə yaxın ölkə lideri və təmsilçisiylə görüşüb. Onun sözlərinə görə, rusiyalı səfirlə toplantıda M.Flynn də olub və gələcək müşavirlər ölkələr arasındakı münasibətləri müzakirə ediblər, ünsiyyət yaratmağa çalışıblar. Halbuki yanvarda M.Flynnin səfir S.Kislyakla əlaqəsi haqda suallara cavab verəndə, Ağ ev onların yalnız telefonla, həm də sanksiyalardan öncə danışdığını bildirmişdi. Sonralar hər şeyin başqa cür olduğu, danışıqların səfir Dövlət Departamentinə çağrılandan, Obama administrasiyası rus diplomatlarını ölkədən qovduğunu bildirəndən dərhal sonra baş tutduğu ortaya çıxdı.
Dövlət Departamentindəki söhbətdən xəbəri olanlar səfir S.Kislyakın sanksiyalara görə qəzəbli olduğunu, Rusiyanın buna cavab verəcəyini dediyini söyləyirlər. Departamenti tərk edəndən sonra isə onun məhz M.Flynnə zəngi qeydə alınıb. Sonrakı 36 saat ərzində isə səfirin hər iki zəngdən birini M.Flynnə etdiyi müəyyən olunub. Kəşfiyyat agentliklərinin əldə etdiyi səs yazıları M.Flynnin rusları sanksiyalara cavab verməməyə çağırdığını, D.Trampın prezidentliyi dövründə münasibətlərin yoluna qoyulacağını dediyini göstərib. Amma sonrakı müsahibələrində müşavir bu haqda doğru-dürüst məlumat vermirdi, elə ona görə də cəmi 3 həftədən sonra vəzifədən getməli oldu.
Ağ evin M.Flynnin, J.Kuşnerin səfirlə görüşü haqda açıqlaması yeni suallar yaradıb. D.Trampa yaxın olanlardan, seçki kampaniyasının təşkilatçılarından daha kimlərin rus rəsmiləriylə görüşdüyü, hansı məsələləri müzakirə etdiyi, bu görüşlərin tez-tezmi, ya təsadüfənmi baş tutması qaranlıq qalır.
Rusiyanın ABŞ-dakı səfiri S.Kislyak keçmiş təhlükəsizlik müşaviri M.Flynnlə 2013-cü ildən tanış olduğunu, seçki kampaniyası zamanı əlaqə saxladıqlarını etiraf edib. "Bütün diplomatlar belə edirlər", – səfir "The Washington Post" qəzetinə müsahibəsində deyib. Amma M.Flynnlə hansı məsələləri müzakirə etdiklərini açıqlamaq istəməyib.
AP agentliyi və "USA Today" qəzeti isə D.Trampın seçki kampaniyası zamanı xarici siyasət məsələləri üzrə müşavir olmuş Carter Pagein, həmçinin milli təhlükəsizlik məsələləri üzrə direktor J.D.Gordonun da "Heritage" fondunda Rusiya səfiriylə görüşdüyünü yazır. J.Sessionsun səfirlə görüşlərindən biri həmin tədbir çərçivəsində olub.

"New York Times" qəzeti onu da yazıb ki, Barak Obama administrasiyası Donald Trampın seçki kampaniyasının Rusiya rəsmiləri ilə əlaqəsinin aşkar edilməsinə çalışıb. Beləliklə administrasiya gələcək araşdırmaları asanlaşdırmaq istəyib.
Qəzet məqaləni hazırkı və sabiq rəsmilərə istinadən yazıb. Məlumatda deyilir ki, Britaniya və Hollandiya da daxil edilməklə ABŞ-ın çoxsaylı müttəfiqi Rusiya rəsmiləri və Trampın yardımçılarının Avropa ölkələrində görüşdüyü bildirib.
Tramp isə qəzetin məlumatını rədd edib. Ağ Evin sözçüsü Şon Spayser deyib ki, məlumat heç bir yeniliyə malik deyil. "Yenilik yalnız Obama adminisrasiyasının seçkilərdəki məğlubiyyətlərinə bəraət qazandırmaq üçün yanlış məlumat yaymasıdır" - qəzet Spayser istinadən yazıb.
Obamanın göstərişi ilə aparılan təhqiqat Rusiya prezidenti Vladimir Putinin ABŞ seçkilərinə müdaxilə etməklə, Trampın qələbə şanslarının artırılmasına sərəncam verdiyini aşkar edib. "New York Times" qəzetinin yazdığına görə, Obama administrasiyası ilkin kəşfiyyat hesabatı hazırlayaraq Konqresə təqdim etməli idi. Prezident Obama özü şəxsən bu təşəbbüsdə iştirak etməyib.